Qarabağ – qaralan bağ – 4-cü yazı…

ayaz mütəllibovAyaz Mütəllibov oğlunun vaxtsız ölümü səbəbilə Azərbaycana qayıtdı və Heydər Əliyevin məzarının üzərində baş əyərək, əfv dilədi. Bununla da Azərbaycan mediasının gündəminə çıxdı və onun birinci dərəcəli mövzusuna çevrildi. Biz də adekvat olaraq dərhal birinci prezidentin birinci – “Qarabağ – Qaralan Bağ” kitabını dərc etməyi düşündük. Bu kitab 1994-cü ildə yazılıb və orada Ayaz Mütəllibovun bir çox məsələlərə baxışı öz əksini tapıb. Oxucular üçün maraqlı olacağını düşünürük…

Xüsusilə indiki məqamda Ayaz Mütəllibovun fikirləri önəm daşıyır…

 4

 Martın əvvəllərində Azərbaycan KP MK-nın ikinci katibi V.N.Konovalov məni öz yanına dəvət etdi. Onu respublikanın kənd təsərrüfatına yaxşı bələd olan təvazökar, alicənab adam kimi tanıyırdım. Alışdığımız partiya çinovnikinə oxşamırdı. Təmtərağı, dəbdəbəni xoşlamırdı. Konovalovla mənim aramda qarşılıqlı hörmət vardı. Kabinetinə girəndə Sovet İKP MK-nın təşkilat partiya işi şöbəsi Zaqafqaziya respublikaları bölməsinin müdiri V.Kondratyevi orada gördüm. Salamlaşdıq. Konovalov DQMV-yə dair sənədin hazırlanması gedişi ilə maraqlandı və mən ləngimənin səbəblərini izah etməyə məcbur oldum. Kondratyev bir qədər əsəbi tərzdə mənə bildirdi ki, Dövlət Plan Komitəsinin vəzifəsi sənədi nəyin bahasına olursa-olsun hazırlamaqdır, onu Mərkəzin müzakirəsinə təqdim etmək vilayətin öz işidir. Mən razılaşdım, dedim ki, Siyasi Büro tapşırığı respublika MK-ya və Nazirlər Sovetinə vermişdi, sənədi Moskvaya məhz onlar təqdim etməlidirlər. Mübahisəyə girişdik. Bunu görən Konovalov Azərbaycan KP MK-nın ümumi şöbəsinin müdiri Kulikovu çağırıb ondan Siyasi Büronun həmin qərarını gətirməyi xahiş etdi.

Məlum oldu ki, mən haqlıyam. Katib mənə təklif etdi ki, özüm Stepanakertə gedim və qərarın hazırlanmış layihəsini vilayətin rəhbərliyi ilə razılaşdırım. Demək olar ki, fikirləşmədən rədd cavabı verdim.

– Axı, siz yaranmış vəziyyəti nəzərə almalısınız, – dedi, – mən burada heç bir rəqabət görmürəm.

Cavabında bildirdim:

– Mən kuryer deyiləm. Biz öz adamlarımızı ora göndərmişik, ilkin işlərin hamısını görmüşük, mənə elə gəlir ki, onlar bizim hesablamalarımızla razılaşıblar.

– Biz onların rəsmi təsdiqini, müvafiq imzalarını almalıyıq, – deyə məni inandırmağa çalışdı. – Təklif edirik ki, bu işi şəxsən siz özünüz görəsiniz.

– Başa düşün, Vasili Nikolayeviç, mən əminəm ki, DQMV-nin rəhbərləri bizim hazırladığımız layihəni heç bir vəchlə imzalamayacaqlar, özlərinin variantını isə indiyədək verməyiblər. Hər şeydən görünür ki, bu sənədin Bakıda qəti şəkildə ümumiləşdirilməsi faktının özü onları qane eləmir. Üstəlik, qulağımıza çatıb ki, indi ölkənin bu ağır günündə yarım milyardlıq yardım almağı özləri üçün təhqir sayırlar.

