Qalina Aleksandrovna Əvəz Zeynallıya məktub yazdı: “Siz bu işdə mənə kömək etməsəniz…”

İldırımzadə qardaşlarının cəmiyyətdə arxaları o qədər möhkəmdir ki, mən onların qarşısında heç kiməm

 

Bir neçə müddətdir “Əmrahbank” tərəfindən aldadılan rus əsilli Azərbaycan vətəndaşı Burlaçuk Qalina Aleksandrovnanın problemləri ilə bağlı qəzetimizin baş redaktoru Əvəz Zeynallı, Xural TV-nin “Siyasət meydanı”nda ardıcıl çıxışlar edir. Burlaçuk Qalina Aleksandrovnanın məsələsi demək olar ki, gündəmin əsas məsələlərindən birinə çevrilib. Redaksiyamıza bir daha müraciət edən Burlaçuk Qalina Aleksandrovna Əvəz Zeynallıdan yenə məsələni diqqətdə saxlamağı xahiş edib. Xural.com Burlaçuk Qalina Aleksandrovnanın məktubunu Oxucuların diqqətinə təqdim edir:

 

“Xural TV-nin baş redaktoru cənab Əvəz Zeynallıya!

Hörmətli Əvəz müəllim, mənim başıma gələnlər barəsində hazırladığınız verilişlərə görə çox sağ olun. Mən verilişlərinizi qonşumun iştraki ilə izlədim, mənə tərcümə edildi. Çox sağ olun, böyük zəhmət çəkmisiniz. Allah Sizə yar olsun və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətli Əvəz müəllim! Mənə məlumat verdilər ki, “Əmrahbank”ın lisenziyası Mərkəzi bank tərəfindən ləğv olunaraq həmin banka müvəqqəti inzibatçı təyin olunmuşdur. Bu, onu göstərir ki, mənim depozitlərimin qaytarılması məsələsi üçün mən yenə 12 il gözləməli olacağam. Özünüz bilirsiniz ki, mən Azərbaycanda tənhayam, yalnız bir əmanətim var, o da həyat yoldaşımın məzarıdır. Mən Sizdən xahiş edirəm ki, mənim məsələmi unutmayasınız. Bilirəm ki, Siz bu işdə mənə kömək etməsəniz, heç kim mənə kömək əlini uzatmayacaqdır və mənim bu həyatda bir arzum var, onu da yerinə yetirə bilməyəcəm.

Hazırda mənim pullarımı dələduzluqla mənimsəyən bankın filialının keçmiş müdiri Əli Məhərrəmov barəsində Bakı Agır cinayətlər Məhkəməsində karantin rejiminin tətbiqi ilə əlaqədar məhkəmə baxışı təxirə salınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində hakim P.Qvaladzedinin başıma açdığı qanunsuz qərarından sonra mən heç güman etmirəm ki, məhkəmə barəmdə ədalətli qərar qəbul etsin?

 

İldırımzadə qardaşlarının cəmiyyətdə arxaları o qədər möhkəmdir ki, mən onların qarşısında heç kiməm

Bank bağlandıqdan sonra onun öhdəliklərinə kim cavab verəcək? Bunun özü də mənim üçün böyük bir fəlakətə çevrildi, artıq mən anlayıram ki, bürokratik əngəllər mənim yaş həddimə imkan verməyəcək ki, mənə məxsus pulları dövlətdən geri qaytaram. Hamı müxtəlif bəhanələrlə əngəllər törətməklə mənim ölümümü gözləyəcək ki, mənə məxsus pulları mənimsəsinlər. Mən bilirəm ki, sonda hamı məhkəmənin qətnaməsini tələb edəcəkdir. Heç kim bilmir ki, məhkəmə prosesləri neçə ay və ya neçə il uzana bilər! Sözsuz ki, İldırımzadə qardaşları çalışacaqlar ki, həmin məhkəmə prosesinin gedişində maksimum dərəcədə öz xeyirlərinə istifadə etsinlər ki, sonradan cəmiyyətdə törətdikləri əməllərə görə bəraətverici rəy ala bilsinlər.

