QARABAĞ – QARALAN BAĞ

Ayaz Mütəllibov oğlunun vaxtsız ölümü səbəbilə Azərbaycana qayıtdı və Heydər Əliyevin məzarının üzərində baş əyərək, əfv dilədi. Bununla da Azərbaycan mediasının gündəminə çıxdı və onun birinci dərəcəli mövzusuna çevrildi. Biz də adekvat olaraq dərhal birinci prezidentin birinci – “Qarabağ – Qaralan Bağ” kitabını dərc etməyi düşündük. Bu kitab 1994-cü ildə yazılıb və orada Ayaz Mütəllibovun bir çox məsələlərə baxışı öz əksini tapıb. Oxucular üçün maraqlı olacağını düşünürük…

Xüsusilə indiki məqamda Ayaz Mütəllibovun fikirləri önəm daşıyır…

 QARABAĞ – QARALAN BAĞ

 Zori Balayanın uydurmaları yalnız İsa Qəmbərovun məqaləsində təkzib edildi…, makinada yazılmış məqalənin surətləri əldən-ələ gəzirdi…

2

 

Ağlıma gəldi ki, respublika mətbuatında şərh vermək yaxşı olar. Qeyd edim ki, MK-dan yoldaşlar da bunu məndən xahiş eləmişdilər. Ertəsi gün “Bakinski raboçi” qəzetində çıxış etdim, Oxuculara muxtar vilayətin texniki-iqtisadi göstəriciləri haqqında məlumat verdim. Onları Azərbaycan, Ermənistan və ölkə üzrə müvafiq rəqəmlərlə müqaisə elədim. Vilayət o qədər də pis deyildi – xüsusilə Naxçıvan Muxtar Respublikası ilə müqaisədə. Bəzi göstəricilərə görə isə hər iki respublikadan, ümumən SSRİ-dən üstün idi.

Sonradan xəbər tutduq ki, yazı mitinq iştirakçıları tərəfindən qəzəblə qarşılanıb, tezliklə onların əllərində Dövlət Plan Komitəsini “təxribatçılıq” fəaliyyətini ifşa edən transparantlar görünüb. Mənim familiyamı hallandırmağa başlayıblar. Bu işlərə təmkinlə baxırdım, çünki rəqəmlərə arxalanmışdım, siyasətbazlıq eləməmişdim. Düzdür, ilk günlər mitinqdə siyasətdən danışmırdılar, bir sıra digər məsələlərdən narazılıqlarını bildirirdilər. Əslində, təkcə DQMV-də deyil, Azərbaycanın və bütün ölkənin istənilən rayonunda həmin məsələlər haqqında eyni şövqlə bəhs etmək olardı. Buna baxmayaraq, problemin siyasi aspekti göz qabağında idi.

Mətbuat həmin mövzuda daha bir neçə material dərc edəndən sonra DQMV-də irəli sürülən tələblərin xarakteri və ahəngi dəyişməyə başladı. “Bakinski raboçi” qəzetinin redaksiyasında keçirilən dəyirmi stolun bu işə böyük köməyi dəydi. Söhbətdə məhşur akademik T.Xaçaturyan başda olmaqla, iqtisadçı alimlər iştirak edirdilər. Onlar DQMV-də olmuş, müxalif adamlarla danışmış, meydana çıxan məsələyə aid ola bilən nə varsa hamısını əldə etmişdilər. Nəticədə hörmətli alimlər bizdəki statistika məlumatlarının obyektivliyini təsdiq etdilər, problemlərin bütün ittifaqa aid olduğu ilə razılaşdılar və müəyyən bir əhəmiyyətə malik tövsiyələr vermədən getdilər. Düzdür, söhbət zamanı akademik avtomobil yollarının keyfiyyətinin aşağı olmasından şikayətləndi, lakin yalnız orada yox, respublikanın hər yerində yollar yarıtmaz vəziyyətdə idi.

