Pul almadığına görə müəlliməni işdən qovdular!

Rahilə İbayeva: «Direktor mənim sinfimi satıb…»

 Sədaqət Əzimova: «Onun bu vaxta qədər əmək müqaviləsi olmayıb…»

 Badamdar qəsəbəsinin 239 saylı məktəbində müəllim işləmiş Rahilə İbayeva ərizə ilə redaksiyamıza müraciət edib. Müəllimə ərizəsində qeyd edir ki, 1995-ci ildən ibtidai sinif rəhbəri kimi fəalliyət göstərdiyi sözügedən məktəbin direktoru Sədaqət Əzimova ona işləməyə imkan vermir. «Naxçıvan Dövlət Pedaqoji Universitetinin Pedaqogika və Metodika” fakültəsinin ibtidai sinif müəllimliyini bitirdiyim halda, Sədaqət Əzimova mənə öz ixtisasım üzrə işləməyə imkan vermir» – deyə müəllimə bildirir.

Rahilə İbayeva məktəb direktorunun ona qarşı münasibətinin pisləşmə səbəbi kimi Müsavat partiyasının üzvü olmasını göstərir: “Sədaqə Əzimova mənimlə neçə ildir ki, ədavət aparır. Bunun səbəbi isə mənim müsavatçı olmağım, onun sözü ilə uşaqlardan pul yığmamağımdır. Artıq neçə illərdir ki, o, mənimlə mübarizə aparır, valideynləri öyrədərək üstümə qaldırır».

 15 ildir işləyən müəllimədən valideynlər bu il narazılıq edib?

 Məktubda yazılanları araşdırmaq niyyəti ilə Badamdar qəsəbəsində yerləşən 239 saylı məktəbə yollandıq. Məktəb direktoru Sədaqət Əzimovla görüşüb məsələyə münasibət bildirməsini xahiş etdik. «Onu valideynlər istəmir» deyən məktəb direktoru «necə ola bilər ki, 15 ildir çalışan müəllimənin fəaliyyətindən indi narazı oldular» sualına belə cavab verdi:

– Rahilə İbayeva 1995-ci ilin oktyabr ayında məktəbə müəllim işləmək üçün gəlib. Həmin vaxt bizim direktor müavini Tamella xanım özünə sinif yığmışdı, ancaq səhhəti ilə bağlı işləyə bilmədiyi üçün həmin sinfi Rahilə müəlliməyə verdik. Rahilə məcburi köçkün olduğuna görə ona yazığımız gəldi. O, bu sinifdə 4 il dərs keçdi. Sonra özü birinci sinif yığdı, onları da dördüncü sinfə qədər çatdırdı. Üçüncü dəfə yığanda isə artıq problemlər yarandı. Valideynlər uşaqlarını həmin müəlliməyə vermək istəmədilər. Onda da biz Rahilə üçün uzadılmış qrup açdıq. Ancaq o, bir müddətdən sonra ağır olduğunu əsas gətirib ərizə yazaraq xahiş etdi ki, musiqi və əmək müəlliməsi kimi işləməyinə şərait yaradaq. İki il də belə işlədi.

Məktəb direktorunun sözlərinə görə, ötən ildən Rahilə müəllimə dərslərə gəlməməyə başlayıb:

– O, dərs vaxtı dəhlizi gəzirdi. Valideynlər də, biz də bunu niyə belə eləməsi ilə maraqlandıq. Dedi ki, sizə heç bir izahat verə bilmərəm. Bilirsiniz ki, məktəbdə gəzmirlər, dərs deyirlər…

Bütün müəllimlərin əmək müqaviləsi olduğunu, yalnız Rahilə müəllimənin müqaviləsiz çalışdığını söyləyən direktor bunu R.İbayevanın özünün istəməməsi ilə izah etdi. «Müqaviləsi olmayan müəllim bu vaxta qədər hansı əsasla işləyib» sualımız isə direktorun xoşuna gəlmədi.

 Qanunda müqaviləsiz işləmək də var?

 – Rahilə də elə əmək müqaviləsi deyirdi. Onun məktəbə gəldiyi ildə işçilərlə əmək müqaviləsi bağlanmırdı. Həm də dəqiq yadımda deyil, amma deyəsən, qanunda var ki, çoxdan işləyən müəllimlərlə əmək müqaviləsi bağlanmaya bilər. Bizim günahımızdır ki, onu müqaviləsi olmadan məktəbə buraxırdıq! Ancaq bundan sonra buraxmırıq.”

Rahilə İbayevə ilə bağlı sənədlərə baxmaq istədiyimizə isə məktəb direktoru «indi vaxtım yoxdur, dərs gedir, başım qarışıqdır, sonra nə vaxt istəsəniz, göstərə bilərəm» deyə cavablandırdı.

Dərsin bitməsini və direktorun vaxtının olmasını gözlədik.

