QARABAĞ – QARALAN BAĞ!

Ayaz Mütəllibov

 Yenə də Bakıda

 Dövlət Təhlükəsizlik Komitəsinin başçısı Heydər Əliyev Bəxtiyar Vahabzadəni məzəmmətləmiş və ona xəbərdarlıq etmişdi ki, öz əsərlərində türkiyəpərəst təbliğatı dayandırmasa pantürkizmdə təqsirləndiriləcək…

 Biz narahat, kükrəyən Bakıya qayıdanda “Azadlıq” meydanında da mitinqlər gedirdi. Həm də bitişik qablar sistemində olduğu kimi, DQMV-də səslənən yeni söz, çağırış, tələb tezliklə Bakıya çatır və dərhal kütlələrin müzakirəsinə çıxarılırdı. Burada deyilənlər Stepanakertdə də müvafiq sürətdə qarşılanırdı. Hətta havaların soyuq keçməsi meydanda izdihamı seyrəldə bilmirdi. Elə təsəvvür yaranırdı ki, mitinqin təşkilatçıları elə bu yaxınlaradək təntənəli günlərdə respublika və şəhər rəhbərliyinin nümayişçiləri salamladığı və ya hərbi paradları qəbul etdiyi tribunada möhkəm və uzun müddətə qərar tutublar.

Tutqun mart günlərində adamlar işə gəlirlərmiş kimi bura yığışırdılar ki, separatçıların əməllərindən qəzəbləndiklərini bildirsinlər – o vaxt Qarabağ hərəkatının təşkilatçılarını separatçı adlandırırdılar. Zori Balayanın, Silva Kaputikyanın, Abel Aqabeqyanın, həmçinin “Krunk” hərəkatı fəallarının – Poqosyanın, Manuçarovun və başqalarının adları çıxış edənlərin dilindən düşmürdü. DQMV-dəki fitnəkarlıqların qarşısını qətiyyətlə almaq tələbləri səslənirdi.

Mitinqin mütəşəkkilliyinin durmadan artması, yenicə yaranmış Azərbaycan Xalq Cəbhəsi fəallarının asayişi bacarıqla qorumaları diqqəti cəlb edirdi. Getdikcə daha aydın görünməyə başlayırdı ki, yeni ictimai qüvvə meydana çıxmışdır. Bu hərəkatın liderləri son dərəcə açıq mülahizələr söyləyir, Azərbaycanın hakimiyyət orqanlarını, ölkənin rəhbərliyini tənqid edirdilər. Sərbəst surətdə söz demək, hamını çoxdan bəri düşündürən məsələlər haqqında çəkinmədən danışmaq imkanı və şəraitin yeniliyinin özü adamları meydana cəlb edirdi. Onların yekdilliyi heyrətamiz idi.

Mənim kabinetimin eyvanından meydan ovuc içi kimi aydın görünürdü. Respublikanın ərazi bütövlüyünə qəsd edilməsindən qəzəblənmiş vətəndaşların çılğınlığını görəndə təlaş hissi keçirirdim: onlardan kim və necə istifadə edəcək, onların qəzəbi hansı istiqamətə yönəldiləcək? Mitinq iştirakçıları əsrin əvvəlində kimlərsə iki xalqı toqquşduran zaman azərbaycanlılarla ermənilərin payına düşən müsibətin təkrar olunmasını istəmirdilər. Lakin indi də hər kəs fitnəkarlıq törədə bilərdi, yeri gəlmişkən deyim ki, sonralar Bakıda dəfələrlə hər cür fitnəkarlıqlar törədilirdi.

Mitinqin tribunasını getdikcə yeni-yeni natiqlər ələ keçirirdilər. Burada qabaqcadan yazılan və hərtərəfli düşünülmüş hamar çıxışlara, əvvəlcədən müəyyən edilən parlamentə yol verilmişdi. Aşkarlıq dövrünün hökmranlığı özünü böyük qüvvə ilə göstərirdi.

Partiya aparatının öz qüvvələrini liberal ziyalıların qüvvələri ilə birləşdirmək və birgə fəaliyyət xətti işləyib hazırlamaq imkanı hələ ki, vardı. Bu zaman adamların qüvvəsini lazımi məcraya yönəltməkdən ötrü təşəbbüsü ələ keçirmək də olardı. Fəqət  müstəqil surətdə fəaliyyət göstərməyi çoxdan bəri yadırğamış partiya nomeklaturu cərəyan edən hadisələrin yedəyində gedirdi və 1991-ci ilin payızında Azərbaycan Kommunist Partiyası növbədənkənar qurultayda özünü buraxmaqla fəaliyyətini dayandırdığı günədək yedəkdə qalırdı. Halbuki partiyanın fəaliyyəti və təşəbbüskarlığı 1988-ci ilin fevral-mart aylarında üzə çıxdsaydı, ona yeni nüfuz qazanmağa kömək edərdi və kim bilir, digər partiyalar və ictimai hərəkatlar ilə birlikdə o, bu gün də fəaliyyət göstərərdi.