Qeyd etməliyəm ki, tikinti işlərinə təchizatın artırılması haqqındakı xahişləri dinlədikdən sonra çox vaxt eyni sualı verirdim: “Bəs cari ildə pullardan necə istifadə edilir?” Adətən bu cavabı eşidirdim: “Pis. Demək olar, istifadə edilmir”. Bəzən fikirləşirdim ki, ayrılan vəsait DQMV-nin özündə də, respublikanın digər bölgələrində də lazımi işə sərf edilsəydi, nə qədər xəstəxana, məktəb, uşaq baxçası, mənzil tikmək olardı. Mitinq iştirakşıları sosial sahəyə əsaslı vəsait qoyuluşunun azlığından şikayətlənirdilər, amma onları bağışlamaq olardı: həqiqəti bilmirdilər. Həqiqət isə idarəetmə sisteminin qeyri-mükəmməlliyindən, məhsuldar əmək üçün stimulların olmamasından doğurdu. Başqa sözlə desək, bu, bizim təsərrüfat sistemimizin qüsurları ilə izah edilirdi, ayrı-seçkilik siyasətinin nəticəsi deyildi. Lakin “obıvatel” bütün bunları haradan biləydi?

Neçə gün idi ki, mitinq kəsilmirdi. Müşahidəçilər orada baş verən hadisələrin müstəsna mütəşəkkilliyini, dəqiq idarə olunduğunu qeyd edirdilər. Tələblər və onlara uyğun transparantlar sanki cədvəl üzrə dəyişirdi. Tezliklə çıxışların xarakteri siyasi istiqamət kəsb etdi. İndi söhbət özünüidarədən, iqtisadi müstəqillikdən, suverenlikdən gedirdi. Bakıda biz hadisələrin gedişini narahatlıqla izləyirdik. İş günü ərzində bir-birimizə zəng vurur, yeniliklər haqqında məlumat alıb-verirdik.

Açığını deyim ki, iqtisadi müstəqillik haqqında tələblər bizim üçün də cazibədar səslənirdi. Pespublikanın paytaxtında da bu barədə daha çox danışmağa başlamışdılar. Azərbaycanın səlahiyyətlərini genişləndirmək lüzumu haqqındakı fikirlər ölkənin mərkəzi orqanlarına gedib çatırdı. Mərkəzin və respublikaların səlahiyyətləri həcmlərinin nisbəti köhnə və hələlik həllolunmaz problem idi. N.S.Xruşovun dövründə cilovları azacıq boşaltmağa cəhdlər göstərildi, lakin tezliklə hər şey öz yerinə qaytarıldı. Muxtar vilayətdə müstəqilliyin necə əldə olunacağı məlum deyildi. Dağlıq Qarabağın yolları, boru kəmərləri, kanalları bütün Azərbaycanla sıx bağlı idi, kənd təsərrüfatını emal edən vahid sənaye vardır. Mal-qaranın yaylaqlara çıxarılması məsələsi götürülsə, nəzərə alınmalı idi ki, Qarabağ bölgəsinin dağlıq və aran hissələri ta qədimdən qoyunçuluqla məşğul olublar. Yayda sürülər dağ oylaqlarına qalxıblar, qışda aran yerlərə eniblər.

Necə yada salmayım ki, Qarabağ xanlığı (1747-1822-ci illər) vahid ərazi idi. Hətta çar hökumətinin ağlı çaşmışdı ki, onu bölməsin, burada əsrlər boyu təşəkkül tapmış həyat dayaqlarını dağıtmasın, həyat tərzini pozmasın. Diyarın əhalisi o vaxtadək daxili sərhədlərin nə demək olduğunu bilmirdi, bu cür əməllərin necə məhvedici nəticələr verəcəyini qabaqcadan duymaq üçün xüsusi uzaqgörənlik lazım deyildi. Buna baxmayaraq, 1988-ci ildə əməllərin məhz həmin nəticələri üzə çıxdı. Hələ yayın ortalarında aranda dağlar arasındakı təbii cığırlarda silahlı adam göründü: hərbi qulluqçular sürülərin hərəkəti zamanı təhlükəsizliyi təmin etməli idilər. Bu hədsiz dərəcədə alovlanmış hadisə zavallı heyvanları onların tarixi yolundan edənədək davam etdi.

