QARABAĞ – QARALAN BAĞ

Ayaz Mütəllibov oğlunun vaxtsız ölümü səbəbilə Azərbaycana qayıtdı və Heydər Əliyevin məzarının üzərində baş əyərək, əfv dilədi. Bununla da Azərbaycan mediasının gündəminə çıxdı və onun birinci dərəcəli mövzusuna çevrildi. Biz də adekvat olaraq dərhal birinci prezidentin birinci – “Qarabağ – Qaralan Bağ” kitabını dərc etməyi düşündük. Bu kitab 1994-cü ildə yazılıb və orada Ayaz Mütəllibovun bir çox məsələlərə baxışı öz əksini tapıb. Oxucular üçün maraqlı olacağını düşünürük…

Xüsusilə indiki məqamda Ayaz Mütəllibovun fikirləri önəm daşıyır…

3

Bu sözləri deməklə, mən Gevorkovu müdafiə etmək fikrində deyiləm, məsələ prinsipdədir. Gevorkovu isə, bir sıra müşahidəçilərin fikrincə, vəzifəsində saxlamaq və cərəyan edən hadisələri araşdırmağı onun özünə tapşırmaq lazım idi. Bir çoxları belə hesab edirdilər ki, mitinq iştirakçılarının onu vəzifədən azad etmək tələbi təsadüfi deyildi. Gevorkovun vilayətdə və respublikanın yüksək dairələrdə nüfuzu olduğunu bildiklərinə görə, ondan qorxurdular. Ermənistanda isə bilməmiş deyildilər: Azərbaycan KP MK-da keçirilən müşavirələrdən birində Gevorkov açıq-aydın demişdi ki, o, mitinq iştirakçıları ilə Ermənistanın millətçi dairələrinin əlaqəsi haqqında KP rəhbərliyinə dəfələrlə məlumat verib, indi cərəyan edən hadisələr də onların əməlidir, çünki Yerevanın xüsusi nümayəndələri bu ərəfədə vilayətdə olmuşlar. Məlum idi ki, çaxnaşmaların hamısını “Krunk” (“Durna”) adlı qeyri-formal ictimai-siyasi hərəkat törədib. Onun ideya rəhbəri isə Ermənistanda yaradılmış eyni təmayüllü “Qarabağ” hərəkatı olub.

Bu millətçi təşkilatın üvləri, məsələn, xəlvəti iqtisadiyyatda böyük sərvət yığa bilmiş varlı adamlar idilər. Üstəlik, bəzi məlumata görə, göstərilən hadisələrdən əvvəlki bir il, bəlkə də iki il ərzində əhalidən pul yığılmışdı. Söz gəzirdi ki, Qarabağa qabaqcadan gizli şəkildə silah gətirilmişdi. Cəmiyyətdə bu cür danışıqlar tədriclə tam həqiqət kimi  qəbul edilir, qəti hərbi əməliyyatlara hazırlaşan düşmən obrazı yaradılırdı, bütün bunlar azərbaycanlıları cavab addımları atmağa təhrik edirdi. Millətçilərin təsiri ilə DQMV-də antiazərbaycan əhval-ruhiyysi daim gücləndirilirdi və bu, istər-istməz Gevorkova da təsir göstərir, onu Bakıdan verilən sərəncamlara qarşı çıxmağa məcbur edirdi. O, vilayət partiya komitəsinin plenumlarında iştirak etmək tapşırığı ilə gələn respublika ali partiya xadimlərini narazılıqla qarşılayır, deyinirdi: “Niyə gəlmisiniz? Məgər MK bizə inanmır? Axı, bilirsiniz ki, sizin burada olmağınız çoxlarını özündən çıxarır”. Lakin bu qaydanı SOV.İKP MK qoymuşdu, o, belə hesab edirdi ki, həmin qaydanın ləğvi yerli partiya orqanlarından ayrı düşmək demək olardı. Gevorkov bunu bilirdi. Beləliklə, elə təəssürat yaranırdı ki, o, ikitirəli mövqedə durur. Görünür, məhz həmin mövqedə durması nəticəsində o, sonralar vəziyyət üzərində nəzarəti itirdi və vəzifəsindən məhrum oldu.

