Putin bu həftə İran prezidenti ilə görüşəcək
Rusiya prezidenti Vladimir Putin bu həftə iranlı həmkarı Məsud Pezeşkian ilə görüşməyi planlaşdırılır. Bu arada Yaxın Şərqdə böhranın nəzarətdən çıxa biləcəyi sarıdan narahatlıq qalmaqdadır.
Rusiyanın rəsmi xəbər agentlikləri oktyabrın 7-də prezidentin köməkçisi Yuri Uşakova istinadla yazıblar ki, iki lider oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda bir araya gələcəklər.
Uşakov əlavə edib ki, Putin Pezeşkian ilə oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində keçiriləcək BRICS sammitində də danışıqlar aparmağı planlaşdırır.
Bu görüşlərin elanı Yaxın Şərq böhranı fonunda iki ölkənin əməkdaşlığının davam etdiyini göstərir.
Uşakov görüşlərlə bağlı detallı danışmayıb. Amma əlavə edib ki, Putin regiondakı eskalasiya ilə bağlı İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşməyi planlaşdırmır.
Netanyahu ilə görüşün planlaşdırılmaması Rusiyanın hazırda diplomatik baxımdan BRICS çərçivəsində tərəfdaşlıqlara fokuslandığını göstərir, nəinki birbaşa İsrail-Fələstin münaqişəsinə. Bu qurumun üzvləri Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, eləcə də Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləridir.
Azərbaycan da BRICS-ə üzvlük üçün rəsmi müraciət edib.
İsrail oktyabrın 7-də HƏMAS-ın hücumunun bir ilini yad edib. Həmin hücum zamanı azı 1200 nəfər öldürülüb, 250 nəfər girov götürülüb. İsrail ordusu bu arada Beyruta kütləvi hava zərbələrini və Livanın cənubunda quru əməliyyatlarını davam etdirib, məqsədin İrana bağlı “Hizbullah” silahlı qruplaşmasını dağıtmaq olduğunu deyir.
HƏMAS-ı həm ABŞ, həm də Avropa İttifaqı terrorçu təşkilat hesab edir.
“Hizbullah” isə ABŞ tərəfindən terrorçu kimi tanınır. Aİ onun yalnız silahlı qanadını qara siyahıya salıb. “Hizbullah”ın siyasi partiyası Livan parlamentində təmsil olunur.
İsrail Livanın cənubunda “Hizbullah”a qarşı ikinci cəbhə açdığı vaxt Qəzzada da münaqişə davam edir.