Qanunsuz hökm

İlqar Altay: “2 aprel məhbuslarına çıxarılmış hökm qanunsuz və ədalətsizdir”

 İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, müstəqil təhqiqatçı-hüquqşünas İlqar Altay 2 aprel aksiyası zamanı həbs olunmuş müxalifətçilərə qarşı ittiham üzrə keçirilən məhkəmənin nəticəsinə etirazını bildirmişdir. Bu barədə bizimlə əlaqə saxlayan hüquqşünas aşağıdakıları bildirdi:

«6 aydan çox istintaq-məhkəmə prosesi getdi. Proses bütün ictimaiyyətin, ziyalıların, aidiyyətli mütəxəssislərin diqqətində oldu. Təəssüflər olsun ki, nə ibtidai, nə də məhkəmə istintaqının irəli sürülmüş ittihamları üzrə real fakt, dəlil-sübut, şahid ortaya qoyması müşahidə olunmadı. Çıxarılan hökmlər də bu səbəbdən əsassız və qanunsuz olmaqla, mühakimə prosesinin istər-istəməz siyasi sifariş mötivli olması qənaətinə gətirib çıxardı».

İ.Altayın vurğulamasına görə, bu, onun göstəricisidir ki, 2 aperl 2011-ci ildə keçirilən mitinq dinc fikir və söz ifadə etmə aksiyası olmuşdur və orada qanun pozuntusu baş verməmişdir: «Nəticə etibarılə keçirilən istintaq-məhkəmə prosesi və çıxarılan hökmlər öz ədalətsizliyi ilə ictimaiyyət içərisində dərin narazılıq yaratmışdır. Artıq Azərbaycan cəmiyyətinin qeyri-siyasi təbəqələri, ictimai təşkilatlar, tanınmış ziyalılar, alimlər, deputatlar, hüquqşünaslar, aidiyyətli mütəxəssislər məhkəmənin çıxardığı qərarlara öz narazılıqlarını bildirirlər».

Bu ədalətsiz prosesi bir çox insanların psixoloji cəhətdən öz üzərində hiss etdiyini bildirən ekspert-kriminalist bununla, onların öz təhlükəsizlikləri barədə də narahat olmasına əsas verildiyini vurğuladı: «Fikir yaranır ki, əgər şəhərin mədəni guşəsində dinc aksiya keçirən insanlar hüquq-mühafizə orqanları tərəfindən bu cür zorakılıqla şərlənib həbs olunursa, onda məsələn, demokratik prinsiplərə arxalanıb, hakimiyyət və onun strukturları barədə müstəqil tənqidi araşdırmalar aparmış mütəxəssislərin, media numayəndələrinin  aqibəti necə ola bilər»?

İlqar Altay bu cür ədalətsiz məhkəmə qərarlarının Azərbaycan hakimiyyətinin və dövlətçiliyinin imicinə zərər vurduğunu qeyd etməklə birlikdə, həbs olunanların da azad olunacağına ümidlə yanaşdı: «Hesab edirəm ki, geniş ictimai narazılıq doğurmuş ədalətsiz məhkəmə prosesi növbəti yuxarı məhkəmə instansiyası tərəfindən  nəzərə alınmalı və Arif Hacılı da başda olmaqla, həbsdə olan bütün siyasi müxalifət nümayəndələri bəraət alıb azad olunmalıdırlar».

“Xural” qəzeti,

il 9, sayı: 052 (461), 06 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button