Putinin şirkəti “Xural”dan 150.000 manat tələb edir!

“Xırdalan Pivə”si qəzetimizi məhkəməyə verdi…

 Əvəz Zeynallı: “Əlimizfə olan faktlar yazdıqlarımızın həqiqət olduğunu sübut edir”

 “Baltika-Bakı” MMC-nin baş rirektoru Tlexuray Adam Ayuibobiç “Xural” qəzetini məhkəməyə verib. Nərimanov rayon məhkəməsinin icraatında olan mülki iddiaya səbəb “Xural” qəzetinin müxtəlif tarixli saylarında “Baltika-Bakı” MMC haqqında dərc olunmuş məqalələrdir. Tlexuray iddia ərizəsində bildirir ki, dərc olunmuş məqalədə onun və rəhbərlik etdiyi qurumun barəsində qərəzli və həqiqətə uyğun olmayan məqamlar yer alır ki, bu da onun “şərf və ləyaqətinə”, həmçinin “işgüzar nüfuzuna xələl vurmuşdir”.

Xüsusi vurğulamalıyıq ki, tamamilə absurd olan iddia ərizəsi qüsurlu hazırlanıb. Belə ki, iddiada ilk olaraq MMC haqqında dərc olunan “«Xırdalan pivə zavodu» kimi tanınan qurumda nələr baş verir?” başlıqlı məqalədəki bir çox məqamlara istinad edilsə də, adı qeyd olunmayıb. “Xural” qəzetinin 029 (437) saylı 31 iyul-6 avqust sayında dərc olunmuş məqalədə iddiaçının narazı qaldığı məqamlara nəzər salaq.

“«Baltika-Bakı» MMC-nin baş direktoru Adam Tlexuray adətən işçilərlə söyüşlə danışır. Özü qafqazlı balası, Adıjey millətinin övladı olsa da, ruslar kimi söyüşcül olmağı tərgidə bilməyən Adam Tlexuray növbəti söyüşlərdən sonra kollektivin sərt etirazı ilə üz-üzə qalır. İşçilər toplu etiraz edirlər və zavod daxilində tətil elan edirlər. Şərt isə bir olur – Adam Tlexuray söyüşlərinə görə üzr istəməlidir. Ortaya isə o zamana qədər işçilərin tərəfində olan, onların hüquqlarını müdafiə edən zavodun Həmkarlar İttifaqının sədri Tural Niftəliyev düşür. Tural Adam Tlexurayla görüşür, işçilərlə baş verən insidentin aradan qaldırılmasına nail olur və baş direktorla işçilərin narazılığını yoluna qoya bilir. Düzdür, Adam Tlexuray işçilərinin qarşısına çıxmır, amma yazılı mesaj yayınlayaraq 200 nəfərdən çox olan kollektivdən üzr istəyir.” Məqalənin bu hissəsini iddia ərizəsinə daxil edən iddiaçı hesab edir ki, bu həqiqətə uyğun olmayan ifadələrdir. Halbuki şirkətin daxilində baş vermiş hadisələr jurnalist təxəyyülünün məhsulu deyil və bütün bu faktlar redaksiyaya daxil olmuş ərizə və müraciətlər əsasına hazırlanıb.

“Adıgey qardaşımız geydirmə işlərlə məşğul olmaq niyyətinə düşüb. O, şüşədən siçovul çıxan «Xırdalan» şüşəsinə görə, hansı telekanalasa verdiyi iddia olunan 60 min manatın yelini unudaraq, bizə çamur atmaqdan çəkinməyib. Ondan kimin nə qədər pul tələb elədiyini biz bilmirik. Bizi o da maraqlandırmır ki, Adam kimə nə qədər pul verir? Amma bütün Azərbaycan bilir ki, bizə hədə-qorxu keçməz”.

Məqalənin bu hissəsini də iddia ərizəsinə daxil edən Adam müəllim faktları “cəfəngiyyat” adlandırmaqla yazılanları yalanlamaq istəyir.

