Qapın bağlan(ma…)sın, ANS!

Sakit Orduxanlı

Sakit Orduxanlı, “Xural”ın Cənub Bürosunun rəhbəri

ANS get-gedə Cingiz Mustafayevdən uzaqlaşır…

Susmaq, bir daha telekanallar barədə yazmamaqda qərarlıydım. Ki, onsuz da min dəfələrlə yazılmasına baxmayaraq, onlar “abırlarını ətəklərinə bükmək”dənsə, daha da abırsızlaşır, tənqiddən şişmanlaşırlar. Amma millətin ətinə-qanına “yerikləyən” bu telekanallarda son aylarda efirə gedən verilişlərə baxdıqdan sonra susmamağa, bu köşəni yazmağa qərar verdim.

Telekanalların, xüsusilə də ANS-in hansı siyasi oyuna qatıldığını bilməsəm də, onun rəhbərliyinin ətək-ətək pul töküb dublyaj etdikləri xarici cizgi filmləri və seriallara baxandan sonra həm ANS-ə, həm də “var”-“yox” anlamayan 4 yaşlı ogluma yazığım gelir. Axı necə də olmasa, onlar hər ikisi mənim ailəmin üzvüdür və həm onun, həm də bunun milli dəyərlərə üstünlük verməsini, milli ruhda böyüməsini istəyirəm. Amma son 3-4 ildə oğluma vurduğum sillənin müsbət nəticəsini görsəm də, mənim və milyonların ANS-ə vurduğu “sillədən” kar aşmır, get-gedə o Çingizlikdən, Cingiz Mustafayevdən uzaqlaşır. Bəli, sözümdə haqlıyam. Ki, zamaninda özümüzün və uşaqlarımızın şüurunu itiləşdirən, maariflənmə və milli dəyərlər məktəbi olan ANS o ANS deyil. Maraqlı tok-şoularıyla, insanların problemlərinin həlliylə, peşəkarlığıyla digər kanallardan fərqlənən ANS-dən dünya kanallarıyla rəqabətə girməyi gözlədiyimiz, gözümüzün nurunu ona verdiyimiz və uşağımızın, ailəmizin tərbiyələnməsini özümüzdən çox ona ümid olduğumuz bir zamanda ANS bağlandı və bu bağlanmanı hamımız, xüsusilə də biz ”Xural”çılar faciə bilməklə onlarla, mən deyərdim ki, bəlkə də onlardan çox narahat olduq. Yox, biz bunu nə Mirşahinə, nə Mustafayev qardaşlarına, nə də cəmi ANS-çilərə görə yox, çox sevdiyimiz millətin efir tribunasına görə etmişdik. Etmişdik ki, millətin efiri tez bir zamanda açılsın və millətin dediyini desin.

Yadımdan çıxmamış onu da deyim ki, kanal bağlanan gün qəzetçi, baxıcı və televiziyaçı, daha doğrusu, “ANS”-çi kimi mən hamıdan çox narahat idim. Bəli, düz eşitdiniz, ”ANS”-çi kimi…

Haşiyə:

1992-ci ilin oktyabr ayında Cəbhə-Müsavat hakimiyyətinin hakimiyyətsizliyindən yetərincə yararlanan İsgəndər Həmidov və onun OMON-çuları Cəlilabadda sərhədyanı kəndləri “şmon” etməklə sakinlərin namusuyla, mənəviyyatıyla oynayırdılar. Və bir gün onlardan biri qızıl-zinyət axtarmaq adıyla əlini gənc bir qadının sinəsinə soxanda Cəfərli kənd sakini Dilavər Məmmədov həmin OMON-çunun sözün yaxşı mənasında oğraşlığına dözməmiş və etiraz etmişdi və həmin adam 9 avtomat atəşiylə Dilavər Məmmədovun bədənini deşik-deşik etmiş, onun evindən 100 metrə kənarda səhərə qədər yeyib-içmişdilər. Hadisənin səhəri günü 60-a yaxın sakin Bakıya gedib etirazımızı bildirməkdən ötrü təşkilatların qapısında boynumuzu büksək də, nə PA, nə MM, nə də DİN bizi dinləmədi. Bax, onda bizə yalnız həyatını təhlükəyə atan Mirşahin yiyə durdu. Həm MM-in qarşısında, həm də kənddə çəkilişlər apartdırdı və kənddəki çəkilişin müxbiri Eminin (soyadını unutmuşam) kameramanı mən oldum. Bəli, məhz ona görə mən özümü ANS-çi adlandırdım…

