Qənimət Zahidin qohumlarına 12 il iş verildi

Azərbaycanda “analoqu olmayan inkişaf” hökm sürdükcə müxtəlif sahələrdə xeyli “yeni ugurlar” əldə olunmaqdadır. Bu “yeniliklər”-dən biri də ölkədə yeni-yeni əcaib, ağlasığmaz, qanuna zidd hadisələrin baş verməsi və ictimai-siyasi gündəmə yeni terminlərin daxil olmasıdır. Məsələn, biz terrorçuların hər hansı bir binanı, bankı, təyyarəni ələ keçirmək üçün dinc, günahsız insanları girov götürüb onlardan istifadə etdiklərini bilirdik. Ən azından, bu hadisələri xarici kinolarda tez-tez görürdük. Amma son zamanlar həmin kinolarda yer alan səhnələri biz başqa bir formada Azərbaycan reallığında görməkdəyik. Belə ki, Azərbaycan hakimiyyəti öz rəqiblərini susdurmaq və onlara təzyiq etmək üçün həmin şəxslərin qohumlarını girov kimi həbs edib həbsxanalarda saxlayır. İndiyə qədər AXCP sədri Əli Kərimliyə görə onun qaynı Elnur Seyidovu, Elşad Abdullayevin məlum videolarına görə onun qardaşı oğlu Mübariz Abdullayevi, eləcə də Günel Mövludun qardaşlarını, Emin Millinin qaynını, Natiq Adilovun qardaşı Muradı, Qənimət Zahidin qohumlarını və digərlərini girov götürüb. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları həmin şəxsləri çox haqlı olaraq “siyasi girov” adlandırır.
Bu gün “siyasi girov”-ların sıyahısında olan 2 nəfər – “Azərbaycan saatı” verilişinin müəllifi Qənimət Zahidin qohumları Rüfət Zahidov və Rövşən Zahidovun hər biri (Qənimət bəyin qardaşı oğlu və əmisi oğlu olduqları üçün) heç bir dəlil-subut olmadan, şərlənərək 6 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanın sərvətlərini, xalqın pulunu avropalı diplomatlara hədiyyə edib bunun qarşılığında onlardan öz vətəndaşına qarşı həyata keçirdiyi repressiyalara göz yummasını istəyən hakimiyyətdən bundan artığını gözləmək mənasızdır.
Yuxarıda adları qeyd olunan şəxslər dövlət səviyyəsində həyata keçirilən siyasi terrorun qurbanlarıdır. Vaxt gələcək onlar bəraət, onları terror edənlər isə layiqli cəzalarını alacaqlar. Buna kimsənin şübhəsi olmasın.
Kürü diplomatiyası, Dubay mülkləri, ofşor hesablar, Panama şirkətləri, rüşvət alan avropalı deputatlar ifşa olunduqları kimi dinc, günahsız insanlara qarşı siyasi terror həyata keçirənlər də ifşa olunub layiqli cəzalarını alacaqlar!
O gün uzaqda deyil!

Oktay Gülalıyev

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button