Qəzzanın cənubunda ağır döyüşlər gedir

Dekabrın 11-də İsrail tankları ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşmasına qarşı döyüşləri davam etdirib. Döyüşlər, əsasən, Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri və ətrafında gedir. Bu arada BMT rəsmiləri humanitar fəlakətin qarşısını almaqdan ötrü atəşkəs çağırışlarını bir daha dilə gətiriblər.

İsrailin Qəzzanın şimalını bombalaması nəticəsində anklavın 2.3 milyonluq əhalisi evindən didərgin düşüb. Təl-Əviv hərbi əməliyyatlara HƏMAS-ın oktyabrın 7-də qəfil hücumundan sonra başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzzada “fəlakətli” səhiyyə durumu ilə bağlı xəbərdarlıq edib. Fələstinli fəallar isə bazar ertəsi qlobal tətil elan edərək İsrailin atəşkəsə getməsi üçün koordinasiyalı işə başlayıb. Onlar ümumdünya tətilinin vaxtının çatdığını bildiriblər. Amma bunun qlobal miqyası, yaxud İsrailin müharibə planlarına təsiri aydın deyil, – “Reuters” belə yazır.

BMT Baş Assambleyasının 193 üzvü dekabrın 12-də atəşkəsin tələb olunduğu qətnamə layihəsini səsə qoyacaqlar.

Cümə günü – dekabrın 8-də ABŞ BMT Təhlükəsizlik Şurasının humanitar məqsədlərlə dərhal atəşkəs təklifinə veto qoyub.

Bazar günü Qətərin paytaxtı Dohada beynəlxalq konfransda ərəb ölkələrinin xarici işlər nazirləri ABŞ-ın vetosunu tənqid ediblər. Qətər ötən ayın sonunda atəşkəsin əldə olunmasında əsas rol oynayıb.

BMT-nin baş katibi Antonio Quterreş deyib ki, atəşkəs çağırışından əl çəkməyəcək.

HƏMAS oktyabrın 7-də İsrailə qəfil hücum edərək min 200 nəfəri qətlə yetirib, 240 nəfəri girov götürüb. İsrail isə buna cavab olaraq 2007-ci ildən Qəzzanı idarə edən HƏMAS radikal qruplaşmasını məhv edəcəyini bildirib.

Qəzzadakı səhiyyə orqanları İsrailin hücumları nəticəsində 18 minədək insanın öldürüldüyünü, 49 min 500 nəfərin xəsarət aldığını açıqlayıb. Dekabrın 1-də başa çatan birhəftəlik atəşkəs dövründə 100-dək israilli girov azad olunub.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button