Promosyon nədir?

Əvəz Zeynallı

 «Xural» Azərbaycan mətbuatının istiqamətini dəyişir…

 Bu, mənim çoxdankı arzum idi. Lap mətbuata gəldiyim ilk günlərdən bu haqda deyir, danışırdım. Ancaq təbii ki, bunun üçün imkan, şərait, səlahiyyət və ən əsası, Oxucu lazım idi. İllərimizi həftəlik qəzetdə çalışdıq. İmkanlarımız yalnız mövcud olmağa və özümüzü təsdiq etməyə həsr olundu. Bu canavarların arasında yaşamaq elə də asan deyil. O zaman – həftəlikdə promosyona cəhd etdik. Amma qəzet həftədə bir dəfə çıxdığından biz kuponları tutdura bilməzdik. Oxucu çevikdir, sərtdir, amansızdır – O, nazı ilə oynanmağı sevir, nazla oynamaz. Ona görə də bunların hamısını – böyük arzuların həyata vəsiqə qazanmasını indiyə – gündəliyə saxladıq. Və… elə ilk günlərdən promosyona start verdik. Hələ hörmətli Dövlət Mətbuat Şurası və orada cəm olan qırğılar başımızı qatmasaydılar, ilk sayımızdan ən azı 3 kuponla bazara girmək düşüncəmiz vardı. Alınmadı. Olsun. Bir az gec olsun.

İlk kuponlarımız böyük rezonans yaratdı. Hələ də redaksiyaya toplanmış kuponlar daxil olmaqdadır. Bizə hətta ucqar rayonlardan, kəndlərdən kuponlar gəlir zərflərdə və biz Oxucumuza həmin söz verdiyimiz diski göndəririk. Bu, bizə hədsiz zövq verir. Çünki hələ başlamamışdan dartışmalar vardı. Dostlardan bəziləri deyirdilər ki, alınmaz. Amma mən israrlı idim və Oxucumuza əmin idim. Nəticədə biz deyən oldu. Azərbaycanın ən ucqar rayonlarından göndərilən Oxucu kuponları sübut etdi ki, bizim Oxucu promosyonu tez tutacaq. Hazırda ikinci promosyon – Kamal Abdullanın kitablarının hədiyyə kampaniyası gedir və aldığım reaksiyalar göstərir ki, hər şey çox uğurludur.

Promosyon – qəzetin Oxucuya qarşılıqsız hədiyyəsidir. Mən uzun illər Türkiyədə oxumuşam və yaşamışam. Oradan minlərlə kitablar gətirmişəm. O kitabların yüzlərləsi promosyonlardan aldığım kitablardır. Türkiyənin bütün qəzetləri ən müxəlif kitabları promosyon kimi verir. Onlar daha imkanlıdırlar – hər gün bir qəzet alana bir kitab hədiyyə edəni var. Burada məsələ çox sadədir. Qəzet maarifləndirici kimi həm Oxucusunu maarifləndirmək vəzifəsini yerinə yetirir, həm də özünün sabit və etibarlı Oxucu kütləsini formalaşdırır. Oxucu da qazanır. O, həm qəzet oxuyur, həm dünyadan hali olur, həm də maraqlı kitablar əldə edir. Promosyonun çox müxtəlif formaları var – kitab verən var, uşaqlara məktəb ləvazimatları dəsti verən var, film verən var, ütü verən var, var oğlu var… Biz hələ kitablardan başlamışıq. Amma daha fərqli və daha maraqlı hədiyyələr haqqında düşünürəm. İnanıram ki, bu, çox maraqlı olacaq və bizim Oxucularımız çox şey qazanacaq.

Azərbaycan mətbuatında yeni biz iz açılır və çox qısa müddət keçəndən sonra digər qəzetlərimiz də bizi təqib etmək zorunda qalacaqlar. Çünki bunun rəqabəti yoxdur və Oxucu bunu göydə tutdu.

Yenə o fikrimdə qalıram ki, bu ölkədə 100 min tirajlıq qəzet çıxarmaq mümkündür və biz ona iddialıyıq. Və təbii ki, promosyonlar da sadəcə bir kitabla yekunlaşmayacaq, Əziz Oxucu! Çox yazın zamanlarda «Xural»ın təxminən bir səhifəsi təkcə promosyonlara aid olacaq. Hələ yeni başlamışıq, amma tələblər və təkliflər həddindən artıq çoxdur. Artıq kitablarının ilk partiyasını «Xural»ın redaksiyasına göndərən yazıçı-şairlər var ki, bundan yalnız qürur duymaq mümkündür. Biz onların hamısını Oxucularımıza hədiyyə edəcəyik. Digər şair-yazıçılara da müraciət edirik, bizə kitablarınızdan göndərin və onları Oxuculara hədiyyə edik. Təkcə yazıçılarmı? Təbii ki, yox!

Bizim çox, amma çox maraqlı sürprizlərimiz olacaq!

İzləyən görəcək!

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

2 şərh

  1. Geniş kütlə ilə hərtərəfli ünsiyyəti “Xural” qəzetini yaxın həftələrdə, yurdumuzda bir nömrəli qəzetə cevirəcəkdir. Onuda deyim ki, tutduğu həqiqət yolunda başı həmişə qeylüqalda olacaq. Nəinki qəzet, xalqda buna hazır olmalıdır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button