Putin Ukrayna ilə müharibəni dayandırmağın şərtlərını açıqlayıb

Yayımlandı: 14 İyun 2024 15:31

“Ukrayna qoşunlarını Donetsk, Luqansk, Xerson və Zaporojye ərazilərindən çıxarmalı, NATO-ya üzvlükdən imtina etməlidir”

İyunun 14-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı şərtləri açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyində danışan Kreml başçısı bildirib ki, Ukrayna qoşunları inzibati sərhədlər daxilində Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ərazilərindən tamamilə çıxarılmalıdır:

“Bundan əlavə, Ukrayna NATO-ya üzv olmaqdan imtina etdiyini bildirməlidir”.

Putinin sözlərinə görə, bu şərtlər yerinə yetirilərsə, Rusiya “dərhal” atəşkəsi dayandıracaq.

O vurğulayıb ki, Rusiyanın təklifinin mahiyyəti müvəqqəti barışıqdan ibarət deyil:

“Söhbət münaqişənin dondurulmasından yox, onun başa çatmasından gedir”.

Biz istərdik ki, həm qoşunların çıxarılması, həm NATO-ya qoşulmama statusu, həm də Ukraynanın gələcək mövcudluğunun asılı olduğu Rusiya ilə dialoqun başlanması ilə bağlı qərar olsun. Baxmayaraq ki, bununla bağlı böyük şübhələr var”, – deyə Putin bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski keçən ay demişdi ki, tək məqsədi onları məhv etmək olan bir adamla danışıqlar masasına otura bilməz.

Bu həftənin sonu İsveçrədə Ukrayna Sülh Sammiti keçiriləcək. Amma tədbirə Rusiya dəvət olunmayıb.

Sammitdə dəvət olunmuş 160 ölkədən 90-a yaxın ölkə iştirak edəcək.

Çin və Səudiyyə Ərəbistanı, Cənubi Afrika və Braziliya tədbirə qatılmayacaq.

Sammit barədə Ukrayna Prezidenti bildirib ki, Kiyev təkliflərə, ideyalara açıqdır, lakin təşəbbüsü Rusiyaya ötürməmək çox vacibdir.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button