“Qadın Liderliyi Uğrunda” İctimai Birliyi məktəblilər arasında inşa və rəsm müsabiqəsi elan edib

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyi məktəblilər arasında inşa və rəsm müsabiqəsi elan edib. Bu barədə “Azərbaycan müəllimi”nə birliyin sədri Ülkər Abdullayeva məlumat verib.  O bildirib ki,  Azərbaycan Konstitusiyasına görə, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Lakin son illərdə dünyada və ölkəmizdə radikal dini cərəyanların qorxu və şiddət yayan əməlləri ilə bağlı ciddi narahatlıqlar mövcuddur. Din beynəlxalq terrorizmin başlıca “ilham mənbəyi” hesab olunur. Təəssüf ki, bəzən dünyanın ən humanist dini sayılan “İslam”ın adı terrorizmlə yanaşı çəkilir. Özünü islam dininə aid edən, əslində isə təməli islamdan tamamilə uzaq olan bəzi cərəyanlar dindən maddi və siyasi məqsədlər üçün istifadə edirlər. Onların dünyanı lərzəyə salan hərəkətləri islamafobiyanın genişlənməsinə səbəb olub.

Ü.Abdullayeva vurğulayıb ki, “Qadın Liderliyi Uğrunda” İctimai Birliyi bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycan qadınlarının ölkəmizin milli təhlükəsizliyinə təhdid olan radikal dini cərəyanlar və onların təsirlərindən qorunmaq istiqamətində maarifləndirilməsi, bu cərəyanlarla mübarizəyə təşviq edilməsidir. Layihə çərçivəsində, həmçinin təhsil müəssisələrində radikal dini qruplaşmalar əleyhinə təbliğati işlərin görülməsi nəzərdə tutulur. Təbliğatın stimullaşdırılması məqsədilə məktəblilər arasında aşağıdakı mövzularda inşa və rəsm müsabiqəsi keçirilir.

 

Müsabiqənin mövzuları: 

 

– Cəhalətlə siyasət arasında;

– Niyə radikal dini cərəyanların ən böyük düşməni qadınlardır;

– Radikal dini cərəyanlar bəşəriyyətə yalnız faciələr gətirir;

– Dini radikalizm qadınlara qarşı təhdid vasitəsi kimi;

– Fanatizmdən terrorizmə doğru qorxunc yol;

– Xurafatçı və radikal dini cərəyanlar islamafobiyanın elementi kimi.

 

Müsabiqənin şərtləri və qaydalarına gəldikdə isə Ü.Abdullayeva nəzərə çatdırıb ki, müsabiqədə iştirak etmək istəyən orta məktəblərin 8, 9, 10 və 11-ci sinif şagirdləri bu mövzulardan birini seçərək ona aid inşa yaza, yaxud rəsm (həmçinin karikatura) çəkə bilərlər. Respublikamızda fəaliyyət göstərən bütün orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri müsabiqəyə qatıla bilər. Birlik sədri bütün şagirdləri müsabiqədə fəal iştiraka dəvət edərək, müəllim və valideynləri öz şagird və övladlarını müsabiqəyə iştiraka həvəsləndirməyə, inşa və rəsmlərin kompüterə köçürülərək təşkilatçıya göndərilməsində onlara kömək etməyə çağırıb.

Qeyd edək ki, yazılmış inşanın kompüterdə (Azərbaycan şriftləri ilə 12 ölçüdə, 1 A4 ölçülü vərəqdən çox olmayaraq) yığılmış mətni, rəsmin (ölçü A3-dən böyük olmayaraq) skanerdən çəkilmiş surəti təşkilatçının e-mailinə göndərilməlidir. İnşa və rəsmlə yanaşı, müəllifin adı, soyadı və atasının adı, oxuduğu məktəb və sinif, yaşadığı ünvan və işlək telefon nömrələri barədə məlumatlar da müvafiq e-mailə göndərilməlidir.

Müsabiqəyə təqdim olunan inşa və rəsmlər müsabiqə başa çatdıqdan sonrakı 10 gün müddətində ekspertlər tərəfindən 10 ballıq sistem üzrə qiymətləndiriləcək. Ən çox bal toplamış 4 şagirdə (2 nəfər  inşa və 2 nəfər rəsm üzrə) müvafiq mükafat və diplomlar veriləcək, müsabiqədə fərqlənən şagirdlər isə həvəsləndirici diplomlarla təltif ediləcəklər. Müsabiqənin nəticələri KİV-də və layihənin facebook səhifəsində yayımlanacaq. Qaliblərə mükafatlar təşkilatın müəyyən etdiyi tarixdə və yerdə təqdim olunacaq.

Müsabiqəyə 31 may 2019-cu il tarixindən start veriləcək və 9 iyun 2019-cu il tarixində (24:00-da) yekunlaşacaq. Müsabiqənin vaxtı bitəndən sonra göndərilən inşa və rəsmlər müsabiqəyə buraxılmayacaq.

Müsabiqədə hər bir şagird yalnız 1 inşa, yaxud 1 rəsmlə iştirak edə bilər.

Müsabiqəyə təqdim edilən inşa və rəsmlər leaderwoman@gmail.com və ulker2007@list.ru ünvanlarına müsabiqə müddətində  sutkanın 24 saatında göndərilə bilər.

Əlavə suallar yarandıqda hər gün saat 09:00-dan 18:00-dək bu telefonlara zəng etmək mümkündür: 050 337 80 71, 055 207 54 90

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button