Qələmim deyir ki…

Mirzə Sakit

Nədir yenə götürmüsən qaz belə,
Mirzə Sakit, yazdığından yaz, elə!

Min dərd sənə bəs eyləməz yükləsən,
Kor olmazsan elin dərdin çəkməsən,
Zalım oğlu, göz yaşını tökməsən,
Səndən küsər qaş altında göz belə
Mirzə Sakit, yazdığından yaz, elə!

Düşmək asan – Qalxmaq gərək hər diki,
Şər bir olar, bu tayfada şər iki…
Məzlumlara söz deməyə nə var ki,
Zalımlara demək olmur söz belə
Mirzə Sakit, yazdığından yaz, elə!

Bu ölkədə rüşvət sözü nəmərdi,
Seçilməyir nə namərdi, nə mərdi,
Kişi var ki, həm arvaddı, həm ərdi,
Olmaz canım, erkəklərdə naz belə
Mirzə Sakit, yazdığından yaz, elə!

“Boz Kardinal” boz gözünü ağartdı,
Ağartdıqca şərəfsizlər çox artdı,
Prezident də cəhrə səsin çıxartdı,
Cırıltısın kəsə bilmir maz belə
Mirzə Sakit, yazdığından yaz, elə!

Xiyar hakim büzüşübdür “balonda”,
Hökm oxuyur “yevrostil” salonda,
Dövlət onda, sərvət onda, mal onda,
Lənət olsun səndə varsa az belə
Mirzə Sakit, yazdığından yaz, elə!

Abırsızın pul yığmaqdır xəyalı,
İmkan verməz yaxın düşsün həyalı,
Aman Allah – alim, nazir, ziyalı…
Baş əyirlər qəbirdəki qozbelə
Mirzə Sakit, yazdığından yaz, elə!

Şeytan gəldi şeytanlarla tapışdı,
Saqqız kimi yaxamızdan yapışdı,
Baxıb gördük başındakı papışdı,
Belə tacdan başa qoymaz daz belə
Mirzə Sakit, yazdığından yaz, elə!

Xalqın malın bir tamahkar götürdü,
Sol cibindən sağ cibinə ötürdü,
Azərbaycan çox padşahlar yetirdi,
Məmləkətdə görünməmiş paz belə
Mirzə Sakit, yazdığından yaz, elə!

Mətbuat Şurası “ƏLƏKÇİNİN QIL VERƏNİ” adıyla tanınsa daha məqsədə uyğun olar…

Bəxtiyar Sadıqov –
Laqonda…

Əlaqəli məqalələr

1 şərh

  1. Mirzə Sakit hələ sakit dayanmaz,
    Ha zurna çal, bu yatanlar oyanmaz,
    Maz sürtəndə əlac eylər bəlkə paz,
    Elə çal ki, qoy bərəlsin göz belə,
    Mirzə Sakit Məhəşərətən yaz belə!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button