Beləliklə, 1988-ci il əvvəldən-axıradək “Azadlıq” meydanındakı mitinqin təsri altında keçəcək. Bakının hakimiyyət orqanları xeyir verməkdən çox anlaşılmamazlıq və dedi-qodu doğuran yarımçıq tədbirlər görməkdə davam edəcəklər. Sonra paytaxta komendant saatı qoyulacaq, həm də bu hadisə Qorbaçovun ona “sülhpərvər şəxs” şöhrət qazandıran beynəlxalq təşəbbüslər irəli sürdüyü bir vaxtda baş verəcək.

Adamların gecə-gündüz toplaşdıqları meydanın həndəvərindəki küçələr boyu tanklar və zirehli maşınlar düzüləcək. Əhali onları dövrəyə alacaq və əsgərlərlə səmimi söhbətlər zamanı mitinqdə nələr baş verdiyini, orada nələr barədə danışıldığını, Dağlıq Qarabağın nə demək olduğunu onlara izah edəcəklər. Uşaqlar tankların və zirehli maşınların üstündən düşməyəcəklər. Kimlərsə hər tankın lüləsinə qırmızı qərənfil dəstəsi salacaq, qaranlıq düşəndən sonra soyuq küləyin dondurduğu əsgərlərə yemək və isti çay gətirəcəklər.

SSRİ-də yenidənqurma başlanandan sonra mərkəzi və respublika orqanları milli problemlər haqqında var qüvvə ilə danışmaq imkanı qazanılmasından geniş istifadə edirdilər. O cümlədən, məsələn, dil haqqında, hərçənd o zaman milli dil məsələsində ayrı-seçkilik yox idi. Bu barədə söz-söhbət bir çox hallarda yerli partiya liderlərinin canfəşanlığı sayəsində yarandı. Azərbaycanda heç kim və heç vaxt məktəbdə, yaxud institutda ana dilində oxumaq istəyənlərə mane olmayıb. Lakin narazılıq üçün səbəb vardı – düzdür, bir qədər başqa səbəblər. Hakimiyyət orqanları Azərbaycan dilli məktəblərə, nəşriyyatlara az diqqət yetirirdilər. Kütləvi informasiya vasitələrində də ana dilindən zəif istifadə olunurdu. Eyni zamanda bir çox ata-analar öz uşaqlarını könüllü surətdə rusdilli məktəblərə qoyur, onlarıın gələcəyi qayğısına qalaraq beynəlxalq əhəmiyyətli dilə yiyələnməklərinə kömək edirdilər.

Bu gün mən ayrı-ayrı saxta vətənpərvərlərin mitinq mülahizələrini xatırlayarkən qəsdən belə bir haşiyəyə çıxıram. Uzun müddət sovet ideologiyaları ölkədə hökm sürən ideoloji klişenin çərçivəsindən kənara çıxmağa cürət edən hər kəsi millətçilikdə təqsirləndirirdilər. Məsələn, Azərbaycanda partiya rəhbərliyinin sərt şəkildə təqib etdikləri “Türkiyə sindromu” vardı. Çox cəhətdən oxşar olan iki xalqın bir-birinə yaxınlaşmağa mahiyyət etibarilə təbii səy göstərməsi bədnam “dəmir pərdə” üzündən uğurla nəticələnə bilməzdi. Türkiyənin adını çəkən və ya məsələn, Azərbaycan xalqının iki hissəyə ayrılmasından (mən Cənubi Azərbaycanı nəzərdə tuturam – İranın ərazisində azərbaycanlıların yaşadıqları rayonu adətən bu cür adlandırırdılar) şikayətlənən şair və ya yazıçı dərhal pantürkizmdə, panislamizmdə təqsirləndirilə bilərdi.

Vaxtilə danışırdılar ki, bir dəfə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin başçısı H.Əliyev respublikada nüfuzlu xalq şairi B.Vahabzadəni öz yanına dəvət edib onu məzəmmətləmiş, xəbərdarlıq etmişdi ki, öz əsərlərində türkiyəpərəst təbliğatı dayandırmasa, pantürkizmdə təqsirləndiriləcəkdir. Burada qeyd etməliyəm ki, həmin dövrdə hər hansı türkiyəpərəst ideologiya haqqında danışmağa, əlbəttə, əsas yox idi, lakin sadə azərbaycanlılar Türkiyəyə həmişə rəğbət bəsləmişlər.

O zaman ayrı-ayrı şəxslərin bu cür danışmalarına və hərəkətlərinə görə elə təsəvvür yaranırdı ki, guya mərkəz milli respublikalar barəsində ayrı-seçkilik siyasəti yeridir, hallbuki bu, daha çox, necə deyərlər, yerli ideoloqların sadiq bəndələr kimi göstərdikləri canfəşanlığın bəhrəsi idi.

Dağlıq Qarabağ isə əhalinin vətənpərvərlik əhval-ruhiyyəsini canlandırırdı. Düzdür, müstəqillik məfhumu hələlik iqtisadi müstəqilliyi artırmaq, Moskva ilə respublika arasında səlahiyyətlərə bölmək tələbləri ilə məhdudlaşırdı.

