Qətlə yetirilən müsavatçının bacısı: “Məktəb direktorunun da mənəvi məsuliyyəti var”

Yeganə Mehdi: “Natiq Anadolu Universitetini bitirmişdi, müxalifətçi olduğuna görə ona iş vermirdilər, bu üzdən gözətçi işləyirdi”

Müsavat Partiyasının üzvü, başqanlığa namizəd olmuş Natiq Mehdinin qətlə yetirilməsindən 1 ay keçir. Onun qətlində ittiham olunan Elsevər İslamovla bağlı istintaq Xətai Rayon Prokurorluğunda davam edir.

1966-cı il təvəllüdlü Elsevər İslamov Xətai rayonundakı 55 saylı orta məktəbin direktor müavini olub. Natiq Mehdi isə məktəbdə gözətçi işləyirdi.

Natiq Mehdinin bacısı, istintaqda onun hüquqi varisi qismində tanınan Yeganə Mehdi hesab edir ki, qardaşının başına gələnlərə görə məktəb rəhbərliyi də məsuliyyət daşıyır. Hesab edir ki, məktəb rəhbərliyi vaxtında tədbir görsəydi, belə bir hadisə yaşanmazdı.

Yeganə Mehdi Meydan TV-yə danışır ki, məktəbin direktoru ilə görüşüb:

Direktor Yaqut Kərimli ilə danışdım. O, müavininin problemli olduğunu bilirmiş. Ona 5-6 dəfə töhmət verilib. Uzun müddət məktəbin zirzəmisində ailəsi, azyaşlı uşaqları ilə yaşayırmış. Onu oradan zorla çıxarıblar. Yəni direktor bu adamın mahiyyətini bilirdi. Üstəlik, onun Natiqə qarşı aqressiyasından da xəbərdar olub. Bunları bilə-bilə yenə də ona deyirmiş ki, “işçilərinə qarşı sərt davran, tələbkar ol”. Mən bununla bağlı iradımı onun özünə də bildirdim. Natiqi çağırıb deyə bilərdi ki, “vəziyyət yaxşı deyil, sən işdən çıx”. Natiq çıxıb gedəcəkdi. Onsuz da oradan çıxmağı düşünürdü. Yaqut Kərimlinin baş verənlərdə cinayət məsuliyyəti olmasa da, mənəvi məsuliyyəti var…”.

Yeganə Mehdi deyir ki, onu təəccübləndirən həm də məktəb kollektivinin, Elm və Təhsil Nazirliyinin davranışı oldu. Onun sözlərinə görə, paytaxtın mərkəzindəki təhsil ocağında direktor müavini bir adamı öldürür, aparıb basdırır, üç gün işə gəlib-gedir, bunu biləndən sonra nazirlikdəkilər də, məktəbdəkilər də heç nə olmayıbmış kimi davranır:

Məktəbdən kimsə nə gəldi, nə başsağlığı verdi, nə də zəng elədi. Hansısa ticarət obyekti, inşaat məkanı deyil, təhsil ocağında belə bir ağır cinayət törədilib. Mən nazir Emin Əmrullayevə müraciət edirəm, belə davranış nə dərəcədə doğrudur, etikdir?”.

Yeganə Mehdinin sözlərinə görə, təqsirləndirilən şəxs istintaqa ifadəsində hadisənin mübahisə zəminində baş verdiyini bildirib. Deyib ki, Natiq Mehdi iş başında yatmış vəziyyətdə olub, bu üzdən aralarında mübahisə yaranıb. Mübahisə zamanı söyüş söydüyünə görə onu öldürüb. Daha sonra cinayəti gizlətmək üçün meyiti aparıb basdırıb. Üstündə olan sənədləri, avtomobilinin açarını, telefonunu  isə zibil qutusuna atıb:

