QARABAĞ – QARALAN BAĞ!

Ayaz Mütəllibov

 Xalq Cəbhəsinin radikal liderləri “qurbanlıq quzu” axtarırdılar ki, Moskva Sumqayıt faciəsinin təqsirlərinin kiminsə üstünə yıxmaq istəsə, onu qabağa versinlər – bu, Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov oldu

 8-ci yazı

 Bu, Azərbaycanda vəziyyətin hər hansı şəkildə kəskinləşməsini istəyən bəzi erməni dairələrinə sərfəli idi, onlar belə vəziyyətdən Dağlıq Qarabağın xeyrinə istifadə etməyə, eyni zamanda dünya ictimaiyyətini inandırmağa çalışırdılar ki, DQMV-nin bundan sonra da Azərbaycanın tərkibində qalması mümkün deyil. İstədiklərinə bir çox cəhətdən nail oldular. Sumqayıtdan sonra daxili siyasi həyatın kəskin surətdə gərginləşdiyi Ermənistanın özündə Qarabağ hərəkatının liderləri hakimiyyət uğrunda mübarizədə Ermənistanın rəhbərliyinə və kommunist partiyasına həmlələr etmək, Azərbaycan əleyhinə millətçilik təbliğatını gücləndirmək üçün yeni imkan qazandılar. Bu zaman heç kəsin vecinə deyildi ki, vahiməyə düşən emənilər şəhərdən qaçacaqlar. Dağlıq Qarabağ uğrunda mübarizənin liderləri Azərbaycanın ərazisində, DQMV-nin hüdudlarından kənarda yaşayan minlərlə soydaşının həyatını və əmin-amanlığını qurban verməyə hazır idilər. Özlərinin fitnə-fəsadla törətdikləri Sumqayıt qırğınının qurbanlarına ağı deyib ağlayanların heyrətamiz riyakarlığına mat qalmamaq mümkün deyil.

Mahiyyətcə, süni yolla yaradılmış belə bir vəziyyətin nə ilə nəticələnəcəyini qabaqcadan görmək məgər çətin idi? Bilmirdilər ki, Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün göstərilən hər hansı cəhd azərbaycanlıların güclü müqavimətinə rast gələcək? Ermənistanda olduğu kimi, Azərbaycanda da hakimiyyət orqanlarına qarşı yürüşə başlayanların da fitnəkarlıqlar törədə biləcəklərini qabaqcadan görmək çətin idimi? Bu suallardan yaxa qurtarmaq, özlərinin şübhə altına düşmələrinə yol verməmək üçün onlar deyirdilər: xalqlar yetmiş ildən çox müddət ərzində SSRİ-də hökm sürən totalitar sistem sayəsində, yalnız bunun sayəsində bir-biriləri ilə yola getmişlər. Ölkə aşkarlıq və demokratiya yoluna qədəm qoyan kimi illə boyu örtülüb-basdırılan problemlər dərhal üzə çıxmışdır.

Lakin mən dəfələrlə əmin olmuşam ki, çoxları bu nöqteyi-nəzərlə qətiyyən razılaşmır.

 

Hadisələr genişlənir

 

Bu zaman bölgədə hadisələr getdikcə daha kortəbii şəkildə cərəyan edirdi. Axıdılmiş qan adamları yaranmış vəziyyəti düzgün qiymətləndirmək, münaqişənin düyününü açmaq bacarığından məhrum etmişdi. Çoxları fikirləşmək qabiliyyətini itirmişdi, qızışan ehtiraslar burulğanında yaşayırdı.

Respublikanın rəhbərliyi mənəvi-psixoloji depressiya vəziyyətindən çıxa bilmirdi. Onun fəaliyyətsizliyi vaxtı hədər yerə itirməyənlər üçün sərfəli idi. Getdikcə möhkəmlənən Xalq Cəbhəsinin radikal liderləri hər yerdə iş aparırdılar. Onlar öz mövqelərini möhkəmləndirməklə bərabər, “qurbanlıq quzu” axtarırdılar ki, Moskva Sumqayıt faciəsinin təqsirlərini kiminsə üstünə yıxmaq istəsə, onu qabağa versinlər. Yüksək rütbəli siyasi işçini də seçmişdilər – söhbət ən əvvəl Azərbaycan KP MK-nın birinci katibi K.Bağırovdan gedirdi. Onun istefasından bir neçə ay əvvəl isə Sumqayıt şəhər partiya təşkilatının rəhbəri C.Müslümzadə Azərbaycan KP MK bürosunda öz vəzifəsindən azad edilmişdi. İşin mahiyyətinin qiymətləndirilməsinə açıq-aydın formal yanaşmışdılar – bütün təqsiri bir nəfərin üstünə atmışdılar.