Yuxarıda dedim ki, ilk bir neçə gün ərzində mitinqin siyasi məsələlərini kifayət dərəcədə açıqlandırmırdılar. Bu məsələyə altdan-altdan yol açırdılar. Mitinq iştirakçılarına yemək verilməsi təşkil olunmuşdu, həm də pis yemək verilmirdi. Mitinq iştirakçılarının pulla təmin edilməsi haqqında da məlumatımız vardı. Şahidlərin ifadələrindən birmənalı nəticə çıxırdı: bu uzunmüddətli mitinqə qabaqcadan hazırlaşmışlar və əvvəl-axır nə isə olmalıdır.

Stepanakertdə başlanmış hadisələrin arxasında nələr durduğuna dair hər cür şübhələr tezliklə dağıldı. Hər dəfə ölkədə hakimiyyət dəyişiləndən sonra Ermənistanın müəyyən dairələrinin irəli sürdükləri ərazi iddiaları bir daha bayraq kimi qaldırıldı. Əvvəlcə Bakıda, sonra isə bütün Azərbaycanda yalnız bu barədə danışırdılar. Müxtəlif vaxtlarda ermənilərlə azərbaycanlılar arasında fitnəkarlıqla törədilən toqquşmalar yaşlı nəslə mənsub olanların yadından çıxmamışdı, adamlar hadisələrin nələrlə nəticələnəcəyini bilirdilər. Buna görə də cəmiyyətdə gələcək üçün narahatlıq yaranmışdı və bu narahatlıq gündən-günə artmağa başlamışdı.

 

Bakıda DQMV hadisələrinə münasibət

 

Gözlənildiyi kimi azərbaycanlılar Stepanakert hadisələrinə öz münasibətini tezliklə bildirdilər. Bakıda, “Lenin” adına meydanda paytaxt sakinlərinin ilk çoxminlik mitinqi oldu. Mitinq sözün həqiqi mənasında, kabinetimin pəncərələri altında keçirildiyinə görə, orada nə baş verirdisə, hamısını görürdüm. Mitinqə sonralar Xalq Cəbhəsinin özəyini təşkil edən vətənpərvər qüvvələr rəhbərlik edirdilər. Bu hərəkatın liderləri həmin gündən meydanı uzun müddətə ələ aldılar, meydan özü isə tezliklə bir növ ziyarətgaha çevrildi. Qorbaçovun müşaviri, o dövrdə televiziya ekranından düşməyən məşhur iqtisadçı Abel Aqanbekyanın, həmçininn ondan az olmayan yazıçı və publisistlər Silva Kaputikyanın və Zori Balayanın çıxışları Bakıdakı hadisələrin katalizatoru oldu.

A.Aqanbekyanın bəyanatlarından biri Azərbaycanda ictimai qəzəbin partlayışı üçün əsl detonator rolu oynadı ­– o bilirdi ki, Ermənistanın Dağlıq Qarabağ ərazisi iddiasının düzgün olduğuna şübhə eləmir, çünki oranın əhalisinin əksəriyyəti ermənidir. Nəzərə alınmalıdır ki, bu sözləri partiyanın və dövlətin rəhbəri Qorbaçova yaxın olan adam demişdi. Onun çıxışı təsadüfi çıxış kimi qəbul edilə bilməzdi. Uzun illər boyu “Literaturnaya qazeta”nın müxbiri işləmiş Z.Balayanın Qarabağ hadisələri ərəfəsində dərin mənalı “Ocaq” adı ilə buraxılmış kitabı isə bu hadisələrin ideoloji təminatı idi. Kitab açıq-aydın Radişşevin “Peterburqdan Moskvaya səyahət” əsərinə oxşar tərzdə yazılmışdı, lakin başqa məqsəd güdürdü – ölkənin ictimai rəyini Dağlıq Qarabağın Ermənistana mənsub olması xeyrinə formalaşdırmaq. Sovet dövründə bu cür kitabın çıxması faktının özü Qafqaza, onun tarixinə az-maz bələd olan hər kəsi düşünməyə vadar etməli

