Qələndər Muxtarlını kim sədr keçirdi?

Nurəddin Xoca: “Hansısa gizli əl onu möcüzəli şəkildə bizim içimizə gətirdi, ilk dəfə gələndə heç bir iddiasının olmadığını demişdi…”

Boz Qurdlar özlərinə qurultay keçirdilər, amma deyəsən, yağışdan çıxıb yağmura düşdülər. Tufan Kərimlidən canlarını qurtarmamışdılar, Qələndər Muxtarlının cənginə keçdilər. Haradansa peyda olan və gözəgörünməz bir əlin dəstəyi ilə birbaşa partiyanın təpəsinə oturdulan Qələndər Muxtarlının sədr seçilməsi, qurultayda bir çox qanunsuzluqların olması partiyada ciddi narazılıqlara səbəbə olub. Tufan Kərimlidən ayrılmanın səbəbkarlarından biri olan Nurəddin Xoca narazı qalanlardan biridir və o, bu narazılığını elə qurultaydaca ifadə edərək istefa verib.

Nurəddin Xoca bu mövzuda bəzi suallarımıza cavab verdi…

 

– AMDP–nin sizin də təmsil etdiyinuiz qanadı öz qurultayını keçirdi. Tüfan Kərimlinin keçirdiyi qurultaydan fərqli olaraq sizin qurultayda kifayət qədər nümayəndə var idi. Amma nədənsə siz istefa verdiniz?

– Düz deyirsiniz, kifayət qədər nümayəndə var idi. Mən orada 20 il  üzvü olduğum partiyamın çox üzvlərini görsəm də, partiyamdan əsər-əlamət görmədim. Təzə bir partiyanın təsis edildiyinin şahidi oldum. Mən heç də öz partiyamdan istefa verməmişəm. Mən AMDEP-in (Boz Qurd) üzvüyəm və mübarizəmi davam etdirirəm.

– Necə yəni, bu qurultay bəyəm AMDP (Boz Qurd) kimi tanıdığımız və yaradıcısı İsgəndər Həmidov olan partiyanın 4-cü qurultayı deyildi?

– Yox. Ən azından, partiyanın adının yazıldığı plakatda “Azərbaycan Milliyətçi Demokrat Partiyasının 1-ci qurultayı” yazılmışdı. Bayraq ayrı, emblem ayrı…

– Axı dedilər ki, bu qurultay dəyişikliklər edəcək?

– Dedilər, amma əgər  bizim partiyanın qurultayıdırsa, nədən bizim bayraq, bizim emblem, bizim partiyanın adı yox idi? Nədən Azərbaycan Milliyətçi Demokrat Partiyasının 1-ci qurultayı? Bəs əski partiya nə oldu? Kim onun adının, embleminin, bayrağının, nizamnaməsinin dəyişməsinə qərar verdi?Axı heç qurultay başlamayıb, qurultay nümayəndələrı qərarlar qəbul etməyib, emblem, bayraq məsələsi müzakirə edilməyib, kim və hansı səlahiyyətlə bütün bunları həyata keçirib? Bütün bunlardan sonra bu partiyada olmadığımı bəyan etdim və istefa verdim.

– Bəs Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi bu qərarları qəbul edə bilməzdimi?

– Xeyr, bütün bunlar qurultayın səlahiyyətindədir. Həm də biz nəyə görə etiraz edib bəyanat vermişdik? Biz niyə Tufan Kərimlinin partiyada səlahiyyətlərini dayandırmışdıq? Bu qurultay hansı məsələlərə baxmalı idi? Axı biz etirazımızı bildirib əks tərəfi qanunsuzluqlarda ittiham edəndə, Təşkilat Komitəsi yaradanda nizamnaməyə əsasən hərəkət edəcəyimizi bildirmişdik. Biz partiyanı sağlamlaşdırmağa və bütün millətçi qüvvələri boz qurdlu bayraq altında birləşdirməyə söz vermişdik. Haradan çıxdı bu üç hilal? Axı biz bilirik ki, üç hilal Türkiyədə MHP- də, Azərbaycanda isə artıq Ümid Partiyasında var. Nədən “BOZ QURD” kimlərinsə xoşuna gəlmədi? Bilmirəm. Kimsə kimlərləsə danışıqlara gedib təzə partiya yaratmaq istəyirdisə, yaradaydı, ta bizim başlatdığımız işi bu cür fiaskoya uğratmağa heç kimin haqqı olmamalı idi.

