Putindən İrəvanı məmnun edən cavab: “Erməni ilə aramızda nə dağılıb ki, bərpa da olsun…”

İlham İsmayıl 

Putin Paşinyanı təbrik etməsə də, onu Moskvada gözləyir…

Siyasətdə kulis söhbətləri olur, amma şaiyyə olmur, onu qeyri-siyasilər yaradır. Xüsusilə, şaiyə yalan komponentlərlə zəngin olanda miqyası genişlənir, az qala həqiqət kimi təsəvvür olunur, bunu yayanlar özü də başlayır yalana inanmağa və nəticədə özünü aldatma başlayır. Moskva və İrəvan arasında münasibətlərin indi ütülü vəziyyətdə olmadığı məlum məsələdir, amma bizim camaatın bu ütüsüz situasiyanı Qarabağ münaqişəsində qələbə kimi təqdim etməyə çalışması qeyd etdiyimiz özünüaldatmadır və ümidsizlik burulğanında boğulan cəmiyyətin saman çöpündən yapışması kimi dəyərləndirilə bilər. Rusiya – Ermənistan münasibətlərində qlobal mənada sərinlik yoxdur  və yayılan dedi-qodunu  bu siyasəti müəyyənləşdirən dövlət başçılarının öz dilindən eşidəndə,  şaiyəyə də, dedi-qoduya da son verilmiş kimi olur.

Bu gün Rusiya Federasiyası prezidenti Vladimir Putin  hər il keçirdiyi mətbuat konfransında  vəziyyəti açıq dəyərləndirib və ”Rusiya parlament seçkilərindən sonra Ermənistanla siyasətini necə bərpa etmək istəyir” sualına, görün necə cavab verib: “Nəyi bərpa edəcəyik? Bizim aramızda nə dağılıb ki, bərpaya da ehtiyacı olsun. Ermənistan nəinki regionda, bütün dünyada ən strateji tərəfdaşımızdır, KTMT-nin, Avrasiya İqtisadi Birliyinin üzvüdür. Biz nə varsa onu inkişaf etdirməliyik” . Rusiya lideri  xüsusilə vurğulayıb ki, erməni xalqı Cənubi Qafqazda ən yaxın tərəfdaşımızdır. Putin Amerika kəşf etməyib, əsrlərdir ki, bu həqiqətin şahidiyik.
Putin də bu münasibətlərin kökünə diqqəti yönəldib:” Bu tarixən belə olub, belə də var və əminəm ki, belə də olacaq”. Bunu deməklə, Putin bir daha yalançı parıltını işıq bilib arxayın olanları  hesabla ayıltmış oldu.
Putin davam edir: ”Biz dünyada və regionda situasiyanı nəzərə alıb birgə hərəkət etməliyik”. Bəlkə birgə hərəkət etmirlər? Üç gün əvvəl Krımla bağlı BMT-də Rusiyaya qarşı sanksiyaların qüvvədə saxlanması və artırılması məsələsinə səsvermə zamanı KTMT üzv ökələrindən yalnız Ermənistan bu qərarın əleyhinə səs verib, Sarkisyanın, Koçaryanın dövründə olduğu kimi. Yeri gəlmişkən, Azərbaycan səsvermədə iştirak etməməyə üstünlük verib və düzgün mövqe tutub. Deməli, Putin düz deyir- nə dağılıb, nə dəyişib Rusiya –Ermənistan münasibətlərində? Köhnə hamamın tasını dəyişmək asan deyil. Və Yeni il qabağı Putin əziz qonağını gözlədiyini deyib: ”Bütün u məsələləri biz cənab Paşinyanla yaxın vaxtlarda müzakirə edəcəyik. Cənab Paşinyan gələn həftə bizə səfər edəcək”.
Qarabağ məsələsinin bütün bu proseslərdə adı da çəkilmir, müzakirə olunmur. Paşinyan Qarabağ probleminə çox vaxt ayırsa da, münaqişənin nizamlanması yolunda heç nə baş vermədiyi barədə rəsmi bəyanat verib, yalnız iki dəfə Azərbaycan prezidenti ilə “söhbət etdiyini” bildirib.
O ki, qaldı  yenidən gündəmi zəbt etmiş “kreativlik” söhbətinə və ermənilərin guya hansısa güzəştlərə gedəcəyinə. Ermənilər açıq istehza ilə” ..,Bakı Artsaxın müstəqilliyini tanıyarsa razılaşma, güzəşt ola bilər, qalan məsələlər – kreativdir” – deyirlər.  Son cümlə erməni təbliğatı olsa da, bir həqiqəti də bizim üçün aydınlaşdırır ki, sakit durub Rusiya-Ermənistan qarşıdurmasına ümid bəsləməklə işğaldan torpaq azad edə bilməyəcəyik. Ən vacibi də odur ki, bizə bütöv Qarabağ lazımdır. Prinsipimiz dəyişməz olaraq qalmalıdır. Siyasətimizi də bu prinsipə görə müəyyənləşdirməliyik. Başqa prinsip qəbuledilməzdir!
İlham İsmayıl

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button