idi. Yadımdadır, Azərbaycan KP MK-nın ideoloji işçiləri bərk hiddətlənmişdilər. Deyirdilər ki, məsələ hətta SOV.İKP MK-da qaldırılıb, lakin əməli addımlar atılmayıb. Z.Balayanın uydurmaları yalnız İsa Qəmbərovun məqaləsində təkzib edildi, o da qeyri-rəsmi qaydada. Makinada yazılmış məqalənin surətləri əldən-ələ gəzirdi. Xatırladım ki, təhsilinə görə tarixçi Qəmbərov sonralar Xalq Cəbhəsinin liderlərindən biri oldu.

Bakıdakı və respublikanın digər şəhərlərindəki mitinqlərdə isə hökumət orqanları getdikcə daha kəskin tənqid edilirdi. Ölkənin və SOV.İKP-nin rəhbərlərinin də payı verilirdi. Dağlıq Qarabağın sakinləri güzərandan şikayətlənirdilərsə, azərbaycanlılar özlərinin güzəranından niyə razı olmalı idilər? Məgər Bakıda, respublikanın digər sənaye mərkəzlərində problem yox idi? Bircə Sumqayıt nəyə desəniz dəyərdi. Məgər neftçilər susa bilərdilər? Axı onların bir çoxu özlərinin quraşdırdıqları komalarda, hələ Nobel qardaşlarının tikdirdikləri kommunal mənzillərdə yaşayırdı.

Yerevanda da, demək olar, eyni söhbətlər gedirdi. Maraqlı idi ki, Stepanakertdə, Bakıda, Yerevanda keçirilən mitinqlərdə sinxronluq vardı. Hamısında deyilənlərin  diapazonu ardıcıl surətdə genişlənirdi və hər şey göstərirdi ki, tezliklə mitinqlər açıq-aydın antihökumət, antisovet xarakteri kəsb edəcək. Moskva SOV.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin məsul işçilərinin bir qrupunu Azərbaycana göndərdi. Qrupa partiya MK-nın katibi K.Razumovski başçılıq edirdi. Onun tərkibində həmin dövrdə SOV.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, mədəniyyət naziri P.Demiçev də vardı.

Bu vaxt respublika KP MK-da keçirilən müşavirələr kəsilmək bilmirdi. Müşavirələrdə nələr barədə danışıldığından xəbərim yoxdur, çünki orada iştirak eləmirdim. Amma hadisələrin gedişinə onların  müəyyən təsir göstərdiyi nəzərə çarpmırdı.

DQMV-də mitinqlər başlanandan bir neçə gün sonra Moskva SOV.İKP MK-nın Siyasi Bürosu bəyanat verdi. Bəyanatda qonşu respublikalar arasında münaqişənin yolverilməz olduğu qeyd edilirdi. Lakin bu sənədin gözlənilən təsiri olmadı, çünki bir qədər yayğın və qeyri-konkret idi. Görünür, onun müəllifləri yenidənqurma dövründə elan olunmuş fikir azadlığı və aşkarlıq əleyhinə çıxış edən ortodokslar sayılmalarını istəmirdilər. Buna görə də onlar yeni dəyərlər – xalqların öz müqəddəratını təyinetmə hüququ, real suverenliyin artırılması, müstəqilliyin genişləndirilməsi və sair barədə danışmağı üstün tuturdular.

