Qəhrəmanlar unudulmur!

QARABAĞ AZADLIQ TƏŞKİLATI TƏQDİM EDİR:

10 iyun Azərbaycanın Milli Qəhrəmanları Bəxtiyar Allahverdiyev və Şikar Aslanovun doğum günüdür.

Bəxtiyar Əzizağa oğlu Allahverdiyev 1974-cü il iyunun 10-da Bakı şəhərində anadan olub. O, 1992-ci ildə Milli Ordunun sıralarında hərbi xidmətə başlayıb, Füzuli, Murovdağ əməliyyatlarında, Qubadlının müdafiəsində, 1994-cü ildə Tərtər və Ağdərə istiqamətində ağır döyüşlərdə iştirak edib, qəhrəmanlıqla vuruşub. Hazırda polis sıralarında çalışır.

Şikar Davud oğlu Aslanov 1970-ci il iyunun 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olub. O, 1990-cı ildən Cəbrayıl rayonunda milis (polis) sıralarına daxil olub, doğma rayonun və yaxın ərazilərin müdafiəsində fəal iştirak edib, 1992-ci ilin iyun ayında Sur kəndi uğrunda döyüşlərdə xüsusi fərqlənib, idarə etdiyi Döyüş maşını ilə düşmənin bir neçə atəş nöqtəsini məhv etməklə döyüşün taleyini həll edib. O, 1992-ci il iyulun 2–də “Şayaq” əməliyyatı zamanı başından yaralanıb və həlak olub. Doğulduğu Süleymanlı kəndində dəfn edilib, kəndin orta məktəbi onun adını daşıyır.

11 iyun Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin doğum günüdür. İsrafil Şahverdi oğlu Şahverdiyev 1952-ci il iyunun 11-də Laçın rayonu Unannovu kəndində anadan olub. O, milis (polis) zabiti kimi Qarabağ müharibəsində fəal iştirak edib, onun bacarığı nəticəsində erməni casusları zərərsizləşdirilib, Salatın Əsgərovanın qatillərinin ələ keçirilməsində müstəsna rol oynayıb. Onun rəhbərlik etdiyi rota 1992-ci ilin sentyabrında Hocaz yüksəkliyi və Hocaz kəndi uğrunda gedən döyüşlərdə xüsusi fəallıq göstərib, 1994-cü ilin yanvarında Füzuli rayonunun Horadiz qəsəbəsi və daha 4 kəndini düşməndən azad edib. Cəsur komandir 1994-cü il yanvarın 13-də Füzulinin kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub.

Bakı şəhərində, Şəhidlər Xiyabanınında dəfn edilib. Laçın rayonu orta məktəblərindən biri onun adını daşıyır.

 

“Xural” qəzeti,

İl: 9, sayı: 022 (430), 12-18 iyun 2011-ci il

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button