 

İldırımzadə qardaşlarının mövqeyi o qədər böyukdür ki, ola bilsin ki, hətta məhkəmələr Əli Məhərrəmova bəraətverici hökm çıxarsın

Hörmətli Əvəz müəllim, mən belə başa düşürəm ki, İldırımzadə qardaşları mülki prosesdə mənim başıma gətirilənləri yenidən cinayət məhkəməsində təkrarlayacaqlar, belə ki, Əli Məhərrəmova qarşı irəli sürülən ittihamlar Bakı Ağır Cinayətlər məhkəməsində təsdiqini taparaq onun barəsində hökm verildikdən sonra məhkəmə qərarları Apellyasiya instansiyasına və Ali Məhkəmə instansiyalarına ötürüləcək. Bu isə bildiyiniz kimi bir neçə il davam edə bilər. Əgər qeyd etdiyim baş verərsə, mən yaş həddim və səhhətimlə əlaqədar bu dünyada ola bilər ki. olmayam. Digər tərəfdən, İldırımzadə qardaşlarının mövqeyi o qədər böyukdür ki, ola bilsin ki, hətta məhkəmələr Əli Məhərrəmova bəraətverici hökm çıxarsın.

Hörmətli Əvəz müəllim, əgər diqqət yetirsəniz görərsiniz ki, Konstitusiya Məhkəməsində mənim şikayətimə baxılarkən hansı hakimlər heyəti formalaşdırıldı? Mənə söylənilən məlumatlara görə, Konstitusiya Məhkəməsində mənim şikayətimə baxan tərkibə (S.Həsənova, C.Qaracayev, İ.Nəcəfov) daxil olan hakimləri əvvəlcədən məhz diqtə ilə formalaşdırılmışdır ki, “Əmrahbank”ın mənafəyeni müdafiə etsinlər. Siz təcrübəli və uzaqgörən jurnalistsiniz, yəqin ki, bir balaca keçmiş illərimizə müraciət etsəniz, mənim Konstitusiya Məhkəməsinin əvvəlcədən formalaşdırılan qeyd etdiyim tərkibin təsadüfi olmaması qənaətinə gələcəksiniz.

 

Mən öz hüquqlarımı necə qorumalıyam?

 

Hörmətli Əvəz müəllim, mən nə vaxt televizorları açıramsa, orada Azərbaycanda tolerantlıq və multikulturalizm prinsiplərinin bərqərar olmasından danışılır. Əgər belədirsə, onda nəyə görə bu prinsiplər məhkəmə və hüquq mühafizə orqanlarında mənim şikayətlərimə baxılarkən mənə -rus milliyyətindən olan tənha 78 yaşlı qadına şamil edilmir? Nəyə görə mənim başıma gətirilənlər barədə Azərbaycan Prezidentinə və 1-ci Vitse-Prezidentə göndərdiyim məktub və şikayətlər həmin orqandan bumeranq kimi yenidən şikayət etdiyim şəxslərin üstünə yönəldilir? Mən öz hüquqlarımı necə qorumalıyam? 12 ildir ki, aldığım pensiyanı vəkil xidmətinə yönəltməkdən yorulmuşam, bilmirəm nə edim. 2019-cu ildə mən pensiyaçı olduğum üçün 2019-cu ilin yanvar ayında Ali Məhkəməyə müraciət etdim ki, mənə pulsuz vəkil təyin etsinlər. Bilirsiniz nə baş verdi?

Ali Məhkəmənin hakimi Mehbarə xanım Əhmədova 2019-cu ilin mart ayının sonunda bu barədə qərar çıxardı, lakin həmin qərar mənə göndərilmədi və mən məcbur qaldım ki, 2019-cu ilin mart ayında borc alıb öz hesabıma vəkil tutum, çünki vəkilim olmasaydı, mənim Ali Məhkəməyə göndərdiyim şikayətim qəbul edilməyəcəkdi və şikayət vermək hüququmun vaxtı mart ayında bitirdi. Mənim şikayətim Ali Məhkəməyə daxil olandan 2 ay sonra hakim Mehbarə Əhmədovanın poçtla qərarını aldım. Həmin qərarda göstərilirdi ki, mənə pulsuz vəkil təyin edilir və bu işin icrası Vəkillər Kollegiyasına tapşırılır.