“Yoxsa bizi «Bura Putinin zavodudur, bu zavodun arxasında Putin dayanır, bizə heç kim heç nə edə bilməz» deməklə «Xural» nə qorxmaz, nə də susmaz. Biz çox putinlər görmüşük və onlardan zərrə qədər qorxumuz yoxdur. Bizi Putinlə hədələməkdənsə, azərbaycanlı işçilərin hüquqlarını qorumaq, zavodun şəhidlərinin xatirəsini əziz tutmaq (bu haqda fotolar redaksiyamıza təqdim olunub), Azərbaycan bayrağına hörmət etmək, xarici ölkələrlə, xüsusilə Gürcüstanla əməkdaşlıqda fırıldaqçılığa yol verməmək, öz katibəsiylə adam kimi davranmaq, satışdan qayıdan pivələri azərbaycanlılara təkrar soxuşdurmamaq, aksizsiz pivə istehsalına «dur» demək lazımdır. Sən bu millətin çörəyini yeyirsən, yaxınlarına 150-200 min manatlıq avtomobili alıb Peterburqa bu millətin pulu ilə göndərirsən, Adıgey balası. Sən Rusiyada neçə il çalışmalı idin ki, ən yaxın adamına 200 min manatlıq avtomobil hədiyyə edəsən? Bunu hər halda Vladimir Putin deməmişdi?!”

Yazılanları böhtan adlandıran iddiaçı bildirir: “Həqiqət isə ondan ibarətdir ki, nə Rusiya hökumətinin, nə də Rusiyanın Baş nazirinin ”Baltika-Bakı” MMC-yə heç bir aidiyyəti yoxdur” – deyə iddia edən Adam bəy digər ölkələrlə, o cümlədən Gürcüstanla əməkdaşlıqda dələduzluğa və fırıldaqçılığa yol vermədiyini və bütün yazılanların yalan olduğunu vurğulayır.

Maraqlıdır ki, məqalə hazırlanarkən “Xural” sözügedən faktlarla bağlı Tlexurayın mövqeyi öyrənməyə dəfələrlə cəhd göstərsə də, o, açıqlama verməyib. Amma bütün yazılarda şirkətin rəsmi nümayəndələrinin mövqeləri öyrənilib və dərc edilib. Belə olan halda məhkəmə iddiasında özünü təmizə çıxarmaq və qəzetə “böhtançı” demək cəhdləri gülüncdür.

Tlexuray iddiada “Xural” qəzetinin 030 (438) saylı, 07-13 avqust tarixli sayında dərc olunmuş “Adam Tlexurayın cəzalandırılacağı gözlənilir…” başlıqlı məqalədəki bir çox məqamlara da toxunub:

“Məlumata görə, baş verən qanunsuzluqlar o həddə olub ki, “Baltika-Bakı” MMC-nin direktoru Adam Tlexuray vəzifəsindən çıxarılıb. Mənbənin bildirdiyinə görə, Adam Tlexuray artıq zavodda işləməyəcək və o, Bakını tərk edib.

Məlumatı dəqiqləşdirmək üçün özəl mənbələrimizlə əlaqə saxladıq. Mənbələrimiz həqiqətən Adam Tlexurayın zavodda olmadığını bildirdilər və onu “Baltika-Bakı” MMC-nin maliyyə ilərinə baxan Mikayıl Cəfərovun əvəz etdiyini dedilər. Onların dediyinə görə, Tlexuray Azərbaycan başını götürüb qaçıb və hətta onun yol verdiyi qanunsuzluqlara görə cəzalandırılacağı gözlənilir.”

Adam müəllim 1 həftə ərzində MMC-də olmadığını təsdiqləsə də, bunu məzuniyyətlə əlaqələndirir.

İddiaçı həmçinin “Xural” qəzetinin 032 (440) saylı, 21-27 avqust sayında dərc olunmuş məqalədəki (yenə də iddiada məqalənin adı göstərilməyib) “Adam Tlexuray isə Azərbaycan” mətbuatını saymır. Bu, cənab direktorun öz işidir, ancaq biz də peşə borcumuzu həyata keçiririk” cümləsini də iddiaya daxil edib. Heç bir təhqir, böhtana yol verilməyən bu fikirlərə iddiada münasibət bildirən Tlexuray vurğulayır: “Lakin həqiqət isə ondan ibarətdir ki, mən mətbuatla müəyyən reqlamentə riayət etməklə əlaqə saxlamağa həmişə hazıram və belə də edirəm, çünki KİV-lərin sayı çoxdur, mən isə təkəm və mətbuatla ünsiyyət saxlamaq mənim əsas vəzifəm deyil”.

