Püskürən vulkan çimərliklərə fəsad verməyib

“Mən düşünmürəm ki, dünənki vulkanın püskürməsi çimərliklərdə hər hansı bir fəsadlara yol açsın”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.

Xatırladaq ki, iyulun 4-də Xəzərdəki Daşlı adada palçıq vulkanı səkkiz dəqiqə ərzində püskürüb, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında bunu deyib.

Onun sözlərinə görə, vulkanın dərinliyi 1,48 km, gücü (ml) 2,17 ml olub. O qeyd edib ki, Daşlı adada vulkan axırıncı dəfə 1945-ci ildə püskürüb.

Bundan əvvəl Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Fövqəladə Hallar Nazirliyi bazar günü Xəzər dənizində baş verən partlayışın səbəbinin “palçıq vulkanı” olduğunu bildiriblər.

SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov BBC News Azərbaycancaya hadisə yerinə SOCAR-ın işçi heyətinin gəmi ilə göndərildiyini deyib. FHN isə nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanıldığını bildirib.

Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub, SOCAR-ın məlumatında deyilir.

“Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmamışdır,”- qurum bildirir.

Bundan əlavə qurum “neft-qaz yataqları ilə bağlılığına görə palçıq vulkanlarının püskürməsi nəticəsində keçmişdə də metan və digər alovlanan qazların çıxmasının müşahidə olunduğunu” qeyd edib.

Qurum bildirir ki, baş vermis partlayışa görə SOCAR-ın heç bir sənaye obyektinə zərər dəyməyib.

Fövqəladə Hallar Nazirliyi isə bildirib ki, dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisə baş verməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button