 

Vəkillər Kollegiyasının üzvü Məhərrəmova Sevda məni 3 ay “tapa bilmədi”

 

Sizcə sonra nə oldu bilirsiniz? 2019-cu ilin may ayında Ali Məhkəmənsinin sədri R.Rzayev mənim Məhkəmənin Plenumuna göndərdiyim şikayətimin Plenuma çıxarılması və baxılmasına imtina qərarı qəbul etdi. Təqribən 2019-cu ilin 23 iyul tarixində mənə 012-404 51 02 telefonundan özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edən Məhərrəmova Sevda adlı bir qadın zəng edib bildirdi ki, o, Ali Məhkəmənin hakimi Mehbarə Əhmədovanın mənə pulsuz vəkil təyin edilməsi barədə qərar alıb və artıq 3 aydır ki, məni axtarır, tapa bilmir və çalışır ki, mənim hüquqlarımı Ali Məhkəmədə qorusun. Mən ona bildirdim ki, artıq gecdir, Ali Məhkəmə mənim müraciət ərizəmə imtina cavabı verib. Yazdığım bu hadisə multfilmə bənzəyirmi?

 

Sizdən xahiş edirəm, mənim səsimi cənab Prezidentə çatdırasınız

Hörmətli Əvəz müəllim, Sizə bu haqda yazaraq bir daha Sizi əmin etmək istəyirəm ki, mən ədalətin bərpa edilməsinə ümidimi tam itirmişəm və belə hesab edirəm ki, İldırımzadə ailəsi üçün tolerantlıq və multikulturalizm prinsiplərinin dəyəri sıfırdır. Sizcə təsvir etdiyim bu hadisə təsadüfdən doğur, ya bilərəkdən bank tərəfindən təşkil edilən aksiyadır? Deyirlər ki, təsadüf zərurətdən doğur. Ona görə də mən hesab edirəm ki, gələcəkdə baş verən hadisələr də bankın rəsmilərinin və onun hüquq mühafizə orqanlarındakı dayaqlarının zəruri hərəkətləri olacaqdır. Mən Sizdən xahiş edirəm, mənim səsimi cənab Prezidentə çatdırasınız. Mən may ayının 10-da dünyaya gəlmişəm, lakin mənim doğulduğum gün 12 iyun 1942-ci il göstərilib. Bu, ona görə olub ki, bizim yaşadığımız Odessa vilayəti Almanlar tərəfindən həmin illər işğalda olubmuş və faşistlər pravoslav kilsəsini bağlamışdılar. Ayda bir dəfə açırmışlar ki, doğulan uşaqların qeydiyyatını aparsınlar. Mənim nənəm 12 iyunda kilsəyə getdiyi üçün mənim doğum sənədim 12 iyun 1942-ci ilə təsadüf edib, sonraki sənədlər də bununla əlaqədar tərtib edilib. 10 may tarixi Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Mən hesab edirəm ki, əgər Siz mənim səsimi cənab Prezident İlham Əliyevə çatdıra bilsəniz, o, multikulturalizm və tolerantlıq prinsiplərinə sadiq qalaraq mənə qarşı humanizm göstərər və öz ədalət hədiyyəsini məndən əsirgəməz və mənim – 78 yaşlı rus qadının iztrablarına son qoya bilər.

Sizdən xahiş edirəm ki, bir daha qiymətli vaxtınızı mənim problemimə həsr edib öz verilişlərinizdən birində mənim müraciətimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin nəzərinə çatdırasınız.

Sizə ümid və hörmətlə

Burlaçuk Qalina Aleksandrovna”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button