“Pullarım oğurlanıb, bir ildir polis şöbəsinin qapısında qalmışam”

Yayımlandı: 27 İyun 2024 23:34

Şikayətçi deyir ki, qohumu pulu oğurladığını etiraf etsə də, tədbir görülmür

Yevlax sakini Elmira Mütəllimova qohumugilə qonaq getdiyi gündən bəri problemdədir. Qadın Meydan TV-yə danışır ki, ötən il Yevlaxda qonaq qaldığı yaxın qohumunun evində pulu oğurlanıb. Bir ildir ki, rayon polisinə və prokuroruna müraciət etsə də, nəticəsiz qalıb.

Bu günlərdə bizi yenə üzləşdirdilər, qadın pulumu oğurladığını növbəti dəfə boynuna aldı. Dedi ki, iyunun 15-dək möhlət verin, oğurladığım pulu qəpiyinədək geri qaytaracam. İyunun 15-i də geridə qaldı, yenə bir hərəkət yoxdur. Bir ildir ki, polis qapısında qalmışam. Mən artıq bilmirəm dərdimi hara və kimə deyim”.

Şikayətçinin sözlərinə görə, uzun illədir ki, Rusiyada yaşayır. Bir müddət əvvəl oğlunun qəfil ölümü onu Azərbaycana – daha dəqiqi, Yevlaxa qayıtmaq məcburiyyətində qoyub. Oğlunu dəfn etdikdən sonra Rusiyaya qayıdıb. Bir il sonra mərhumun il mərasimini keçirmək üçün yenə rayona gəlib. Bu dəfə o, bir qohumuna qarşı mülki məsələyə görə açdığı məhkəmə mübahisəsində iştirak etmək üçün rayonda qalmalı olub. İddia edir ki, yaxın qohumu pullarını oğurlayıb:

Mən Rusiyada olarkən qayınım ümumi mülkiyyətdə olan evi satmışdı. Oğlumun il mərasimindən sonra məhkəməyə müraciət etdim. Məhkəmə qərar çıxaranadək rayonda qalmalıydım. Dayımın evinə yığışdım ki, müvəqqəti orada yaşayım. Elə 2 min avro da dayımın nəvəsi tərəfindən oğurlandı”.

“Nə pul qaytarılır, nə oğru məsuliyyətə cəlb olunur”

Xanım iddia edir ki, oğurluq baş verən gündən Yevlax polisinə şikayətçi düşüb, şübhələndiyi şəxs oğurluğu dəfələrlə etiraf edib, ancaq nə pul qaytarılır, nə də oğru cinayət məsuliyyətinə cəlb edilir:

Gizlətmir, boynuna da alır, ancaq polis deyir ki, uşağı var, tuta bilmərik. Beləcə, bir il ötüb, nə polis qanuni tədbir görür, nə də pulum qaytarılır. Rusiyaya qayıtmalıyam, pulumu qaytarsın ki, mən də çıxıb gedim”.

Elmira Mütəllimovanın sözlərinə görə, Yevlax rayon prokuroruna da müraciət edib. Deyir, artıq onda belə fikir yaranıb ki, bu məsələdə polisin hansısa maraqları var:

Polisin gözü qarşısında şikayətimi geri götürməyim üçün məni hədələyirlər, ancaq polis buna susur. Üstəlik, hadisə baş verəndən gəlib əl izi də götürüblər, başqa istintaq hərəkətləri aparıblar. Oğrunun yerini də göstərirəm ki, bax, bu adamdır. Əl iziylə müəyyən edə bilərlər. Özüm ifşa etmişəm, polisə qədər gəlib, oğurluğu boynuna alıb, cinayətini etiraf edib, peşman olduğunu deyib, pulu qaytaracağını vəd edib, polisin görməli olduğu işlərin hamısını özüm görmüşəm”.

Yevlax Rayon Polis Şöbəsi. Foto: DIN

Mən özüm oğruyla haqq-hesab çəkəcəyəmsə, polisin vəzifəsi nədən ibarətdir bəs? Nə vaxt şöbəyə gedirəm, deyirlər, azyaşlı uşağı var. Belə çıxır ki, azyaşlı uşağı olanlar istədikləri cinayəti rahat törədib, məsuliyyətdən kənarda qala bilərlər. Bu gün o qadın mənim 2 min avromu oğurlayıb məsuliyyətdən kənarda qalacaqsa, sabah gedib başqasından daha çox pul oğurlayacaq. Özləri növbəti cinayətə yol açırlar”, – şikayətçi deyir.

Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Meydan TV-yə bildirilib ki, bununla bağlı müraciət əsasında Yevlax Rayon Polis Şöbəsində müvafiq qaydada araşdırma aparılıb.
DİN-in Mətbut Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq cinayət işinin başlanılması rədd olunub:

“Müraciət mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi vətəndaşa izah edilib”.

Elmira Mütəllimova isə polisin gəldiyi qənaətlə razılaşmır. Deyir ki, pulunu borc verməyib ki, ala bilmədiyi üçün məhkəməyə üz tutsun:
“Pul oğurlanıb, oğru da etiraf edib”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button