Pulsuz hüquqi yardımla bağlı qanun layihəsi hazırlanıb

Azərbaycanda pulsuz hüquqi yardımla bağlı qanun layihəsinin təqdim olunması nəzərdə tutulur.

Bunu Milli Məclis sədrinin I müavini Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Xatırladaq ki, bir müddət əvvəl Vəkillər Kollegiyası sədrinin müşaviri Fərhad Nəcəfov KİV-ə açıqlamasında deyib ki, “Dövlət hesabına hüquqi yardım” anlayış inzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsini ehtiva edir. Bura apelyasiya məhkəməsinin qərarı ilə Ali Məhkəmədə vəkillə təmsil olunmaq üçün imkanı olmayan şəxsə göstərilən hüquqi yardım da daxildir”.

Onun sözlərinə görə, Azərbaycanda bütün məhkəmə və dövlət instansiyalarında pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsini nəzərdə tutan “Pulsuz hüquqi yardım haqqında” qanunun hələ ki qəbul olunmadığını nəzərə alaraq, Vəkillər Kollegiyasının üzvləri yalnız “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsində qeyd olunan hallarda dövlət hesabına hüquq yardım göstərə bilir: “Ona görə də qeyd olunan məbləğ – 2 855 083 manat qanundankənar digər hüquqi yardım fəaliyyətinə yönəldilə bilməz.

Əlavə olaraq bildiririk ki, hazırda hökumət, parlament və Vəkillər Kollegiyası tərəfindən “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin hazırlanması üzrə işlər aparılmaqdadır. Tezliklə müsbət nəticənin şahidi olcağıq.

Bundan əlavə, müzakirəyə səbəb olmuş digər bir məqam həmin büdcə vəsaitləri üzərində sərəncam verilməsi, xərclərin uçotu və s. məsələlərlə bağlıdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, dövlət büdcəsinin qeyd olunan vəsaitləri üzərində təyinatı üzrə sərəncam vermək hüququ Kollegiyaya 2020-ci ildən keçib. Vəkillər Kollegiyası isə öz növbəsində bu sahədəki fəaliyyətin uçot, statistika və monitorinqini tam dəqiqliklə aparmaqdadır. Ona görə də 2021-ci ilin sonunda biz bu sahədə mövcud vəziyyəti təsvir edən müqayisəli statistika ilə tanış olacağıq. Əvvəlki illərdə bu fəaliyyət Maliyyə Nazirliyinin yerli qurumları tərəfindən aparıldığı üçün Kollegiyanın daha səhih müqayisə imkanları məhduddur. Eyni zamanda unudulmamalıdır ki, dövlət büdcəsinin bu vəsaiti Kollegiyanın bank hesabında deyil və fiziki olaraq dövlət büdcəsinin Vəkillər Kollegiyasına aid xəzinə hesabında saxlanılır”, – deyə F. Nəcəfov qeyd edib.

Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsindən dövlət hesabına hüquqi yardımın göstərilməsi üçün Vəkillər Kollegiyasına 5 519 250 manat ayrılsa da, sözügedən qərarlar üzrə ümumilikdə, 2 664 167 manat vəsait xərclənib, istifadə edilməmiş 2 855 083 manat isə ilin sonunda büdcəyə geri qaytarılıb.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button