Bəli, həmin vaxt Stepanakertdə əsas etibarilə sırf siyasi məqsədləri dönə-dönə təkrar edirdilər. Görünür, hansı bir ağıllısa hesab eləmişdi ki, Mərkəzin iri maliyyə yardımı sonralar Moskvanın Qarabağa təzyiq göstərmək vasitəsinə çevriləcək. Üstəlik, iqtisadi problemlərdən xalq arasında narazılıq yaratmaq üçün istifadə edilirdi, lakin əsl məqsəd bu problemlərin aradan qaldırılması deyildi.

– Göründüyü kimi, bu işdə heç nə alınmayacaq, – deyə öz mülahizələrimi şərh edirdim, – lap milyard manat versəniz də, iğtişaşlar səngiməyəcək.

– Ola bilər, ola bilər, – deyə Konovalov fikrə getdi və bir qədər susandan sonra yenə də əvvəlki təklifinin üstünə qayıtdı, – hər halda ora getməyiniz gərəkdir.

– Hörmətli Vasili Nikolayeviç, ora bu məsələ ilə əlaqədar olaraq getməyəcəyəm. Hər hansı başqa tapşırıqla getməyə hazıram.

Bu sözləri deyəndə mən muxtar vilayət ilə respublika təşkilatları arasında, DQMV ilə Bakı arasında münasibətlərin adi etika qaydalarını əsas götürür, Stepanakert iştirakçıları təşkilatçılarının nazı ilə oynamaq istəmirdim.

Beləliklə, söhbəti başa çatdırmadan ayrıldıq. Söhbət isə nə məni qane elədi, nə də müsahiblərimi.

Həmin gün işdən sonra halım xarablaşdı. Gecəyə yaxın qızdırdım, səhər həkim çağırmaq lazım gəldi. Həkim müayinə edib dedi – qrip. Vəziyyətim olduqca pis idi. Mən qripi adətən ayaq üstündə keçirirdim, amma görünür, əsəb gərginliyi və illər əvəl-axır özünü göstərir – yataqdan qalxmadım.

Günortaya yaxın MK-nın biinci katibi K.Bağırov zəng vurdu və Konovalovla mənim söhbətimlə maraqlandı. Deyəsən, Konovalov DQMV-ə getməkdən imtina etdiyimi ona demişdi. Dəlillərimi Bağırova təkrar elədim. O, məndən Konovalovla bir daha danışmağı xahiş etdi. Hər ikisi ilə təkrar danışıqlar əvvəlki ruhda keçdi və heç bir mətləb hasil olmadı. Mən isə xəstələndiyimi bildirərək qərarımı dəyişmədim.

Mənim əvəzimə MK-nın aqrar-sənaye kompleksi üzrə katibi T.Orucovu göndərməyi qət etdilər. Bundan xəbər tutanda fikirləşdim ki, o, təkcə getsə, çox böyük çətinliklərlə üzləşəcək. Üstəlik, kimsə güman edə bilərdi ki, qorxudan yola düşmürəm. Buna görə də onunla birlikdə getmək qərarına gəlib Ağdama təyyarə bileti sifariş verdim.

DQMV-ə səfər

Martın 9-u idi. Az qala bir ovuc həb alaraq Bakı aeroportuna gəldim, deputat zalında məni görüb təəccüblənən Orucovla rastlaşdım. Sən demə, MK iqtisadiyyat şöbəsinin müdiri Z.Səmədzadə də onunla birlikdə gedirmiş. Orucov salamlaşaraq dedi ki, sifətinizdən xəstəlik yağır, yataqdan qalxmasaydınız yaxşı olardı. Zarafatla cavab verdim ki, bu cür yaxşı adamlar arasında daha tez sağalaram.