Vilayət partiya komitəsinin yeni birinci katibi Henrix Poqosyan seçildi. O, əvvəllər Qarabağ vilayət şərabçılıq sənayesi birliyinin başçısı olmuşdu, partiya lideri vəzifəsinə seçilən vaxt isə vilayət aqrar-sənaye komitəsinin sədri idi. Mitinqdə iddia edirdilər ki, o, nüfuzlu şəxsdir, yaxşı təsərrüfatçıdır, buna görə də güman edirdilər ki, vəziyyəti normal hala sala biləcək. Yeri gəlmişkən, qeyd edim ki,70-80-ci illərdə Azərbaycanda üzümçülük və şərabçılıq “strateji” əhəmiyyətli sahələr idi. Onların coşğun inkişafı bu sahədə işləyən adamların həyat səviyyəsini xeyli yüksəltməyə imkan vermişdi, lakin geniş cinayətkarlıqla seçilən şərabçılıq sənayesində hədsiz qazanc onun təşkilatları və müəssisələri başçılarının ciblərinə axırdı. Qarabağ şərabçılıq birliyinin başçıları da istisna deyildilər. Amma həmişə olduğu kimi, fikirləşirdilər ki, SOV.İKP MK səhv eləmir, bu adamı orada yaxşı tanıyırlar və onun namizədliyi təsadüfi deyildi. Poqosyanın xeyrinə Gevorkov da zəmanət verdi.

Respublikada əks-səda

Həmin günlər Azərbaycan rəhbərliyinin Stepanakertdə baş verənləri ört-basdır etməyə çalışması, üstəgəl DQMV-də acı bağırsaq kimi uzanan mitinqin əsl məqsədləri haqqında yayılan şayiələr respublikanın vilayətə qonşu olan rayonlarında kor-təbii əməllərin genişlənməsinə kömək edirdi. MK-da tədbirlər taktikasının hazırlandığı zaman Bakıda çoxminli yığıncaqların ardı-arası kəsilmirdi. Qarabağın aran hissəsinin sakinləri dözmədilər, dəstə yaradıb Stepanakertə tərəf yollandılar. DQMV-nin sərhəddi yaxınlığında Ağdam əhalisinin bir hissəsi də onlara qoşuldu. Tezliklə dəstə muxtar vilayətin Əsgəran rayonu ərazisinə daxil oldu. İzdiham Stepanakertə tərəf irəlilədikcə ehtiraslar qızışırdı.

MK-nın və respublika Nazirlər Sovetinin məsul işçilərini təcili  surətdə ora göndərmək qərara alındı.

Azərbaycan KP MK-nın katibi Həsən Həsənov onlarla birlikdə Ağdama uçdu. Belə vəzifə qoyulmuşdu – insan axınını nəyin bahasına olursa-olsun saxlamaq və geri qaytarmaq. Hesab edirdilər ki, faciəvi toqquşmanın qarşısını başqa minvalla almaq mümkün deyil. Bədbəxtlik baş versəydi, ermənilərin və azərbaycanlıların birgə yaşadıqları digər şəhər və rayonlara yayılardı. Bu  mənada Bakı, Kirovabad, Sumqayıt daha böyük təhlükəyə məruz qalacaqdı – həmin şəhərlərdə onsuz da gərgin şərait yaranmışdı.

Lakin MK elçilərinin adamları dilə tutmaları, hətta yalvarmaları çoxminli izdihama təsir eləmədi. Danışırdılar ki, MK katibi Həsən Həsənov sözün əsl mənasında yerə sərilmişdi, amma bu da adamların qabağına ala bilməmişdi.

Nəhayət, danışıqların ən gərgin anında, bütün ağıllı dəlillər tükənəndə o vaxt Ağdam rayonundakı kolxozlardan birinin sədri, rayonda və respublikada hamının tanıdığı, elə indi də böyük nüfuz sahibi olan Xuraman Abbasova irəli çıxdı, başından yaylığını açıb bircə anlığa ayaq saxlayan adamların ayaqları altına atdı. El adətinə görə, adamlar yaylığı tapdalayıb keçsəydilər, qadın ismətini tapdalamış olacaqdılar. Və yaylıq yerdən qaldırıldı, bu cür qeyri-adi addım atmağa cürət etmiş qorxmaz qadına qaytarıldı. Heç kəs qadın şərəfinə toxunmağa ürək eləmədi, adamlar ağır-ağır, yavaş-yavaş geri dönməyə başladılar. Gördüklərindən riqqətə gəlmiş kişilərin bir çoxunun gözləri yaşarmışdı. Başları qızmış adamların qəlbində nə isə sanki çevrildi və onları ayıltdı.

Məhz həmin an yaxınlıqdakı yaşayış evinin pəncərəsindən atəş açıldı. Azərbaycan milisinin əməkdaşı yerindəcə öldü, bir nəfər yaralandı. Onlar bir azdan sonra şərəfsiz müharibəyə çevrilən və indiyədək davam edən bədnam millətlərarası münaqişənin ilk qurbanları oldular.

