Qənimət Zahid Ankarada kitab yazır

“Azadlıq” qəzetinin baş redaktoru müalicəsini bitirən kimi Vətənə qayıdacaq…

Qənimət Zahid: “Son 20 ildə bir dəfə ümumi bir müalicə kursu keçməyə ehtiyacım yarandı”

“Bu biri otağa gəlin işim var”…

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin birdən-birə ölkəni tərk etməsi müxtəlif şərhlərin bildirilməsinə və versiyaların səslənməsinə səbəb oldu. Ancaq çox keçmədi ki, Qənimət Zahid Türkiyədə olduğunu bəyan etdi və buraya müalicə məqsədi ilə gəldiyini bildirdi. Həmkarımızla ötən həftə əlaqə saylaya və suallarımızı ona yönəldə bildik. Qənimət bəy eksklüziv olaraq Ankaradan “Xural”ın suallarını cavablandırdı. Onun xəsisliklə verdiyi cavabları Oxucularımızın diqqətinə çatdırırıq.

 

– Səfərin məqsədi nədir?

– Səfərdə xüsusi bir məqsədim yoxdur. Son 20 ildə bir dəfə ümumi bir müalicə kursu keçməyə ehtiyacım yarandı. Mənim ciyərlərimdə nəsə problem yaranmışdı. Eyni zamanda sinir sistemində ciddi problemlər var. Bu müalicə prosesinin bir müddət alacağını düşünürəm. Müalicə başa çatandan sonra “Azadlıq”ın əməkdaşlarının icazəsi ilə məzuniyyətə çıxmağı düşünürəm. Açığı, həmin bu son 20 ildə nə zaman ailəmlə birlikdə istirahət etdiyim heç yadıma gəlmir.
– Müayinə necə gedir, ciddi bir şeylər yoxdur, inşallah?

– Müayinələr orqanizmdə sadaladığım problemlərin olduğunu təsdiq edir. Amma bəzi dəqiqləşdirmələrə də ehtiyac var. Yaxın bir həftədə effektiv müalicəyə başlayacağımı güman edirəm.
– Eşitdik ki, fürsətdən istifadə edib Ankarada həbsxanadan kitab yazırsınız?

– Hə, fürsətdən istifadə edib kitab üzərində işləyirəm. Bu, həbsxana xatirələrinin süjeti üzərində qurulan bir kitab kimi nəzərdə tutulur. Dinc, yəni yazı-pozusuz dayana bilmirəm.
– Yeri gəlmişkən, həbsxanada yazdığınız kitabın taleyi necə oldu?

– Həbsxanada yazdığım kitab həbsxanadan çıxa bilmədi. Orada qaldı. O zaman vəkillərimə verilən arayışda təsdiq edilirdi ki, həmin əlyazmalar məhv edilib.
– Azərbaycanla, “Azadlıq” qəzeti ilə əlaqə saxlaya bilirsinizmi?

– Azərbaycanla da, “Azadlıq”la da hər gün əlaqə saxlayıram. Bəlkə də hər gün deyil, hər saat əlaqə saxlayıram, deyə bilərəm. Müasir texnologiyalar buna çox rahatlıqla imkan verir. Əslində, işdə olanda da öz otağımdan nadir hallarda çıxırdım. Uşaqlara zarafatla deyirəm (yazıram) ki, “bu biri otağa gəlin işim var”.

– Yazdılar ki, istefa verib. Biryolluq Azərbaycanı tərk edib…

– Hə, orada yazılanları oxudum. Və sevindim. Populyar adam olanda ictimai diqqətin altında yerləşməmək mümkün olmur (Bunu qeyri-təvazökarlıq elementi kimi qeydə ala bilərsiniz). İstefa vermək fikrim yoxdur. Amma mən büt-filan deyiləm və “Azadlıq”ın kollektivi nə zaman qərar versə ki, daha mənim qəzeti təmsil etməyim effekktiv deyil və daha effektiv variant var, o zaman rəhbərliyi böyük məmnuniyyətlə kollektivin məsləhət bildiyi adama təhvil verə bilərəm. Başlıcası budur ki, “Azadlıq” var və olmaqda davam edəcək. Azərbaycanı isə göründüyü kimi müalicə üçün tərk etmişəm və bu punkt üzrə ətraflı cavab verdiyimi güman edirəm.
– Nə zaman qayıdırsınız?

– Buraya gəldiyim zaman çox məhdud sayda adam bu barədə bildi. Kollektivin dışında bir-iki yaxın dost və qohum. Amma bir gün sonra hamı bildi. Buradan qayıdanda heç kimə heç nə deməsəm də, hamının biləcəyinə şübhə yoxdur. Adamlara sürpriz eləməyə də qoymurlar. Amma çalışacam ki, sürpriz olsun.

 

XuralTAC

 

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button