Qalib Bayramov: “Məqsəd işıqlı insanı öldürməkdirsə, 37-ci ildəki kimi güllələyin”

Yayımlandı: 12 Fevral 2024 15:25

Qubad İbadoğlunun vəziyyətinin pisləşdiyi bildirilir

Həbsdə olan iqtisadçı Qubad İbadoğlunun səhhətinin kəskin pisləşdiyi bildirilir. Bu barədə danışan qardaşı Qalib Bayramov deyir ki, yeddi aya yaxındır, qanunsuz həbs edilən iqtisadçının səhhətində son günlər kəskin pisləşmələr qeydə alınıb. Növbəti endokrinoloq müayinəsindən sonra II tip şəkərli diabet xəstəsi olan Qubad İbadoğluna polineyropatiya diaqnozu qoyulub, 10 günlük sistem köçürülməsi və sistem bitdikdən sonra bir aylıq dərman müalicəsi (Alfa lipoy turşusu) təyin edilib:

Şənbə günü sistem üçün tələb olunan dərmanları və ləvazimatları Bakı İstintaq Təcridxanasının Tibbi Sanitar Hissəsinə (“Sançast”) təqdim etmişik”.

Qalib Bayramov deyir ki, son yeddi ayda şəkərin bir gün belə aşağı düşməməsinin səbəbi bərbad saxlanma şəraiti, stress və qardaşının gündə ən azı 2 saatlıq gəzinti hüququnun təmin olunmamasıdır:

“Analiz və müayinələrin nəticələri Ədliyyə Nazirliyi tərəfindən saxtalaşdırılıb. Qardaşım müvafiq keyfiyyətli tibbi yardımla əhatə olunmur. Bu da hüquqi nöqteyi-nəzərdən (beynəlxalq insan hüquqları könvensiyalarına müvafiq olaraq) qeyri-insani rəftar və işgəncə hesab olunur”.

Qalib Bayramov deyir ki, qardaşının səhhətinin kəskin pisləşməsinə baxmayaraq Ədliyyə Nazirliyi və Penitensiar Xidmət onun müalicə müəssisəsinə köçürülməsinə imkan vermir:

Qalib Bayramov. Foto: “abzas.net”

“Analiz və müayinələrin nəticələrinin saxtalaşdırılmasının bir səbəbi Avropa İnsan Hüquqları Məhkəməsini yanlış yönləndirməyə (aldatmağa) cəhddirsə, digər bir səbəbi yerli və beynəlxalq ictimaiyyətdə qardaşımın müalicə müəssisəsinə köçürülməsinə ehtiyac olmadığı qənaətini yaratmaqdır. Tibbi sənədlərdə saxtakarlıq edən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi qardaşımın səhhətinin sürətlə pisləşməsini (faktiki vəziyyəti) artıq etiraf etməli olub ki, ona müalicə kursu təyin edilib. Əgər qanda gündəlik şəkərin səviyyəsi (qlükoza) və 3 aylıq orta şəkər (qlikohemoqlobin-gizli şəkər) göstəriciləri, Ədliyyə Nazirliyinin iddia etdiyi kimi, bugünədək həmişə norma daxilində olubsa, qardaşımın periferik sinirləri niyə zədələnib?”.

Qalib Bayramov əlavə edir ki, hələ də qanda şəkərin yüksək səviyyəsinin qardaşının digər daxili orqanlarında hansı fəsadlara yol açmasından xəbərsizdirlər:

“Aortanın anevrizmasının hansı mərhələdə (diametrdə) olduğunu bilmirik, qalxanabənzər vəzin böyüməsini (şişməsini) vizual olaraq şənbə günü şüşə arxasından müşahidə etsək də, xəstəliyin irəliləməsi vəziyyəti və onurğadakı fəsadlar (protruziya, degenerasiya və sinir qıcıqlanması) barədə məlumatsızıq”.

Sonda o əlavə edir ki, bir həftədən sonra istintaq dövrünün ikinci uzadılma müddəti başa çatır və bu 3 ayda bir dəfə belə istintaq hərəkəti aparılmayıb:

“O zaman qardaşıma nədən belə zülm yaşadırsınız? Əgər məqsədiniz Azərbaycanın işıqlı bir insanını öldürməkdirsə, niyə bunu tədricən, qardaşıma əzab verə-verə icra edirsiniz, istintaq oyununa nə ehtiyac var, 37-ci ildəki babalarınız kimi “insaflı” davranın, divara dirəyib güllələyin, bitsin”.

Penitensiar Xidmət, Foto: https://justice.gov.az/

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov Meydan TV- yə bildirib ki, Qubad İbadoğlu daimi həkim nəzarətindədir. Tibbi xidmətə əli çatır:

“Sonuncu dəfə beşinci gün yoxlanılıb, hazırda sağlamlığı ilə bağlı həyati təhlükəsi yoxdur, vəziyyəti normaldır. Şəkər xəstəliyi elə bir şeydir ki, dərmanla bərabər pəhriz də saxlamalıdır. Endekrinoloqun daimi nəzarətindədir. Hətta pəhrizlə bağlı ona tövsiyələr də verilib. Təzyiqində isə ciddi kənaraçıxmalar olmur, nəzarətdədir. Onun özündə də şəkər ölçən cihaz var, yəni bizə güvənmirsə, özü də ölçə bilir. Vəziyyəti yaxşıdır. Həkim onun damarında tıxanma ilə bağlı hər hansı rəy verməyib, deyilənlər vəkilin sözləridir”.

İyulun 24-də barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilən iqtisadçıya qarşı saxta pul, dini-ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması ittihamları irəli sürülüb. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Bugünədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri Qubad İbadoğlunun azad edilməsi üçün çağırışlar edib. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadçı Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib.

Məhkəmə 39-cu qaydanı (müvəqqəti məcburiyyət tədbirləri) əsas götürərək Azərbaycan hökumətinə suallar göndərib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button