Qəzzada döyüşlərdə İsrail nazirinin oğlu həlak olub

Qəzza sektorunda radikal HƏMAS qruplaşması ilə döyüşlərdə İsrail ordusu baş qərargahının keçmiş rəisi, hazırda nazir postunda olan Qadi Ayzenkotun oğlu Qal Ayzenkot həlak olub. ABŞ və Avropa İttifaqı HƏMAS-ı terrorçu sayır.

Məlumatı ordunun baş qərargahı yayıb. Son bir sutkada Qəzza sektorunda iki israilli hərbi qulluqçunun öldürüldüyü, onlarda birinin 25 yaşlı böyük serjant Qal Ayzenkot olduğu bildirilir.

Onun atası Qadi Ayzenkot 2015-2019-cu illərdə baş qərargah rəisi olub. O, Knessetin müxalifətdən olan üzvüdür, oktyabrın 12-də milli birlik hökumətində hərbi kabinetin tərkibinə salınıb. Bu kabinet HƏMAS-ın İsrailə hücumundan sonra yaradılıb.

Oktyabrın sonunda Qəzzada başlayan quru əməliyyatında həlak olan israilli hərbçilərin sayı 80-i keçib. HƏMAS-ın neçə radikal üzvünün öldürüldüyü açıqlanmır. Bu qruplaşmanın nəzarətində olan Qəzzanın səhiyyə nazirliyi yalnız ümumi itki sayını açıqlayır, indiyədək azı 17 min nəfərin öldürüldüyünü bildirir.

HƏMAS oktyabrın 7-də İsrailin cənubuna girərək azı min 200 nəfəri qətlə yetirib, 240 nəfər girov götürülüb. Bundan sonra İsrail Qəzzanı bombalamağa başlayıb. Hazırda azı 130 nəfər hələ də girovluqdadır.

Həm sektorun şimalında, həm də cənubunda ağır döyüşlər gedir. İsrail hərbçiləri cənubdakı Xan Yunis şəhərini nəzarətə götürməyə çalışırlar. Baş qərargah Qəzzanın şimalında onlarla HƏMAS üzvünün əsir götürüldüyünü açıqlayıb.

İsrailin şimalı isə Livandan, “Hizbullah” radikal şiə qruplaşması tərəfindən atəşə tutulub, bir nəfər həlak olub.

İsrail deyir ki, məqsədi HƏMAS-ın məhv etmək, Qəzzaya nəzarəti ondan almaqdır. İsrailin, əsasən, Yaxın Şərqdə və islam dünyasındakı tənqidçiləri iddia edirlər ki, Təl-Əvivin məqsədi Qəzza sektorunu nəzarətə götürmək, fələstinli əhalini çıxarmaqdır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button