 Sumqayıt hadisələri

 1988-ci ilin əvvəllərində qayıdım. DQMV-nin Əsgəran rayonunda toqquşmanın qarşısını almaq mümkün oldusa da bu, hələlik o demək deyildi ki, problem tam həll edilib. Əksinə, indi hamı yeni toqquşma, həm də daha geniş miqyaslı toqquşma baş verəcəyini gözləyirdi.

Budur, Sumqayıt partladı. Onun ilk beşilliklər dövründə salınmış Maqnitka, Komsomolsk-Amur kimi şəhərlərlə bir sırada duran adı 1988-ci ilin fevralından sonra həmişə “Sumqayıt qırğını”nı xatırladacaq.

Bəri başdan deyim: əslində rəsmi materiallar yoxdur ki, baş vermiş hadisə haqqında danışılarkən sənədlərdən misallar gətirdim. Mən yalnız şahidlərin dediklərinə və öz mühakimələrimə əsaslanacağam.

Bir neçə erməni ailəsinin vəhşicəsinə öldürülməsi ilə nəticələnən bandit talanı ərəfəsində şəhərdə vəziyyət olduqca gərgin idi. Elə təsəvvür yaranırdı ki, buranın mühiti hər cür zərərli tullantılarla yanaşı, həm də son dərəcə qızışmış ehtirasların partlayış təhlükəsi yaradan qatışığı ilə zəhərlənib. Adamlar bu şəhərdəki həyat şəraitindən narazı idilər, yaxınlaşan hadisələrin təsiri altında isə qiyam həddinə çatmışdılar.

Təkcə respublikanın deyil, həm də ittifaqın iri kimya mərkəzi sayılan Sumqayıt ölkədə öz sakinlərinin sağlamlığı üçün təhlükə yaranmış şəhərlər sırasına daxil olub. Onların bir çoxunda sağalmaz peşə xəstəlikləri yayılıb. Uşaqların ölüm halları olduqca çoxdur, yeni nəsillərə müxtəlif xəstəlikləri təkrar-təkrar törədən ziyalı genetik fond yaranıb. Bütün bunlar ətraf mühitin mühafizəsinə cinayətkar laqeydliyin nəticəsidir. İllərdən bəridir yığılıb qalaqlanan və səbəbi tamamilə aydın olan narazılıq Qarabağ hadisələri başlanandan sonra şəhərdə keçirilən mitinqlərdə geniş əks etdirilirdi.

1988-ci il fevralın 27-də şəhər partiya komitəsinin qarşısındakı meydanda növbəti mitinq başlandı. Həmin gün iştirakçıların çıxışları onların rəyincə, Stepanakertdəki separatçılığın qarşısının alınmasında açıq-aydın qətiyyətsizlik göstərən hakimiyyət orqanlarına çox güclü hücumlarla fərqlənirdi. Sumqayıt vəziyyət üzərində nəzarət etmək tapşırığı ilə bura gəlmiş respublika Nazirlər Sovetinin sədri H.Seyidov və MK katibi H.Həsənov çıxış edərək toplanışları sakitləşdirmək üçün çalışırdılar ki, respublikanın rəhbərliyi lazimi tədbirlər görür. Lakin adamlar onların öyüd-nəsihətlərinə qulaq asmaq istəmirdilər, üstəlik izdihamın içərisindən DQMV ərazisində həlak olmuş ilk azərbaycanlıların qisasının alınmasına, satqın hakimiyyətə divan tutulmasına təhrik edən çağırışlar səslənirdi.

Məzuniyyətdən geri çağrılmış Sumqayıt şəhər partiya komitəsinin birinci katibi Cahangir Müslümzadə adamların diqqətini fitnəkar çağırışlardan öz bildiyi tərzdə yayındırmağı qərara alaraq onlara şəhərin küçələrində yürüşə çıxmağı təklif etdi, özü izdihamın qabağında addımlamağa başladı.

Yürüş davam edirdi, lakin daha çox qəzəblənmiş azərbaycanlılar ümumi kütlədən ayrılırdılar və sonradan məlum oldu ki, ermənilərin yaşadıqları  məhəlləyə atıldılar. Sonralar “Sumqayıt qırğını” adlandırılacaq hadisə məhz bu zaman baş verdi. Respublikanın və onun xalqının nüfuzuna xələl gətirən bu bandit fitnəkarlığının necə ağır fəlakətlə nəticələndiyi məlumdur.

Bu, ən əvvəl Azərbaycan xalqının özünə qarşı hərtərəfli təşkil edilmiş provokasiya adlandırılmalıdır. Məqsəd erməni xalqının arası kəsilmədən genosidi haqqında ictimai rəy yaratmaq, qəflətən ağız-ağıza verib Azərbaycanın tərkibində yaşamağın mümkün olmadığını iddia edən Qarabağ ermənilərinə bir növ haqq qazandırmaq idi.

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button