Qəzzada azı 500 min nəfər aclığın bir addımlığındadır

Qəzza əhalisinin azı dörddə biri –576 min nəfər aclığın bir addımlığındadır, bütünlükdə əhalinin isə ərzağa ehtiyacı var. Buna bəzi ərzaq maşınlarının atəşə tutulması, talan edilməsi, ac adamlar tərəfindən ələ keçirilməsi səbəb olur. BMT rəsmiləri fevralın 27-də qurumun Təhlükəsizlik Şurasında bu haqda danışıblar.

BMT-nin humanitar ofisi və ərzaq, kənd təsərrüfatı təşkilatları Qəzzanın 2.3 milyonluq əhalisinin ərzaq təhlükəsizliyi böhranı ilə üzləşdiyini, ərzaq və humanitar təchizatların qıtlaşdığı şimalda ictimai asayişin pozulduğunu bildirib.

Qurumun humanitar məsələlər üzrə koordinatoru Rameş Racasinqham BMT-nin Təhlükəsizlik Şurasında deyib ki, “vəziyyətin daha da pisləşməsi üçün hər cür imkan var”.

Onun sözlərinə görə, Qəzza əhalisinin dörddə birinin aclıq həddində olması ilə yanaşı, anklavın şimalında yaşı ikidən az hər altı uşaqdan biri kəskin pis qidalanma və çəki itirilməsidən əziyyət çəkir.

BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktor müavini Karl Skau qeyd edib ki, bu, dünyada uşaqların ən pis qidalanma səviyyəsidir. O xəbərdarlıq edib ki, “heç nə dəyişməsə, Qəzzanın şimalında aclıq qaçılmazdır”.

ABŞ və Avropa İttifaqının terrorçu saydığı HƏMAS radikal qruplaşması oktyabrın 7-də İsrailin cənubuna hücum edib, min 200 nəfər öldürülüb, 250 nəfər girov götürülüb. Bundan sonra İsrail Qəzzanı hədəfə alıb. Təl-Əviv bu qruplaşmanı məhv edəcəyini bildirir.

K.Skau BMT-nin anklavın şimalına yardım göndərməyi bərpa etdiyini açıqlayıb. Ancaq o, fevralın 18-19-da göndərilən yüklərin nəzarət-buraxılış məntəqələrində yubanma, atəş, digər zorakılıq, ərzaq talanı ilə üzləşdiyini vurğulayıb.

“Çatdıqları yerdə isə onları ümidsiz ac adamlar ələ keçirib”, – o deyib.

İsrailin BMT-dəki səfir müavini Brett Miller deyib ki, HƏMAS-la döyüşlərlə eyni vaxtda “bacardıqları qədər dinc sakinlərin qayğısına qalırlar”, müxtəlif ölkələrdən və BMT agentliklərindən humanitar yardımın daxil olmasını təmin etməyə çalışırlar.

Millerin sözlərinə görə, 7 oktyabr hücumlarından bəri İsrail 254 min ton humanitar yardımın, o cümlədən 165 min ton ərzağın çatdırılmasını asanlaşdırıb.

“Qəzzada dinc əhaliyə göndərilən humanitar yardımın həcminə qətiyyən limit qoyulmayıb – mən təkrar edirəm, limit yoxdur”, – Miller deyib.

O, BMT-ni Qəzzanın şimalına yardım göndərməkdən imtina etməkdə suçlayıb. BMT təmsilçiləri isə deyiblər ki, gözlənən aclıq təhdidini aradan qaldırmaqdan ötrü ilk addım atəşkəsdir, bu zaman humanitar işçilər Qəzzaya daxil ola bilərlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button