Bir qədər keçəndən sonra bu yayğınlığı SOV.İKP MK-nın Siyasi Bürosu üzvləri arasında ümumi rəyin olmaması ilə izah edirdilər. Siyasi Büronun iki üzvünün Zaqafqaziyaya – J.K.Liqaçovun Bakıya və A.N. Yakovlevin Yerevana səfərlərinə yekun vurularkən meydana çıxan fikir müxtəlifliyi bunun sübutu olacaq. Liqaçov sərhədlərin dəyişdirilməsinin yolverilməzliyini qəti şəkildə bildirəcək, Yakovlev isə bununla razılaşmaqla yanaşı, muxtar qurumların və müttəfiq respublikaların suverenliyinin real surətdə artırılması xeyrinə danışacaq, beləliklə, mitinq çıxışlarında onun sözlərinə istinad etməyə rəvac verəcək. Başqa sözlə desəm, MK-nın Siyasi Bürosundakı iki istiqamətin mübarizəsi ilk dəfə Qağlıq Qarabağın timsalında açıq-aydın təzahür edəcək. Sonralar onlardan biri mühafizəkarlıq istiqaməti, digəri isə islahatçılıq istiqaməti adlandırılacaq.

İndi mən respublika rəhbərliyinin o vaxt necə vəziyyətdə olduğunu dərk edirəm. Əslində əhalinin əksəriyyəti kimi rəhbərlik də partiyanın özünün yetirdiyi siyasətin təsiri altında idi, üstəlik qorxaqlığının və qətiyyətsizliyinin Azərbaycan ictimaiyyəti tərəfindən pislənməsinin güclü təzyiqi altında. Bir çox illər boyu uzanan qanlı münaqişənin səbəbi elə bu qarşıdurma deyilmi? İndiyədək öz səmərəsini göstərə bilməyən kompromist xəttini xəyali xəttə çevirən bu deyilmi? Yeri gəlmişkən, deyim ki, təkcə Azərbaycanda deyil, həm də Gürcüstanda, Moldovada. Görünür, “Sovet İttifaqı niyə dağıldı” sualının cavabını məhz bunda axtarmaq gərəkdir.

Hər şey isə Dağlıq Qarabağda başlandı. Yalnız indi, bir neçə il keçəndən sonra adamın ağlına belə bir fikir gəlir: əgər ölkənin rəhbərləri öz xalqlarının tarixini bilsəydilər, müdriklik göstərib hadisələrin necə böyük hadisələrlə nəticələnəcəyini dərk etsəydilər, bu gün hər şey bəlkə də başqa cür olardı. Hər məsələdə Mərkəzə bel bağlamaq adəti olmasaydı, münaqişənin mənbəyində duran respublika rəhbərlərinin özləri onun nəticələrinin qarşısını ala bilərdilər. Moskvanın nümayəndələri respublikada ikən Azərbaycan rəhbərliyinin idarəsi az qala iflic olub qırılmışdı. G.Razumovski ilə K.Bağırovun (Azərbaycan KP MK-nın o zamankı birinci katibinin) ilk birgə tədbiri Stepanakertə, mitinq iştirakçıları ilə görüşə getmək oldu. Onların necə vəziyyətə düşdüklərini təsəvvür etməyə çətinlik çəkirəm. Bu şəxsləri müşayiət edənlər qayıdandan sonra danışırdılar ki, onların ayaqüstə durub üzərlərinə yağdırılan güclü söz atəşinə tab gətirmək olduqca ağır idi.

Səfərin nəticəsində vilayət partiya təşkilatının rəhbəri B.Gevorkov işdən azad edildi. Bunu gözləmək olardı. Ali partiya çinovniklərinin əməllərini müəyyənləşdirən stereotiplərə uyğun olaraq çətinliklər sadə üsulla həll edilirdi – başlar kəsilirdi. Amma axtarsaydılar, bəlkə də başqa yol tapardılar. Bəzilərini fikrincə, vilayətin lideri stereotip əsas götürülməklə deyil, şüurlu surətdə dəyişdirildi. Beləliklə, ağır nəticələr vermək nümunə göstərildi: sonralar izdihamın təzyiqi altında rəhbərin dəyişdirilməsi sahəsində DQMV-nin təcrübəsindən İttifaqın digər yerlərində dəfələrlə istifadə olunacaq.

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button