Deyib ki, “Natiq anamı söydü, ona görə öldürdüm”. Mümkün deyil, Natiq söyüş söyən deyildi. İkincisi, mübahisə edəndə adamı öldürürlər? Direktora deyirəm ki, bu qədər töhmət verdiyiniz, problemli adamı niyə işdə saxlamışdınız? Cavab verir ki, “uşaqlarla münasibətləri yaxşı idi”. 2005-ci ildən o məktəbdə işləyirmiş. Natiqin orada işləməyi isə təxminən iki il olardı. Natiq Anadolu Universitetini bitirmişdi. Sadəcə, müxalifətçi olduğuna görə ona iş vermirdilər. Bu üzdən gözətçi işləyirdi. Maşını “Ağ şəhər”dən tapıldı, sənədlər, əşylar isə yox. Telefonu tapmaq istəyirdik ki, bəlkə nəsə mesaj ola bilərdi…”.

Foto: Meydan TV

Bacısı deyir ki, işi Natiq Mehdinin ürəyincə deyildi, hətta son vaxtlar onunla danışanda işdən çıxacağını deyirdi. Bu tədris ili başa çatanda ərizəsini yazmağı planlaşdırırmış:

“Deyirdi ki, çox sərtləşib, tətildə çıxacaq”.

Qardaşının qətlinin üstünün necə açılmasına gəlincə, Yeganə Mehdi danışır ki, özü Türkiyədə yaşasa da, hər gün bir neçə dəfə onunla danışıb, hal-əhval tuturdular. Sonuncu dəfə mayın 10-da qardaşına mesaj göndərib, lakin cavab gəlməyib. Öncə düşünüb ki, başı qarışıqdır, dostları ilə harasa gedib, lakin bir gün cavab gəlməyəndə narahat olmağa başlayıb:

Bakıda olan bacım oğluna zəng eləyib soruşdum ki, Natiq hardadır, niyə cavab vermir? Dedi ki, “biz də onu axtarırıq”. Soruşdum ki, polisə müraciət eləmisən? Dedi ki, “eləmişəm, amma polis axtarışa böyüklər üçün 72 saat, uşaqlar üçün 24 saat sonra başlayır”. Çünki ola bilər, harasa gedib, bu müddətdə qayıda bilər. 72 saat sonra da ortaya çıxdı ki, qətlə yetirilib.

Natiqi tək biz axtarmırdıq, dostları, partiyadan yoldaşları da axtarırdı. Sosial şəbəkələrdən də oxuyurdum, ehtimal vardı ki, bəlkə polis tutub, yeri barədə məlumat vermir. Çünki Müsavat başqanlığına namizəd olmuşdu. Sonra sosial şəbəkələrdə qətlə yetirilməsi barədə məlumat gördüm. Dərhal bacım oğluna zəng elədim, dedi ki, “hələ mənim xəbərim yoxdur, polisdəyik, görək nə deyirlər”. Kameralar vasitəsilə aşkarlanıb ki, məktəbdə öldürüb, aparıb kənarda basdırıb. Tələsik çıxıb gəldik Türkiyədən. Natiq heç kimə pislik edəcək, qarışqaya belə toxunacaq adam deyildi…”.

Natiq Mehdi mayın 10-da işə getmək adıyla şəxsi avtomobili ilə evdən çıxıb və yaxınları mayın 14-nə qədər ondan xəbər ala bilməyib. Müsavatçı fəalın yaxınları onun yerinin müəyyənləşdirilməsi üçün Xətai rayonu, 37-ci polis bölməsinə müraciət etmişdi. Mayın 14-də hüquq-mühafizə orqanları onun qətlə yetirildiyini müəyyənləşdirib.

Natiq Mehdi bu il keçirilən son seçkidə Müsavat başqanlığına namizəd olub. Lakin sonradan namizədliyini geri götürüb.

Müsavat Partiyasının qurultayı mayın 4-də keçirilib və İsa Qəmbər yenidən partiyanın başqanı seçilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button