Təkrar görüşəndə Sədaqət xanım problemin hələ ötən ildən başlandığını dedi:

– Rahilə 2010-cu ildə məhkəməyə müraciət etdi, məhkəmə də qərar qəbul etdi və müəllimə öz dəsrinə geri qaytarıldı. Bundan sonra da bizimlə əmək müqaviləsi bağladı. Keçən il də əmək müqaviləsində dəyişiklik etdik və xəstə olan müəlliməmizin yerinə onu «2a» sinfinə dəsr deməyə göndərdik. Bu il də həmin müəllimə işdən çıxdığı üçün, biz bu sinfi vermişik bu qadına. Demişik ki, gəl əmək müqaviləsinə dəyişiklik edək ki, sən daimi işləyirsən. Razılaşdı, ancaq yenə də əmək müqaviləsinə qol çəkmir. Sonra «3a» sinfi başlananda valideynlər yığışdılar və dedilər ki, bu müəllimə keçən ildən bizim əsəblərimizlə oynayır, uşaqlarımıza dərs öyrətmir. Özü də mənə yox, Baş idarəyə şikayət etdilər. Oradan da iki inspektor gəldi və iclas etdilər. Həmin iclasda da mən olmamışam. Valideynlər orada bildiriblər ki, biz bu müəlliməni istəmirik. Bundan sonra həmin sinfi dağıtmışıq. Uşaqları bölmüşük digər siniflərə.

 Badamdarın yarısı müxalifətçidir

 Rahilə İbayevaya müsavatçı olduğuna görə problem yaradıldığını isə Sədaqət Əzimova qəti şəkildə inkar etdi:

– AXCP sədri Əli Kərimli başda olmaqla bir sıra müxalifətçilərin yaxın qohumları bizdə işləyirlər. Badamdarın əlli faizindən çoxu cəbhəçi, müsavatçıdır, hamısının da uşağı burada oxuyur. Məktəbdə nə iqtidar, nə müxalifət? Bunlar yalan söhbətlərdir…

Daha sonra direktor Həmkarlar Təşkilatının sədri Fərqanə Babayevanı otağına çağırdı. Elə həmin vaxt Rahilə İbayeva da direktorun otağına gəldi. Rahilə xanımın iştirakı ilə Babeyava Fərqanə protokolu və burada Rahilə İbayevanın çıxışını oxudu. Çıxışda o, valideynlər tərəfindən təzyiq və tənqidlərə məruz qaldığı üçün «1b» sinfinə keçirilməsini xahiş edir.

R.İbayeva buna etiraz edərək protokoldakı fikrin ona aid olmadığını dedi:

– Oradakı fikirlər mənə aid deyil. Mən ağ kağıza qol çəkmişəm. Protokolu düz beş dəfə dəyişdilər. Direktorun diktəsi ilə son variant yazıldı. Məni də göndərdilər evə kitab dalınca.

Sədaqət Əzimova isə onun sözlərinə qarşı çıxdı:

– Protokol birinci dəfə qaralama şəklində idi. Sonra daha səliqəli yazmaq üçün yenidən yazılıb. Bundan başqa, protokolda qeyd edilir ki, Bakı şəhər Baş Təhsil İdarəsinin inspektoru İsgəndərov Əfqan və Uğur müəllim «1b» sinif şagirdlərinin valideynləri ilə görüşüblər. Görüşdə Rahilə İbayeva sona qədər iclasa qalmadığı üçün onun valideynlərə təqdim edilməsi baş tutmayıb…

Rahilə xanım isə aldadılaraq ağ kağıza qol çəkdirildiyini bir daha iddia etdi. Müqaviləni imzalamamasına da aydınlıq gətirdi:

– Müqavilənin məhkəmə qərarına uyğun olaraq «sinif müəllimi» kimi uzadılmasını istəyirəm. Ancaq Sədaqət xanım «musiqi müəllimi» yazmaq istəyir. Dörd il əvvəl Sədaqət Əzimova mənim sinfimi satdı. Bütün münaqişələr də buradan başladı. Sonra o, mənim qardaşımı həbs etdirdi. Onun 8-ci polis bölməsi ilə əlaqəsi var. O, hətta 11-ci sinifdə oxuyan qardaşım oğluna da imkan vermədi ki, imtahana buraxılsın. Müəllimlərin hamısına tapşırıq vermişdi ki, o, kəsilsin.

Sədaqət Əzimova məsələyə qarışaraq imtahanın mərkəzləşmiş qaydada keçirildiyini və test üsulu ilə olduğunu bildirdi.

Daha sonra Rahilə İbayeva adının çəkilməsini istəmədiyi valideynin ərizəsini göstərdi. Ərizədə göstərilir ki, bir neçə valideyn və valideyn komitəsinin müavinləri onun qarşısını kəsərək uşağının məktəbə gəlməməsini istəyiblər. Rahilə xanım valideynlərin direktor tərəfindən öyrəldiyini dedi:

– İki valideyn var. Bunun sağ, sol qollarıdı. Onlar zəng edib evlərə ki, uşaqları dərsə buraxmayın. Məktəbə 4 uşaq gəlmişdi. Hamısı direktorun əməlləridir. Məhkəməyə verməkdən başqa çarə yoxdur…

 Şagird təzyiqlərdən şikayətləndi

 Daha sonra ibtidai sinif şagirdi ilə görüşdük. Təzyiq ediləcəyi səbəbindən adını yazmadığımız şagird bizə bildirdi ki, həqiqətən də onun məktəbə gəldiyi gün qarşısını kəsiblər və ona müəllimədən imtina etməsini deyiblər. O, Rahilə müəllimənin ona yenə də dərs keçməsini arzuladığını söylədi…

 Rövşən Danyeri

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button