Mən həmin iclasda iştirak edirdim və görürdüm: Müslümzadəyə verilən ittihamların hamısını eyni dərəcədə respublika rəhbərliyinin özlərinə də aid etmək olardı. Eyni zamanda başa düşürdüm ki, Azərbaycan və erməni xalqlarının düçar olduqları fəlakət yenidənqurmanın nəticəsidir. Hələ 1987-ci ildə yeni siyasətin həyata keçirilməsi zamanı yol verilən səhvlər haqqında danışmağa cəhd göstərilmişdi. Lakin ölkənin rəhbərliyi yeni siyasətin qurucularını adəti üzrə durğunluq dövtünün üstünə yıxmışdı. Sovet hakimiyyətinin ilk illərinə oxşayırdı: gənc dövlət quruculuğundakı səhvləri kapitalizm dövrünün qalıqları kimi qələmə verirdilər. Ölkənin keçmiş rəhbərliyindən heç kəs indiyədək boynuna almağa cəsarət etməyib ki, Dağlıq Qarabağ münaqişəsi onların özlərinin siyasətinin səhvidir. Nəinki ancaq iki xalq, eləcə də onlardan sonra iki ölkə bu siyasətin qurbanı oldu. İndi yenidənqurmanın atalarının özləri də həmin böyük ölkənin xiffətini çəkirlər.

“Mən istəmirdim ki, SSRİ dağılsın, biz onun qorunub saxlanması üçün əlimizdən gələni etdik, yeni İttifaq müqaviləsi hazır idi, lakin dövlət fövqəladə vəziyyət komitəsini yaradan mühafizəkar qüvvələr onu qəbul etmədilər”, – SSRİ-nin eks-prezidenti M.S.Qorbaçov indi təxminən belə danışır. Cəmiyyətdə isə başqa bir rəy var – İttifaqın dağılmasının ilkin səbəbi Dağlıq Qarabağ və o zamankı Moskva liderlərinin həmin problemin həllinə tam biganə münasibət bəsləmələri olmuşdur.

Mən son imperiya olan SSRİ-nin – yenidənqurmanın mənşəyində duranlar öz ölkələrinə məhz bu adı vermişdilər – süqutunun səbəblərini təhlil etmək fikrində deyiləm. Üstəlik, vaxtilə İttifaq daxilində dövlətin keçmiş prezidenti olduğuma görə, bu barədə danışmaq bəlkə yerinə düşməz, çünki mənə dərhal antivətənpərvər damğası vurarlar. Qarabağ hadisələrini şərh edərkən, mən yalnız onu nəzərə çatdırmaq istəyirdim ki, sovet hakimiyyəti illərində Azərbaycanın qəti coğrafi sərhəddi vardı, yenidənqurma dövründə isə öz ərazisinin təqribən dörddə birini itirdi. Beləliklə, xalqım kimi mən də yenidənqurmanı xoşbəxtlik hesab etmirəm, çünki yenidənqurma respublikaya azadlıq və müstəqillik gətirməklə yanaşı, onun torpaqlarını əlindən almış, minlərlə vətəndaşını tələf etmiş və dövlətçiliyini təhlükə altına qoymuşdur.

Növbəti rəzalət dərsi olan Sumqayıt hadisəsi arxada qaldı. Ermənilər tələm-tələsik respublikanı tərk etməyə başladılar. Kimlərsə Yerevana getdi, kimlərsə Moskvaya. İndi bir çox erməni ailələri Rusiya ərazisinin hər yerinə səpələnib. Dağlıq Qarabağda yaşamış azərbaycanlılar da doğma kəndlərini tərk etməyə məcbur oldular. Onlar Stepanakertdən Şuşaya qaçanda qarşılarına erməni qaçqınları çıxırdı. Erməni vətəndaşlar Gəncəni də tərk etdilər. Onların çoxu DQMV-də məskunlaşdı. Dağlıq Qarabağın erməni icması bunun hesabına xeyli böyüdü, beləliklə, muxtar vilayətin demokratik mənzərəsi dəyişdi: indi burada əhalinin erməni hissəsinin sayca üstün olması şəksiz idi, bu da yerli liderlərə öz səslərini daha da ucaltmağa imkan verirdi. Eyni zamanda DQMV-nin azərbaycanlı sakinlərini qorxutmaq və qovmaq kampaniyası genişləndirildi. Qarabağ separatçılığı strateqlərinin fikrincə, azərbaycanlıların hamısı muxtar vilayətdən çıxarılmalı idi.

