Putin Rusiyanın Avropaya hücum planını inkar edir

Yayımlandı: 29 Fevral 2024 16:48

Rusiya lideri bunu Qərbin cəfəngiyyatı sayır

Fevralın 29-da Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdə ənənəvi illik müraciətini edib.

O, çıxışında Ukrayna ilə müharibəyə, eləcə də Moskvanın Qərblə münasibətlərinə toxunub.

Putin deyib ki, Rusiya indi öz suverenliyi və təhlükəsizliyi üçün ədalətli mübarizə aparır.

Vurğulayıb ki, Ukraynadakı xüsusi hərbi əməliyyat (Rusiya hakimiyyəti Ukraynaya qarşı müharibəni belə adlandırır) rusların mütləq əksəriyyəti tərəfindən dəstəklənib.

Putin çıxışı zamanı həmçinin Qərb ölkələrini kəskin tənqid edib:

“Qərb təkcə bizim inkişafımızı dayandırmağa çalışmır, onlara həm də Rusiyanın əvəzinə ölümcül məkan lazımdır”.

Rusiya Prezidenti qeyd edib ki, Qərb Ukraynada, Yaxın Şərqdə və dünyanın digər regionlarında münaqişələrə səbəb olub və yalan danışmaqda davam edir:

“İndi də heç utanmadan bəyan edirlər ki, guya Rusiya Avropaya hücum etmək niyyətindədir. Biz bilirik ki, bu, sadəcə, cəfəngiyyatdır. Əslində, söhbət NATO qoşunlarının Ukraynaya göndərilməsindən gedirdi. Amma kontingent göndərənlərin taleyini xatırlayırıq. İndi müdaxilə edənlər üçün nəticələr daha faciəli olacaq. Bizim onların ərazisindəki hədəfləri vura biləcək silahlarımız da var”.

Onun sözlərinə görə, silahlanma sahəsində planlaşdırılan məsələlərin, demək olar ki, hamısı həllini tapıb:

“Strateji nüvə silahları zəmanətli istifadəyə tam hazır vəziyyətdədir. 2018-ci ildə səsləndirdiyim müraciət zamanı bəhs etdiyim silahlanma sahəsində planlaşdırdıqlarımızın hamısı yerinə yetirilib və ya bir hissəsi tamamlanmaq üzrədir. Beləliklə, hipersəs aviasiya kompleksi “Kinjal” nəinki istifadəyə verilib, həm də havadan zərbə endirilən zaman xüsusilə vacib hədəfləri məhv etmək üçün yüksək səmərəliliklə istifadə olunur. “Zirkon” hipersəs zərbə kompleksi artıq döyüşlərdə də istifadə olunub və bu sistem artıq işləyir”.

Putin bir sıra digər silahların da Silahlı Qüvvələrin arsenalına daxil edildiyini diqqətə çatdırıb:

“Qitələrarası diapazonlu “Avanqard” hipersəs bölmələri və “Peresvet” lazer sistemləri döyüş növbətçiliyindədir. “Burevestnik” qeyri-məhdud mənzilli qanadlı raketin və “Poseydon” pilotsuz sualtı aparatının sınaqları tamamlanır”.

Putin onu da qeyd edib ki, “Sarmat” ağır çəkili ballistik raketləri də orduya təhvil verilib:

“Tezliklə biz onları hərbi əməliyyat zonalarında nümayiş etdirəcəyik. Bir sıra digər perspektivli silah sistemləri üzərində işlər davam edir. Alimlərimizin və silah ustalarımızın yeni nailiyyətləri haqqında gələcəkdə də xəbər tutacağıq”, – Vladimir Putin əlavə edib.

Bir neçə gün öncə Fransa Prezidenti Emmanuel Makron deyib ki, konsensusun olmamasına baxmayaraq, heç nə, eləcə də Qərb qüvvələrinin ukraynalıların tərəfində döyüşməyə göndərilməsi istisna olunmur.

Onun sözlərinə görə, məqsəd Rusiyanın Ukraynada qələbəsini önləməkdir.

Ukrayna Prezidenti Volodimir Zelenski Emmanuel Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi təşəbbüsünü şərh edərkən deyib ki, bu, ölkənin təhlükəsizliyini təmin etmək üçün konkret addımdır.

Zelenski həmçinin Qərb müttəfiqləri ilə təşəbbüslərin mübadiləsinin vacibliyini vurğulayıb.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq alyans qoşunlarının Ukraynaya göndərilməsi planlarını rədd etmişdi.

O demişdi ki, təşkilat Ukraynaya görünməmiş dəstək verir, lakin qoşun yeritmək planı yoxdur.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button