– Bəlkə bu ad altında sizin elektoratı ələ keçirmək istəyən var? Bəlkə o biri qanadla gizli razılaşma olub və ona görə də təzə partiya yaradılıb? Çünki həqiqətən də təzə partiya yarandı. Sizə elə gəlmirmi ki, bütün bunlar Tufan Kərimli ilə razılaşdırılmış oyundur?

– Ola bilər. Bu şübhələr məndə də yarandı. Axı partiyanın nizamnaməsini də dəyişmək olar, başqa dəyişikliklər də etmək olar. Amma bu  məqamda və bu cür nizamnamə pozuntusu ilə yox. bunun bir adı var – o da yeni partiya təsis etmək. Xeyirli olsun – amma bizim partiyada işləri olmasın. Kimsə sədr olmaq istəyirsə, kiminsə nə oyunu varsa, qıraqda oynasın.

– Nə olaçaq? Nə planlarınız var? Görünən odur ki, həm də tək qalmısınız…

– Kim deyir, mən tək deyiləm və mübarizəmi davam etdirirəm. Nizamnaməyə uyğun olaraq hərəkət edirəm və bu partiyanı dağıtmaq İSTƏYƏNLƏRİ HƏLƏ ÇOX HEYRƏTLƏNDİRƏCƏYƏM. Kərimli tərəfin keçirdiyi qurultayla bağlı əlimdə kifayət qədər və təksibedilməz faktlar, sənədlər var. Hələ bir-iki sənəd də var ki, onları əldə edəndən sonra Ədliyyə Nazirliyinə müraciət edəcəyəm. Sonra məhkəmələr var. Azad mətbuat var. Hər halda mən və ətrafımda olan əqidə yoldaşlarım bütün imkanlardan istifadə edib mübarizə aparacağıq.

– Bəs təzə partiya?

– Oradakı uşaqlar səhvlərini anlayıb qayıdacaqlar və hamı bunun şahidi olacaq. Faktları isə açıqlamaq hələ tezdir. Sadəcə birini deyə bilərəm – məndə bəzi qurultay iştirakçılarının qanuni ərizələri var ki, onlar bizim partiyanın üzvləri deyillər.

– Qələndər Muxtarlı haradan gəldi və onu kim göndərdi?

– Qələndər Muxtarlının şəxsiyyəti çox müəmmalıdır. Dəyişmədiyi partiya yoxdur və onun son iş yeri İqbal Ağazadənin müavini vəzifəsi idi. Hansısa gizli əl onu möcüzəli şəkildə bizim içimizə gətirdi. O, ilk dəfə bizim yanımıza gələndə heç bir iddiasının olmadığını demişdi. Şəxsən mənə heç bir iddiasının olmadığını bildirmişdi. Sadəcə, çətin zamanlarda bizə dəstək olmaq istədiyini, bizim ideyalarımızı paylaşdığını demişdi. Amma hadisələr onu göstərir ki, Qələndər səmimi deyilmiş və sədr olmaq istəyirmiş. O, bunu öz hərəkətləri ilə sübut etdi. Gördü ki, AMDeP-ə sədr seçilmək çətindir, yeni partiya təsis etdi. Qurultaydan sonra mənə çoxlu zənglər olub və partiyadaşlarım yanıldıqlarını bildiriblər.

– Boz Qurdlar regional amilə əsirmi düşdülər? Hansısa regionun hadisələri öz nəzarətinə aldığı söylənilir?

– O da var. O amildən də şübhələnirəm və etirazımın bir hissəsi də onadır. XXI əsrdə regional amil üzərində partiya yaratmaq olmaz – məxsusən bu partiya milliyyətçi bir partiyadırsa…

 

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button