Hava xoş idi. Səma tutqun olsa da, arabir günəş buludlar arasından görünürdü. Adətən, martın əvvəllərində güclü küləklər əsir, indi isə sakitlik idi. Fikirləşirdim ki, hava özü bizə uğurlar diləyir, Allah eləsin, bütün işlərimiz də belə düzəlsin.

“Jak-40” təyyarəsi təqribən 30 dəqiqəyə Ağdama çatır. Bu müddətdə Stepanakertdə hərəkət xəttimizi müəyyən etməyə zorla macal tapdıq. Güman edirdik ki, hansı kütləvi yığıncaqda, məsələn, partiya-təsərrüfat fəalları yığıncağında bizi diskussiyaya çəkməyə cəhd göstərəcəklər. Qərara aldım ki, heç bir söz güləşdirməsinə girişməyək, xüsusilə müxtəlif toplantılarda.

Ağdamda bizi gözləyirdilər ki, maşınlarla Stepanakertə çatdırsınlar. Yolda bizi münaqişə olunmuş günlərdən bura ezam olunmuş respublika daxili işlər nazirinin müavini K.Məmmədov müşayiət edirdi. O, vəziyyət haqqında danışdı. Eşitdiklərimizin çoxundan xəbərimiz vardı. Nazir müavini daha qəti tədbirləər görülməsi tərəfdarı idi.

Yolda yan-yörəmizə baxırdım. Ağdam öz simasını gündən-günə dəyişirdi. Vaxtilə Dövlət Plan Komitəsi hökumətə mənzil tikintisini daha da genişləndirmək haqqında təkliflər vermişdi. Budur, mənim də iştirak etdiyim işin nəticələrini görür, gizlətmirəm, sevinirdim.

Mən əvvəllər işlədiyim yerlərdə də mənzil və digər sosial obyektlər tikintisinə böyük diqqət yetirirdim, çünki bu problem həmişə kəskin şəkildə qarşıya çıxırdı, xüsusilə respublikanın paytaxtında və digər şəhərlərində. Bəzən baxıb mat qalırdım: bacarıqlı adamlar özlərinə nələrdən ev tikmirdilər! Sovet jurnalistləri sosializm gerçəkliyini tərifləyərkən, televiziya ekranında Qərbin harasındasa tapdıqları komaları göstərəndə həmişə fikirləşirdim ki, onların bu cür uzaqlara getmələrinə ehtiyac yoxdur. Ekranda Qərbin həyat tərzini pisləyəndə, özlərinin gözləri qabağındakı şəraitin oradakından qətiyyən yaxşı olmadığını görmək istəməyəndə, yöndəmsiz gecəqondularda yaşayan adamların nələr keçirdiklərini təsəvvür etmək çətin deyil. Təqribən iki il Bakının Nərimanov rayon partiya komitəsinn ikinci katibi işləyərkən, özbaşına evlər tikintisi üçün inşaat materialları oğurlamaq üstündə şərti məhkum edilmiş sadə adamların partiya sıralarından xaric olunması məsələlərini büro iclaslarında müzakirə etməli olurduq. Nizamnaməyə görə, hətta şərti məhkum edilən şəxs partiya sıralarında qala bilməzdi. Bu cür hallarda şəxsi işlərə formal baxılırdı – məhkum edilmisənsə, hər şey qurtarıb – rədd ol partiya sıralarından. Taleyi raykomun otaqlarında həll edilən bu cür adamlara, əli qabarlı fəhlələrə baxanda ən əvvəl onların övladları haqqında fikirləşirdim – həmin övladlar ömürləri boyu müxtəlif sənədlərlə atalarının məhkumluğuna görə, SOV.İKP sıralarından xaric edildiyini göstərməli olacaqlar, amma məhz nə üstündə məhkum olduqları ilə maraqlanan tapılmayacaq. Halbuki bəzən adamı ona görə sıxıb suyunu çıxardırlar ki, nəhəng daş karxanasında qalaq-qalaq yığılmış tullantılardan hazırlanan on-on  beş kərpici götürüb komasının tikintisində işlədib. Hüquq-mühafizə orqanlarının bir sıra xadimləri bu məsələdə həsəd aparılacaq prinsipiallıq nümayiş etdirirlər, gizli milyonçular isə bir qayda olaraq, məsuliyyətdən yaxa qurtarırdılar.

