Qəhrəmanlar unudulmur!

QARABAĞ AZADLIQ TƏŞKİLATI TƏQDİM EDİR:

29 avqust Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür. Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayəti Vladimir rayonunda hərbçi ailəsində anadan olub, 1964-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. O, Azərbaycan Tibb İnstitutunu bitirib, bir müddət həkim işləyib, lakin həmişə daha çox jurnalistikaya həvəs göstərib, 1990-cı il Qanlı Yanvar hadisələri zamanı Sovet Ordusunun cinayətlərini bütövlükdə lentə alıb, unikal kadrlar yaradıb və bundan sonra həyatını tamamilə telejurnalistika sənətinə bağlayıb. O, Azərbaycan televiziyası tarixində yenilikçi, cəsur, operativ xəttin bünövrəsini qoyanlardan olub, “215KL” studiyasının yaradıcılarından olub. Çingiz Mustafayev Azərbaycan hərbi telejurnalistikasının ən parlaq nümayəndəsi olub, döyüş bölgələrindən əvəzolunmaz kadrlar çəkib, Qarabağ müharibəsinin ilkin dövrünün videoxronikasını yaradıb, həm də könüllülərin cəbhəyə getməsinin ilk təşkilatçılarından, ilk çağırış edən və ilk döyüşə gedənlərdən olub. O, həm kamerası, həm də həqiqi silahla döyüşlərdə iştirak edirdi, 1992-ci il iyunun 15-də Naxçıvanik kəndi yaxınlığındakı ağır döyüşdə qəhrəmancasına həlak olub.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. DİN Şüvəlan qəsəbəsində istirahət zonası, Bakı şəhərində küçə, ANS ÇM radiostansiyası, Azərbaycan gəmilərindən biri onun adını daşıyır. Yaşadığı evin önündə xatirə lövhəsi vurulub, C.Naxçıvanski adına Hərbi Litseydə büstü qoyulub.

31 avqust Milli Qəhrəman Yunis Nəcəfovun doğum günüdür. Yunis İsa oğlu Nəcəfov 1967-ci il avqustun 31-də Kəlbəcər şəhərində anadan olub, orta məktəbi Goranboy rayonu Qarqucaq kəndində bitirib, peşəkar zabit kimi SSRİ-nin müxtəlif yerlərində hərbi xidmətdə olub, 1990-cı il Qanlı Yanvar hadisələrini pislədiyinə görə hərbdən uzaqlaşdırılıb, 1991-ci ildə könüllü olaraq cəbhəyə gedib, bölük komandiri olub, Kərkicahan, Malıbəyli, Şuşa, Kəlbəcər, Vəng və digər döyüşlərdə qəhrəmanlıqla vuruşub, 1992-ci il avqustun 24-də Vəng kəndi uğrunda gedən döyüşdə xüsusi qəhrəmanlıq göstərib, lakin döyüşün sonunda həlak olub.

Goranboy rayonu Qarqucaq kəndində dəfn edilib. Goranboy şəhəri və Bakıda Biləcəri qəsəbəsində büstü qoyulub.

1 sentyabr Milli Qəhrəmanlar Natiq Əhmədovun və Kazımağa Kərimovun doğum günüdür.

Natiq İlyas oğlu Əhmədov 1969-cu il sentyabrın 1-də Xocalı rayonu Kosalar kəndində anadan olub, 6 yaşında ailəsi ilə birlikdə Ağdam rayonu Novruzlu kəndinə köçüb. O, 1991-ci ildə Xocalı rayonu daxili işlər şöbəsinə daxil olub, ətraf kəndlərin, Ağdam-Şuşa yolunun mühafizə olunmasında sücaət göstərib, 1991-ci il sentyabrın 26-da xidmət yoldaşı Əli ilə birlikdə Əsgəran yaxınlığında ermənilərin pusqusuna düşüb, düşmənin artıq qüvvələrinə qarşı sona qədər vuruşub və qəhrəmancasına həlak olub. 8 oktyabr 1992-ci ildə Milli Qəhrəman adını alıb. Ağdam rayonu Novruzlu kəndində dəfn edilib.

Kazımağa Mövsüm oğlu Kərimov 1951-ci il sentyabrın 1-də Qubadlı rayonu Sarıyataq kəndində anadan olub, sonralar Goranboy rayonunda aqrar sənaye sahəsində çalışıb. O, 1991-ci ildə Birinci Goranboy batalyonuna daxil olub, Erkəc, Qaraçinar, Meşəli və digər əməliyyatlarda rəşadətlə vuruşub, az sonra İkinci batalyonun komandir müavini olan leytenant Kərimov həm də özünü cəsur və bacarıqlı hərbi rəhbər kimi göstərib, Meşəli kəndinə düşmənin növbəti hücumunu dəf edərkən ağır yaralanıb və 1992-ci il iyunun 15-də Bakıda hospitalda dünyasını dəyişib. 23 iyun 1992-ci ildə Milli Qəhrəman adını alıb.

Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Goranboy şəhərində büstü qoyulub, rayonun Qızılhacılı kəndinin mədəniyyət evi onun adını daşıyır.

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button