ANS açılanda hamı kimi mən də sevindim. Amma sevincim çox yox, cəmi 2-3 gün çəkdi, ilk günlərdəcə ANS-in 180 dərəcə dəyişdiyinin şahidi olduq. Açılan ANS-in dili bağlanmışdı, dönüb olmuşdu “mayanez”! “Xəbərçi”nin və daha neçə-neçə baxıcının rəğbətini qazanmış verilişlərin efirdə dadı-duzu qaçmiş, “böyüklərə” doğru meyllənmə başlanmışdı. ANS siyasi məsələlərdən tamamilə uzaqlaşıb qapısını şou-biznesə açmışdı. Efirdə siyasətçilər yox, samirlər, röyalar, aygünlər, nadirlər…, xatirələr görünürdü. Tamaşaçı “Nəzər Nöqtəsi”ni, “Gəlir hara gedir”i, “Ən yeni tarix”i gözləyə-gözləyə yaşlaşdı, qocaldı, həmin verilişlərin yerini isə səviyyəsiz, günümüzlə ayaqlaşmayan “Mədəni Niyyət”, “Türkün məsəli”, “Qonaqlıq”, “Eybi yox”, “Bağlama” kimi verilişlər tutdu…

Bəli, az qala sinələrinə də “Döyüş alnınıza yazılıb” sözünü tatirovka etdirən Mirşahin, Vahid və Seyfulla döyüş bölgələrində ən qaynar nöqtələrdən kadrlar çəkib xəbərlər çatdırmaqla xalqın sevimlisinə, “milli qəhrəman”a çevrilsələr də, ANS bağlanıb-açılandan dərhal sonra xalqın gözündən düşdülər. Çünki daha Mirşahin döyüşkənlikdən, Vahid hərbi vətənpərvərlikdən, Seyfulla isə millilikdən, mənəvi dəyərlərimizdən danışmır, ara-sıra “xalaxətrin” danişanda da çəkinə-çəkinə, qorxa-qorxa danışırdılar.

Nə isə… İndi də gəlin bugünkü ANS-dən danışaq.

O ANS-dən ki, bu gün türkün milli olan bütün dəyərlərinin əleyhinə gedir, “Sevgililər Günü”nə “Xural”ın proyektidir deyibən qısqanclıqla baxır.

O ANS-dən ki, dünənki kimi nəinki onun “kameramanı”, hec sıravi tamaşaçısı da olmaq istəyində deyiləm. Niyə?!
Çünki ANS məni “İç xəbəri”m olmadan “Növbətçi”liyə vadar etməklə “Cinayət işi”nə sürükləyir və mən get-gedə kriminallaşır, vampirləşirəm!
Çünki ANS mənim “İncə maraqlar”ımı coxdan öldürüb, “Günəbaxan” kimi əyilməyə başlamışam. Mən get-gedə mütiləşirəm, dəyərsizləşirəm!
Çünki ANS məni “Toylar kralı” edərək kafirləşdirib, dini dəyərləri unutduğumdan cəmi müsəlmanlar İmam Hüseynə, Kərbəla müsibətinə ağlayır, mən isə təki “Toy olsun” deyirəm.
ANS məni “Kökaltı”na salmaqla tamam “Mədəni Niyyət”sizləşdirib. “İrəmlə Böyükdən kiçiyə”, ümumiyyətlə, kimə çatdım “De gəlsin” deyirəm, deməyənə isə “Qulp” qoyuram.
“Hami yerli mal alsın…” şüarı ANS-in “Ölümündən 24 saat əvvəl” ki şüarı idi və bu gün “Sabiranə” yox, “Elgizli axşamlar”da səsləndirilir o şüar…
Bəli, dünənə kimi “Hamı yerli mal alsın, xeyir Vətənə qalsın” deyən ANS bu gün yerli malları yox, yabançı və yalançı xarici şirkətlərin məhsullarını reklam edir. ANS xəcalət çəkmədən hər gün evlərimizdə bizlərə “Jalə”ylə “göbək açir”, “Kit-katla” “yambız oynadır” və bütün bunlara görə çəkməli olduğu xəcalət tərini “Selpak”la silmək əvəzinə, “Dirol”la diş ağardır üzümüzə…
Açılandan bəri can üstə olan ANS mənimçün bu gün ölüb! Ki o, millətə, xalqa yox, şouya qapı açdı!
…Ki, milli dəyərlərimizə, hərbi vətənpərvərliyimizə, dinimizə, dilimizə yox, şou əhlinə qapı açdı!
Qapın bağlansın, ANS!

İ.S. Vahid bəy, çox xahiş edirəm, kəsin özündə-sözündə olmayan Elgiz və Ülviranın səsini. Qapadın “Toy olsun”u! Mənim yox, 9 milyonun qardaşı Çingizin ruhu xatirinə!

“Xural” qəzeti
il: 9, sayı: 049(409), 09-15 yanvar 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button