Qənimət Zahidin ailəsinə dördotaqlı mənzil verilib

«Azadlıq»ın baş redaktoru 2 həftəyə Azərbaycana qayıdır…

 “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva “Mediaforum” saytına açıqlama verib. Bir müddət əvvəl Qənimət Zahid Azərbaycanda övladlarının həyatına təhlükə olduğunu deyərək xanımını, oğlunu və qızlarını Fransaya aparıb. Hazırda ailə Parisdədir.

Ayəndə Mürsəliyeva Fransa paytaxtında yerləşdiklərini, vəziyyətlərinin yaxşı olduğunu vurğulayıb: “Uşaqlardan ötrü çox qorxurduq. Övladlarımız heç istəmirdilər ölkədən getməyi. Amma biz təhlükənin çox real olduğunu bilirdik, ona görə onları da məcbur etdik”.

Qənimət Zahidin 10-15 günə Azərbaycana qayıdacağını vurğulayan Ayəndə Mürsəliyeva Fransada onlara dördotaqlı mənzil verildiyini qeyd edib: “Şəraitimizdən narazı deyilik. Evimiz şəhərin sakit bir yerində, adi yaşayış kvartalındadır. İndi əsas problemimiz uşaqların təhsil məsələsini həll etməkdir. Dörd uşağın dördü də fransız dili kurslarına başlayıb. Bu prosesdən sonra böyük qızlar – Aysel və Çilənay fransız dilindən imtahan verəcək və özlərinə universitet seçib oxuyacaqlar. Kiçik qızımız Hunay və oğlumuz Ərhun isə orta təhsillərini davam etdirəcəklər”.

Ayəndə Mürsəliyeva Parisdə boş dayanmayacağını, “Azadlıq” qəzeti üçün bəzi layihələr gerçəkləşdirəcəyini deyib: “Ola bilsin, Parisdə bir təşkilat da yaratdıq. Hələlik, bu yöndə ideyalarımız var. İnşallah, gerçəkləşəndə hamı xəbər tutacaq”.

“Xural” qəzeti,

il 9, sayı: 037 (445), 20 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button