Bir-birini təkzib edən bu ziddiyyətli fikirlər bir daha Tlexurayın iddiasının əsassız olduğunu sübut edir. KİV-lərin sayı çox ola bilər, sənin vaxtının az və ya çox olmasının bu məsələ ilə heç bir əlaqəsi yoxdur. KİV yerli və beynəlxalq qanunvericiliyə uyğun olaraq, məlumat almaq, hazırlamaq və yaymaq hüququna malikdir. Əgər sənin vaxtın yoxdursa, bunun üçün rəhbərlik etdiyin qurumda mətbuat xidməti və ya bu sahədə səlahiyyətli bir şəxs olmalıdır. Əgər vaxtında ünvanlanan sualları cavablandırsaydı və vaxtında münasibət bildirsəydi, məsələlər də bu qəıdər problemli həddə çatmazdı. Elə “Xural” da məqalədə məhz belə yazıb: ““Baltika Bakı” MMC-nin mətbuatla bağlı qurumu yoxdur. Nə zaman zavodla əlaqə saxlasaq, oradan maliyyə idarəsinin rəisi Mikayıl Cəfərovun adını verirlər. Amma M.Cəfərovun sahəsi tamam başqa sahədir. Adam Tlexuray isə Azərbaycan mətbuatını ümumiyyətlə, saymır. Bu, cənab direktorun öz işidir, ancaq biz də peşə borcumuzu həyata keçiririk.

Tlexuray isə bu fikri kontekstdən çıxarmaqla, qəzeti ləkələməyə cahd edir.

Tlüxuray həmin məqalədə “Xatırladaq ki, bir müddət bundan əvvəl Gürcüstandan 150 ton belə pivələr qaytarılmış, bu da zavodla gürcüstanlı partnyorları arasında məhkəmə çəkişməsinə səbəb olmuşdu. İşə baxan məhkəmə Gürcüstan tərəfini haqlı çıxarmış, “Baltika-Bakı” MMC-ni isə cərimələmişdi. Bu hadisədən sonra Adam Tlexuraya yaxın olan mənbələr gürcüstanlı partnyorlarının arxasında Fövqəladə Hallar Nazirliyinin dayandığını, Kəmaləddin Heydərovun zavodu ələ keçirmək istədiyi xəbərlərini yaymışdılar. Gürcüstan tərəfi isə “Xırdalan pivə”nin bütün məhsullarına veto qoymuşdular” hissəsini də iddiaya daxil edib O, Gürcüstanın “Kapitalpoint” MMC şirkəti ilə məhkəmə çəkişməsinin olduğunu və Gürcüstana pivə göndərilməsinin dayandırılmasını təsdiq etsə də, faktları təkzib etməyə çalışıb.

Bütün bu əsassız iddialarla çıxış edən Tlexutay məhkəmədən “Xural” qəzetinin təkzib verməsini, habelə qəzetin 150 min manat cərimələnməsini xahiş edib.

İddia ərizəsi ilə bağlı “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının münasibətini öyrəndik. İddianı əsassız və absurd hesab etdiyini deyən Baş redaktor vurğuladı ki, məhkəmə çəkişməsi zamanı əllərində olan faktları təqdim edəcəklər: “Əlimizdə olan videomateriallar və fotolar yazdıqlarımızın həqiqət olduğunu sübut etməyə kifayətdir. Bundan başqa, biz yazdığımız bütün yazılarda qarşı tərəfin mövqeyini öyrənmiş və dərc etmişik” – deyə baş redaktor vurğulayıb.

Qeyd edək ki, “Xural”ın Adam Tlexurayla çəkişməsi qəzetimizə xüsusi aqressiv münasibəti ilə yadda qalan Nərimanov Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın icraatındadır. Ə.Zeynallı qeyd etdi ki, ilk işləri ədalətsiz və qərəzli olan bu hakimə etiraz etmək olacaq.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button