Qeyd etmək lazımdır ki, DQMV-də fövqəladə vəziyyət elan ediləndən sonra icmalar arasında duran qoşunlar azərbaycanlıların qovulması üçün göstərilən cəhdlərin həyata keçməsinə mane olurdular. Buna baxmayaraq, bir respublikanın daxilində vətəndaşların yaşayış yerlərini surətlə dəyişməsi hadisəsi baş verdi və onlar öz ölkələrindəcə qaçqına çevrildilər.

Stepanakertdə isə şəhər qəbiristanlığının yanında xatirə lövhəsi düzəldildi, lövhədə Azərbaycanın ərazisində erməni xalqının genosidinin davam etməsinin təstiqi kimi Sumqayıt qırğınının törədildiyi gün həkk olundu. Bundan sonra hər dəfə, əsrin əvvəllərində Türkiyədə baş vermiş erməni qırğınının yad olunduğu gün mütəşəkkil dəstələr bura axışacaq və gül çələngləri qoyacaqlar.

 

Tarixə ötəri nəzər

 

Yeri gəlmişkən deyim ki, Stepanakertdəki əvvəlki mitinqlərdə də Türkiyə mövzusuna bu və ya digər şəkildə toxunulurdu. Vilayət partiya təşkilatının B.Gevorkovdan sonra gələn liderləri Türkiyə haqqında çox danışırdılar. Bir dəfə V.Konovalovun kabinetində təsadüfən onun H.Poqosyanla telefon söhbətinin şahidi oldum. Söhbətin ümumən nə barədə getdiyini bilmirdim, lakin Konovalov “mladoturk” kəlməsi işlətdi. Onlar danışdıqca Poqosyanın Türkiyəni yada salmasının səbəbləri haqqında fikirləşirdim, axı türklərin Dağlıq Qarabağa heç bir dəxli yox idi.

Rusiya-Türkiyə kampaniyasında (1828-1829-cu illər) bəzi Avropa dövlətlərinin də Türkiyəni parçalamaq niyyəti vardı. Müəlliflər yazırlar ki, o zaman Şərqi Anadolunun ərazisində yaşayan ermənilər Rusiya qoşunlarının müvəqqəti tutduqları torpaqlarda muxtariyyət yaratmağa cəhd göstərdilər. Başqa sözlə desək, onlar Rusiya imperiyasının hərbi qüdrətinə arxalanaraq özlərinin tarixən məskunlaşdığı yerdə dövlət yaratmaq fikrinə düşdülər. Lakin məqsədlərinə nail ola bilmədilər: Türkiyənin möhkəmlənmiş ordusu bir azdan sonra həmin əraziləri azad etdi. Ermənilərin uzun müddət yaddan çıxmayan dəhşətli qırğını baş verdi.

Rusiya mütləqiyyəti Osmanlı imperiyasında özünün tarixi düşmənini görürdü, buna görə də onu zəiflətmək məqsədi ilə milli azlıqların separatçılığını şirnikləndirdi. Bu, çarın Qafqazdakı canişini İ.İ.Vorontsov-Daşkovun yetirdiyi siyasətdə xüsusilə aydın təzahür edirdi. Canişin Türkiyə ərazisində döyüş əməliyyatlarına hazırlaşan erməni könüllü dəstələrin yaradılmasını hər vasitə ilə şirnikləndirirdi. O, Kiçik Asiyada milli dövlət yaratmaq palnları hazırlayan erməni siyasi dairələrinin əməllərinə də rəvac verirdi. Osmanlı hakmiyyət orqanları cavab tədbiri gördülər – ermənilərin Rusiya imperiyası ilə sərhəddən Mesopotomiyaya köçürməyi qərara aldılar. Bu əməliyyatın gedişində xeyli erməni həlak oldu. Ermənilər əleyhinə görülən tədbirlərdə “Gənc türklər”in liderlərindən biri olan Ənvər paşa xüsusi rol oynadı.

