QANUNU ƏN ÇOX POZAN HAKİMLƏR” MÜKAFAT” LANDIRILDI – VİDEO

25.01.2013

Yanvarın 25-də Sülh və Demokratiya İnstitutu 2012-ci ilin nəticələrinə əsaslanaraq, “zolaqlı mantiya” uğrunda mübarizədə “qalib” çıxan hakimlərin adlarını açıqlayıb. Mantiyaya layiq görülən 14 hakim namizəd arasından 4-ü seçilib. Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus bildirib ki, üçüncü yerə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyeva layiq görülüb. O qeyd edib ki, Ramella Allahverdiyeva ötən ilin may ayından “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının işini bu günə qədər araşdırıb, qurtara bilmir. Baş redaktorun məhkəmə prosesinin sonu görünmür. Əvəz Zeynallıya qarşı irəli sürülən rüşvət ittihamı sabiq deputat Gülər Əhmədovanın yazılı ərizəsinə “əsaslanır”. 9 aydır ki, hakim Ramella Allahverdiyeva ittiham tərəfinin əsas şahidi olan Gülər Əhmədovanı prosesə gətirərək onun sonadək dindirilməsini təmin etməyib. Halbuki “deputat mandatının alveri” əməliyyatının iştirakçısı Gülər Əhmədovanın özü haqqında hazırda cinayət işi qaldırılıb və o Cinayət Məcəlləsinin dələduzluq maddəsilə ittiham olunur. Hakim Ramella Allahverdiyeva Azərbaycan Konstitusiyasının 28 və 127-ci maddələrini, eləcə də Cinayət Prosessual Məcəllənin 9 və 14-cü maddələrini kobud şəkildə pozduğu üçün “zolaqlı mantiya” ilə təltif olunub. II yeri Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının hakimi Zakir Quliyev tutub. O, mülkiyyət əleyhinə cinayətlərlə bağlı vətəndaşların iddialarını qəbul etməməkdə ittiham edilir. Zakir Quliyev Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsinə qərar verən hakimdir. I yeri isə eyni vaxtda iki hakim tutub. Bunlardan biri Nərimanov rayon məhkəməsinin hakimi Turqay Hüseynov, digəri Bakı Apellyasiya məhkəməsinin hakimi Rizvan Səfərovdur. Onlar evinin qanunsuz sökülməsinə qarşı çıxan Şirinbacı Rzayevanın oğlu İlqar Rzayev barəsində azadlıqdan məhrum etmək qərarı çıxardıqlarına görə bu yerə layiq görülüblər. Çıxışlarında hakimiyyəti tənqid edən Şirinbacı Rzayevanı günahlandıra bilməyən iqtidar onun oğlu İlqar Rzayevi cəzalandırıb. Tədbirdə iştirak edən ana iqtidarın bu addımı bütün anaları qorxutmaq məqsədilə atdığını deyib. Daha maraqlı bir cəhət evinin sökülməsilə bağlı Şirinbacı Rzayevaya 61 min manat pul verilməsi haqda məhkəmə qərarı olsa da Bakı şəhər icra hakimiyyəti məhkəmə qərarının icrasından imtina etməsidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button