Şahidlər danışırdılar ki, bu atəşin açılmasına heç bir ehtiyac yox idi – adamlar dağılışırdılar. Həmin fitnəkarlığın adamların qəlbində necə alov doğurduğunu təsəvvür etmək çətin deyil. Buna baxmayaraq, onlar heç bir qisas tədbiri görmədən çıxıb getdilər, qan axıdılmasının davam etməsinə yol vermədilər. Həmin anda kimsə özünü saxlamasaydı, əlbəttə, dəhşətli qırğın başlanacaqdı.

Sonralar bu bədnam hadisəni müzakirə edərkən, çoxları deyirdi ki, o zamankı kortəbii yürüşün belə qurtarması DQMV-də bəzilərinin ürəyincə olmadı. Görünür, muxtar qurumun ərazisində qan tökülməsi vilayətin erməni əhalisinin sıxışdırılmasına dair şikayətlərə əlavə sübut olar, azərbaycanlıların vəhşi kimi qələmə verilməsinə kömək edərdi.

Prokurorluq Əsgərandakı hadisə ilə məşğul olmağa başladı. Ölkənin hüquq-mühafizə orqanları işçilərin bir qrupu Bakıya gəldi. Bir neçə gündən sonra SSRİ Prokurorluğunun məsul nümayəndəsi respublika televiziyası ilə çıxış edərkən, DQMV-nin ərazisindəki ilk azərbaycanlıların öldürülməsi faktını təsdiq etdi ki, bu da dərhal qəzəb dalğası yaratdı və respublikadakı şəraiti daha da gərginləşdirdi.

Qeyd etməliyəm ki, hüquq-mühafizə orqanları da özlərini az qala itirmişdilər, çünki cəmiyyətin demokratikləşməsi üzrə kampaniyanın acı nəticələri ilə ilk dəfə üz-üzə gəlmişdilər. Heç kəsin bu cür şəraitdə işləmək təcrübəsi yox idi. Qanunvericilik bazası da hadisələrə hazır deyildi. “Bizdə ictimai asayişi pozmuş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün dəlilli-sübutlu əsas yoxdur. Qoy DİN materialları versin, onda görək neylərik” – daha sərt tədbirlər görülməsinə dair tələblərə respublika prokurorluğunda təxminən belə cavab verirdilər. Hüquq-mühafizə orqanlarında heç kəs əməlli-başlı izah edə bilmirdi ki, elan olunmuş söz və ya yığıncaq azadlığı hansı şəraitdə artıb qanuna riayət edilməməsinə keçir? Buna görə də dövlətin qayda-qanunlarını qorumalı olan orqanlar SSRİ dağılanadək əllərini ağdan-qaraya vurmadılar.

Bir çoxları o zaman əmin idilər, elə indi də əmindirlər ki, bütün əməllər “yuxarı”dan başlamışdı. Mərkəzin hər şeyə qadir olması fikri adamların şüurunda çoxdan bəri kök salmışdı, respiblikada ancaq yuxarıdan qərar verilməsini gözləyirdiər. Moskva isə qonşu xalqları mehriban yaşamağa çağırmaqla kifayətlənir və tez-tez öz rəsmi nümayəndələrini göndərirdi. Bəlkə də Moskvanın nümayəndələri vilayətin rəhbərliyini dəyişəndən sonra bütün işlərin görülüb qurtardığını güman edir və təsirli tədbirlər həyata keçirməkdən çəkinirdilər. Müşahidəçilərin fikrincə, onlar bu cür hərəkət etməklə Dağlıq Qarabağ ermənilərinin dəyirmanına su tökürdülər. Sonralar bu fikir Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələri arasında geniş yayılacaq, antimoskva əhval-ruhiyyəsinin güclənməsinə və milli hərəkatın genişlənməsinə təsir göstərəcək. Uzaq Moskvanın DQMV-də baş verənləri lazımınca qiymətləndirmək və onların mümkün nəticələrini görmək iqtidarında olmadığı respublika Ali Soveti Rəyasət Heyətinin o zamankı sədri S.Tatlıyevin söhbətindən də görünür. Stepanakertdə mitinqbazlıq başlayanda o, ölkənin paytaxtında növbə çəkirdi. İttifaq parlamenti başçısının vəzifələrini müttəfiq respublikaların Ali Sovetləri sədrlərinin müəyyən müddətlərdə icra etmələri bu cür adlandırılırdı. Vilayətdəki hadisələrdən xəbər tutan kimi Tatlıyev tələsik respublikaya qayıtmaq istəmişdi. A.A.Qromıkoya müraciət etmiş və onun bu sualını eşidəndə mat qalmışdı: “Deyin görüm, orada nələr baş verir?” DQMV-də cərəyan edən hadisələrin mənasını və mümkün nəticələrini dövlətin başçısına (Qromıko SSRİ Ali Sovetinin sədri idi) uzun-uzadı izah etmək lazım gəlmişdi.