1918-ci ildə Türkiyənin Azərbaycandakı ekspedisiya korpusuna başçılıq edirdi. O zaman hətta danışırdılar ki, Ənvər paşa özünü Gəncə xanı elan etmək niyyətindədir. Hər halda dəqiq məlumdur ki, o, ilk Müsavat hökumətinin siyasətinə güclü təsir göstərirdi. Ermənilərə qanlı divan tutduğuna görə, Antantanın dövlət canisi elan etdiyi Ənvər paşa 1918-ci ilin payızında Almaniya və onun müttəfiqi Türkiyə birinci dünya müharibəsində məğlubiyyətə uğrayandan və türklər Versal müqaviləsinə iyğun olaraq Zaqafqaziyanı tərk edəndən sonra uzun müddət Dağlıq Qarabağda gizləndi. Sonra siyasi istiqamətini dəyişməyi qərara aldı: bolşeviklərlə ittifaqa girdi və hətta Şərq xalqlarının 1922-ci ildə Bakıda keşirilən birinci konqresində çıxış edərək bolşevikləri müsəlman ölkələrində – ərəb Şərqində, Hindistanda və başqa yerlərdə inqilaba başlamağa çağırdı. Dünya inqilabının zəruriliyinə əmin olan L.D.Trotski ona fəal tərəfdar çıxdı. Ənvər paşa sonralar Moskavanın etimadını qazanaraq vətəndaş müharibəsi cəbhələrində vuruşdu, Orta Asiyada basmaçılarla mübarizəyə başçılıq etdi.

Ənvər paşanın metamorfozası belədir – “Gənc türklər”in üzvlüyündən bolşevikədək. Düzdür, sonralar o, basmaçıların tərəfinə keçdi və İngiltərə kəşfiyyatı ilə əməkdaçlıq etməyə başladı.

Sovet dövründə açıq ədəbiyyatda bu mözuya toxunulmurdu. Elmi tətqiqatlarda həmin hadisələr əsas etibarilə tarixçi mütəxəssislərin məhdud dairəsi üçün işıqlandırılırdı. Mən isə sovet dövründən əvvəl nəşr edilmiş ədəbiyyatla tanış olmuşam – Rusiyanın məşhur etnoqraflarının, qafqazşünaslarının əsərləri ilə.

Uzaq keçmişin bu hadisələri barəsində fikirləşərkən mən onları Dağlıq Qarabağda ermənilərin indiki iğtişaşları ilə birtəhər də olsa əlaqələndirməyə dəlil tapmırdım. Deməliyəm ki, Dağlıq Qarabağ Azərbaycanın tarixində məşum rol oynamışdır. Hələ 19-cu əsrin birinci yarısında Rusiya-Türkiyə müharibəsi gedişində Azərbaycan xanlıqları Rusiyaya birləşdirilərkən, həmişə Qarabağın üstündə Rusiya-Türkiyə münasibətlərində gərginlik yaranırdı. Bu ölkə əlverişli coğrafi vəziyyətinə, zəngin torpaqlarına, sağlam iqliminə görə bir çox qəsbkarları özünə cəlb edirdi. Qafqaz korpusunun komandanı general A.P.Yermakov öz “Qeydlərin”də yazırdı: “…Qarabağ xanlığı 1805-ci ildə hamıdan əvvəl Rusiya hakimiyyətinə tabe oldu. Farslar bizim əlimizə keçmiş bu çox zəngin torpağa həsədlə baxırdılar”. Daha sonra yazırdı: “…Qarabağın əhalisi 24.000 ailəyə çatır. Bu, əvvəlki əhalinin sayından da azdır…, çünki farsların dəfələrlə törətdikləri müharibələr torpağı viran qoyub: əhalinin böyük bir hissəsi əsir götürülüb, təqribən bir qədər adam müxtəlif yerlərə sapələnib”.

Göründüyü kimi, ruslar Zaqafqaziyaya gələnədək Qarabağ xanlığı İranın tərkibinə daxil idi və onun ərazisində müsəlmanlar yaşayırdılar. Türkiyə kampaniyası nəticəsində İrandan qaçmaq məcburiyyətində olan ermənilər buraya sonra, 1828-ci ildə gəlmişdilər. O zaman Rusiya hökumətinin qərarına əsasən ermənilər 1805-ci ildə könüllü surətdə Rusiya imperiyasına qoşulan və bu yaxınlaradək mövcud olan Qarabağ xanlığının dağlıq hissəsindəki Azərbaycan torpaqlarında yerləşdirilmişlər. Bu hadisə A.S.Qriboyedov tərəfindən ətraflı təsvir edilmişdir. Həmin dövrdə Qribayedov İranda səfir idi və ermənilərin Rusiya imperiyası ərazisinə köçürülməsi ilə məşğul olmuşdu.

“Xural” qəzeti,

il 9, sayı: 056 (465), 10 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button