Prokurorun donunun balağı, hakimin dombalağı…

2 aprel mitinqində həbs olunanların məhkəməsi davam edir. Bugünkü məhkəmədə qəribə olaylar baş verirdi. Deməli, məhkəmə başlamamışdan öncə hay düşdü ki, bəs kənara çəkilin, prokuror gəlir. Baxdıq ki, prokuror deyilən bir həngamə balağını alt paltarının lifəsinə salmış vəziyyətdə qarakərə bir maşından düşdü və təşər-təşər məhkəmə binasına girdi. Bir azdan camaata elan olundu ki, bəs, məhkəmədə kim iştirak edəcəksə, içəri keçsinlər. Muxalifətçilər hərəkətə keçərək, “Ya Allah” deyib qoymaharayla içəri keçdilər. Elə təzəcə yerimizi irahlamışdıq ki, məhkəmə fərraşlarından biri … “Qalxın, hakim gəlir” – dedi. Oturacaqlar hakimin səsi kimi bir anlıq çırıldadı, yəni hamı ayağa qalxdı. Hakim də əynindəki ləbbadəsinin ətəyini yellədə-yellədə qaxılıb yerində oturduqdan sonra zalın oturacaqları dübarə çırıldadı. Bu an prokurora söz verildi. O da üç-dörd dəfə boğazını artladı, beş-altı dəfə gəyirdi, yeddi-səkkiz dəfə hüçqırdı, on-onbeş dəfə o…, uzun-uzadı əsnədikdən sonra nəhayət ki, qarnının sancısını açıqladı…
Aman Allah, mən hələ heç bir arvad xeylağlarında bu şüvənniyi görməmişdim. Əvvəlcə əl atıb sifətini, sinəsini çırmaqlayıb qanın tökdü. Sonra uzun-uzadı bir moziyyə oxudu (təxminən Gəncə axundu kimi). Daha sonra əliyevlərin şərlədiyi Arif Hacılıya, Fuad Qəhrəmanlıya, Məhəmməd Məcidliyə və Tural Abbaslıya iş istədi. Tumanının balağını əlinə aldı, İlhamın ağlına və ağzına gələn “srokları” bu bəylərə oxudu. O iş oxuduqca hakim də arabir qalxıb zalın ortasında mayallaq aşırdı. Hər mayallaq aşdıqca da hakimin arxasından qəribə və Yapvari səslər çıxırdı. Bu səslərdən vəcdə gəlib çoşan prokuror birdən hakimə yaxınlaşdı və dedi:
– Bura bax ey, sifarişlər birdən yadından çıxar haaa… Gözümə birtəhər dəyirsən, kişiliyin-zadın tutar, sonra dərini boğazından çıxardallar.
Hakim də hırıldayaraq, ona pıçıldadı:
– Düzü, bir ara könlümdən keçdi ki, əliyevlər sülaləsinin sifarişini rədd eləyib, bircə dəfə haqqı müdafiə etməklə Azərbaycanın məhkəmə tarixinə bir yenilik gətirim və tarixdə qalım. Amma sonradan bu fikrimdən daşındım. Ona görə ki, yaxın keçmiş tarixdə o qədər ədalətsiz hökmlər oxumuşam, o qədər rüşvət almışam, bildim ki, hamısını bircə gündə mənim burnumdan gətirərlər. Bir də ki, ədalət bizlik olsaydı, haqq uğrunda vuruşan bu kişilərə qoşulardıq. Tak şto, yerimizi bilək. Bu gün yalmanırıqsa, sabah biz türməyə düşəndə yerimiz pis baraklar olacaq. Bu şəksiz və şübhəsiz bir aksiyomadır.
Hakimlə prokuror xeyli hoppanıb mayallaq aşdıqdan sonra nəhayət ki, bugünkü məhkəmə sona çatdı. Prokuror yenə də balağını paltarının lifəsinə, hakim isə mayallaq aşa-aşa məhkəmə zalını tərk etdilər. Küçədə dayanan qarakərə maşın yerindən sürətlə start götürəndə prokurorun başı geri, ayaqları da göyə qalxdı. Bu dəmdə prokurorun çantasının arasından bir əski düşdü və külək onu maşının pəncərəsindən vızıldadıb Prezident Administrasiyası tərəfə istiqamətləndirdi.
…Biz məhkəmədən şəhərə tərəf qayıdarkən Prezident Administrasiyasının qənşərində xeyli iribuynuzlu məmurun yığıldığının şahidi olduq. Ən başda qaytanbığ, alçaqboy bir nəfər dayanıb prokurordan gələn əski ilə gözlərinin yaşını silərək deyirdi:
– Ya Rəbbim, sifarişlə hökm oxuyan hakimin də sifarişi verən kəsin də ağzına bu əski olsun.
Qaytanbığın bu solosundan qalanları vəcdə gəlib “…olsun-olsun”, deyirdilər. Çoxlarını tanısam da lap ayaq tərəfdə qırışmal vəziyyətdə duran adamı bərk tanıdım. Bu, o məlun idi ki, özü reket ola-ola hamını reket çıxarır.
Kardinalınıza şükür, ey dəli və səy yığıncağı… Onu da deyim ki, prokuror donlu olsa da özü kişi xaylağıdır…

Mirzə Sakit

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button