Həmin günlər Azərbaycan KP MK–da yenə də tələm-tələsik iclaslar keçirilirdi. İclasların birində DQMV-nin sosiali-iqtisadi inkişafı problemlərinə dair ittifaq qərarının hazırlanması məsələsi müzakirə edilirdi. Sonradan o, SOV.İKP MK Siyasi Bürosunun nəzərdə tutulan qərarının maddələrindən biri olacaqdı. Bununla əlaqədar olaraq Azərbaycan KP MK-nın və respublika Nazirlər Sovetinin muxtar vilayət rəhbərliyi ilə razılaşdırılmış qərar layihəsi təqdim edilməli idi. Həmişə bu cür hallarda olduğu kimi, sənədin hazırlanması Dövlət Plan Komitəsinə həvalə edildi. Siyasi Büronun bu tapşırığına respublika orqanlarının münasibəti birmənalı deyildi. Çoxları hesab edirdi ki, mitinq iştirakçılarının yedəyində getmək, ittifaq əhəmiyyətli qərar qəbul etmək lazım idi. Etiraf edim ki, Dövlət Plan Komitəsində də əməkdaşların əksəriyyəti həmin rəyə şərik idi. Bu, kollegiya iclasında hazırlıq üsullarını müzakirə etdiyimiz vaxt üzə çıxdı. Elə oradaca məsələ qalxdı: Naxçıvan Muxtar Respublikası haqqında da bu cür sənəd olacaqmı? Axı orada problemlər DQMV-dəkindən az deyil, əksinə, qat-qat çoxdur. Yoldaşlardan bəziləri bu fikirdə idilər ki, respublikanın tərkibinə daxil olan muxtar vilayət haqqında İttifaq qərarının qəbul edilməsi onun İttifaq səviyyəsinə çıxması demək olar ki, bu da mövcud şəraitdə Azərbaycanda siyasi vəziyyətə təsir göstərər. Bəli, fikirləşməyə, götür-qoy eləməyə dəyərdi, lakin etiraz edə bilməzdik: MK Siyasi Bürosunun tapşırıqları müzakirə edilmirdi, dəqiq və vaxtında yerinə yetirilirdi.

Qərara alındı ki, DQMV rəhbərliyindən qərar layihəsinə dair təkliflər istəyək. Lakin dəfələrlə müraciət etsək də, oradan heç nə göndərilmədi. Müəyyən edilmiş vaxt qurtarırdı. Demək olar, hər gün respublika MK-dan Nazirlər Sovetindən mənə zəng vurub tələsdirirdilər. Məncə fikirləşirdim ki, bu qərar vilayətin özünə daha çox gərəkdir, villayətə nələr lazım olduğunu onun öz rəhbərlərindən yaxşı bilən yoxdur, elə isə onların əvəzinə biz niyə işləməliyik? Oradan təkliflər gəlib çıxmadığına görə, qərara aldım ki, Dövlət Plan Komitəsinin bir qrup işçisini vilayətə ezamiyyətə göndərim, gedib lazımi işləri görsünlər. Qrup bir neçə gündən sonra Vilayət Plan Komitəsi rəhbərinin imzası olan arayışlarla qayıtdı. Biz qərar layihəsi üzərində işi tezliklə başa çatdırıb onu DQMV-yə göndərdik ki, vilayətin rəhbərləri vizalarını versinlər. Yenə də gözləməli olduq. Günlər keçir və məndə belə bir inam möhkəmlənirdi ki, biz tələb edilən imzaları ala bilməyəcəyik. Niyə? Ona görə ki, məlumatımız vardı: vilayətin rəhbərliyi bu sənədi respublikanın başı üstündən bilavasitə mərkəzə çıxarmaq niyyətindədir.

Bu niyyətin mənasını hadisələrin cərəyanı fonunda izah etmək çətin deyldi. DQMV-nin mərkəzindəki mitinqdə Azərbaycanın tərkibində qalmağı istəmədikləri barədə açıq danışmağa başlamışdılar. Tezliklə vilayət soveti də DQMV-nin Azərbaycanın tərkibindən çıxması və Ermənistanın tərkibinə daxil olması barədə qərar qəbul etdi. Moskva isə nəzərdə tutduğu qərar layihəsini intizarla gözləyirdi, amma onu muxtar vilayətin rəhbərliyinin vizası olmadan təqdim edə bilməzdik. MK-dan vurulan telefon zənglərindən dəng olmuşduq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button