Qadağalar ölkəsi

Əvəz Zeynallı

Salam olsun qadağalara qarşı dirənənlərə!

 Müstəqilliyin 20-ci ilində tariximizin heç bir zamanında qarşılaşmadığımız qadağalar zinciri ilə qarşı-qarşıyayıq. Ölkənin ümumi ictimai-siyasi sistemində baş verən və getdikcə dərinləşən qadağalar silsiləsi gün keçdikcə artır. Bunun sadə bir səbəbi var. Hakimiyyət və hörmətli gənc prezident İlham Əliyev Azərbaycanı əvvəlki kimi idarə edə bilmir. Söz bitəndə, ağıllı icraatlar tükənəndə isə yol zora qalır. Xüsusilə, İlham Əliyev ikinci dönəm prezident seçildikdən sonra zor yolu gün keçdikcə artıb. Hətta atasından qalan bəzi-para işlər var ki, İlham Əliyev onlara da qadağa qoydu. Məsələn, Heydər Əliyev heç olmasa ölkədən xaricə gedəndə və ölkəyə qayıdanda jurnalistləri salamlayır, onların məhdud olsa da suallarına cavab verirdi. Heydər Əliyev jurnalistləri döydürür, sonra da qəbul edib başlarını tumarlaya bilirdi. Bizim gənc və dəliqanlı prezidentimizin buna hövsələsi yoxdur. O, sadəcə suallardan xoşu gəlmir və bildiyi kimi də rəftar edir. Ona görə də zorakılığa meyllilik onu dövlətin sivil idarəsindən uzaqlaşdırır. Bunlar öz aralarında da belədir. Necə xalqla, elə də bir-biri ilə. Evlərində, villalarında da yumruqlaşırlar. Bunların zarafatları belədir. Şəhər uşağıdırlar axı.

Müsavat Partiyasının 100 illik yubileyini qadağan elədilər. Biabırçılıq o həddədir ki, hətta danışılmış və behi verilmiş şadlıq evləri də bu qadağaların içində yer aldılar. Heç bir güvəncə yoxdur bu ölkədə. Elə bir hala gətiriblər. Təsəvvür edin, bunlar istəməsə, hətta bir gənc özünə toy da edə bilməz. Təsəvvür edin, Əli Həsənovun gözünə yaxşı dəyməyən bir adam öldü getdi.

Şadlıq evləri aldıqları behi qaytarır, danışılmış tədbirləri pozurlarsa, deməli, bu ölkədə bir şeylər yerində getmir. İqtidar bununla həm də Azərbaycanın imicini bərbad günə salır. Müsavat Partiyasının 100 illiyinə gələn qonaqlar elə özləri boyda da təbliğat maşınıdırlar. Bütün dünyaya belə bir ədəbsizliyi aparıb çatdırdılar. İnsan, iqtidar, hökumət nə qədər zəif ola bilər ki, bir partiyanın yubileyini bir salonda keçirməyə icazə verməsin. Bu, bitişdir. Bu, sondur. İdarə edə bilməməyin sonu.

Mitinqlər qadağan, küçələrdə yürüş etmək yasaq. Allah qoymasa, 20 illik yubiley keçirirlər. Bunların hamısı müstəqilliyin əleyhinə olan adamlardır. İlham Əliyev bu ölkənin müstəqilliyinin əleyhinə olan adamlara vəzifə, pul, gələcək verir, bu ölkənin həqiqi istiqlalçılarına isə həbsxana və mərhumiyyətlər. Belə olarmı? Gör iş nə yerdədir ki, müstəqilliyin 20 illiyi münasibətilə keçirilməsi planlaşdırılan küçə yürüşünə də qadağa qoyulub. İqtidarın mübariz və siyavuşkimilərinin məntiqinə görə, bayram şənlikləri küçə yürüşləri yolu ilə qeyd olunmamalıdır. Maraqlıdır, bu adamlar bizə necə bayramlaşacağımızı da diqtə etməyə çalışırlar. Bunların məqsədi Azərbaycanda vahid sovet xalqı kimi bir şey yaratmaqdır. Bunlar təktipli bir zümrə yaratmaq istəyirlər. Özlərinə oxşar – yaltaq və ələbaxan. Amma unutduqları bir şey var – tarixdə təktip toplumları yaradanlar böyük və ideoloji cəhətdən güclü adamlar olub. Bunların heç bir sahədə gücləri yoxdur, bunlar getdikcə uçuruma doğru daha həvəslə addımlayırlar.

Bütün bu qadağaların içində dünən bir qadağa xəbəri də aldıq. «Asiya Dialoqu»nun toplantısının ləğvi haqqında məlumat gəldi. Sevil Nuriyevanın təşkilatçılığı ilə keçiriləcək toplantı «Park İNN»də olmalı idi. Təşkilatçılar bütün dəvətnamələrini paylayıb bitirəndən sonra «Park İNN»dən xəbər gəlib ki, bəs bizdə problem var. Dərhal yer dəyişdirilib, amma işin başqa bir tərəfi var. Kim qadağa qoyur bu ölkədə? «Park İNN»in tədbirdən imtina etməsi «Niaqara» şadlıq evinin Müsavat Partiyasının tədbirindən imtina etməsi kimi bir şeydir. Burada məsələ bir az da qəlizdir. Çünki işin içində yəhudi barmağı var. İndi bizim tədbirlərimizə yəhudilər də qadağa qoya bilir, çünki «Mavi Mərmərə» olayı yəhudilərin əbədiyyən üzqarası olaraq qalacaq. Onlar bu üz qaralarının Azərbaycanda da bilinməsini, şahidlərin burada danışmasını, toplumun gözünün önündə hər şeyin dartışılmasını istəmirlər. Onlar özlərini bu ölkənin ağaları kimi aparmaq istəyirlər və aparırlar da. Təəssüf ki, bizim iş adamlarımız da bu miskin əməllərin qurbanlarına çevrilirlər. Ölkələrinin və bizim təhlükəsizliyimizdənsə, hansısa yəhudinin maraqlarının keşiyində dayanırlar.

Biz bu qadağalar ölkəsində sonuna qədər dirəniş göstərməliyik. Bütün qadağaların ortadan götürüləcəyi günə qədər mübarizəmiz və müqavimətimiz davam etməlidir. Azərbaycan adam kimi bir dövlət olmayınca, dava da bitməməlidir. Bütün qadağalar cəhənnəm olana qədər millət və onun düşünən beyinləri ayaqda durmalıdırlar – A-dan Z-yə qədər.

Qadağalarsız Azərbaycan uğrunda döyüşə atılanlara salam olsun!

Salam olsun qadağalarsız gələcəyə!

“Xural” qəzeti,

il 9, sayı: 061 (471), 16 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button