Putin müharibəni Polşaya genişləndirməkdə marağı olmadığını deyir

Rusiyanın NATO üzvü Polşanı işğal etmək niyyəti yoxdur. Bunu Rusiya prezidenti Vladimir Putin fevralın 8-də qalmaqallı müsahibəsində deyib. Putin onu da qeyd edib ki, “The Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçin azad olunması üçün razılaşmanı mümkün sayır.

ABŞ-ın sağ-qanad siyasi şərhçisi Taker Karlson (Tucker Carlson) fevralın 6-da aldığı iki saatlıq müsahibəni vebsaytında yayımlayıb. O, Putindən soruşub ki, Rusiyanın Polşaya qüvvə göndərməsini təsəvvür edirmi.

“Bu, ancaq bir halda baş verə bilər – Polşa Rusiyaya hücum edərsə. Bizim Polşa, Latviya, yaxud başqa yerlərdə marağımız yoxdur. Bunu niyə etməliyik? Sadəcə heç bir marağımız yoxdur”, – Putin deyib.

Qerşkoviçə gəlincə, Putin deyib ki, Rusiya və Amerika rəsmiləri bu məsələni müzakirə edib, müəyyən irəliləyişə nail olublar. O bildirib ki, Moskva Qerşkoviçin əvəzində Almaniyanın Vadim Krasikovu azad etməsini istəyir. Krasikov 2019-cu ildə Berlində çeçen dissidentin qətlinə görə məhkum edilib.

Karlson Qerşkoviç və digər ABŞ jurnalisti Alsu Kurmaşevanın həbsdə saxlandığı Rusiya prezidenti ilə müsahibəyə görə tənqid olunur. AzadlıqRadiosunun jurnalisti Kurmaşevanın adı müsahibədə çəkilməyib. Jurnalistlər ittihamları rədd edirlər.

Keçmiş “Fox News” aparıcısı olan Karlson konspirologiya yaydığına görə ad çıxarıb. O, Rusiyanın işğalı ilə mübarizə aparan Ukraynaya ABŞ-ın dəstəyini mübahisələndirir.

Rusiya 2022-ci ildə Ukraynaya tammiqyaslı hərbi təcavüzə başlayandan Putin ilk dəfədir Qərb mediasına müsahibə verir.

Bu arada ABŞ-ın Kiyevə hərbi dəstəyi ilə bağlı suallar var, respublikaçı konqresmenlər prezident Co Baydenin (Joe Biden) təklif etdiyi 60 milyard dollarlıq yardım paketini bloklayıb.

Karlson Putindən müsahibə almaq qərarını belə əsaslandırırdı ki, ABŞ mediası Ukrayna prezidenti Volodimir Zelenskiyə fokuslanır, Putinin səsi ABŞ-da eşidilmir. Qərb jurnalistləri isə deyiblər ki, dəfələrlə Putindən müsahibə almaq istəyiblər, xahişləri rədd edilib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button