Bəzi hallarda büro iclasını mən aparanda özüm təklif irəli sürürdüm ki, bu cür qüsurlu əməllərinə görə kommunisti partiyadan xaric etməyək, partiya töhməti verməklə kifayətlənək. Və çox vaxt görürdüm ki, büronun bütün üzvləri hər iki tərəfə yüngüllük gətirən bu cür varianta məmnuniyyətlə tərəfdar çıxırdılar. Düzdür, özbaşınalığıma görə bir dəfə yuxarı təşkilatdan xəbərdarlıq aldım, tələb etdilər ki, bundan sonra partiyanın nizamnaməsini pozmayım.

Həmin hadisə yadımdan çıxmırdı – Dövlət Plan Komitəsinə gələndən sonra yuxarıda adı çəkilən qərarın qəbul edilməsinə nail oldum – bu qərara görə əhaliyə inşaat materialları satışı bir neçə dəfə artırılırdı.

Ağdamda tikilən evlərə baxanda bütün bunlar yadıma düşür, ümumən respublikada tikintinin mənzərəsi gözlərim önündə canlanırdı.

Yolda vaxt tez gəlib keçdi. Bir azdan sonra vilayət partiya komitəsinin binasına yaxınlaşdıq. Burada bizi çətin söhbət gözləyirdi.

Vilayət partiya komitəsinin birinci katibi H.Poqosyanın qəbul otağında dedilər ki, o, vilayət fəallarının müşavirəsini keçirir və bizdən xahiş edir ki, akt zalına keçək, müşavirədə iştirak edək. Bu, bizim qabaqcadan götür-qoy edib boyun qaçırmaq barədə yekdil rəyə gəldiyimiz təklif idi. Xahiş elədik ki, Poqosyana desinlər ki, onu qəbul otağında gözləyəcəyik. Bir neçə dəqiqədən sonra Poqosyanın özü gəlib çıxdı və toplaşanların xahişini bəhanə gətirərək yenə də təklif etdi ki, akt salonuna keçək və qərar layihəsinə aid olan məsələləri orada müzakirə edək. Biz nəzakətlə rədd cavabı verdik, məhdud dairədə danışmaq istədiyimizi bildirdik. Poqosyan vilayət partiya komitəsinin büro üzvlərini çağırmağı tapşırdı və bizi öz kabinetinə dəvət etdi.

Hamı yığışandan sonra Poqosyana gəlişimizin məqsədi haqqında qısa məlumat verərək təklif etdik ki, onlar öz rəylərini bildirsinlər. Otağa gərgin sükut çökdü. Mərkəzi qəzetlərin bir neçə müxbiri kabinetdə idi, o cümlədən “Sosialistiçeskaya industriya” qəzetinin xüsusi müxbiri Cavanşir Məlikov. Mən bu istedadlı, prinsipial jurnalisti, vicdanlı adamı tanıyırdım. Yazılarında güzəştə getməz, kəskin tənqiddən çəkinməzdi. Onu görəndə razılıqla fikirləşdim ki, çətin söhbətdə bizim obyektiv şahidimiz olacaq.

Büro üzvlərinin dinmədiyini görən Poqosyan özü danışmağa başladı:

– Mənim nöqteyi-nəzərim belədir: bu qərar bizə gərək deyil, istəmirik ki, bizi aclar kütləsi qarşısında toxlar vəziyyətinə qoysunlar, sonra da ölkənin fəhlələrini qeyzləndirsinlər ki, onlardan alıb bizə verirlər. Ümumiyyətlə, qarşımıza tamamilə başqa vəzifə qoymuşuq: biz iqtisadi vəzifəni yox, siyasi vəzifəni həll edirik. Biz tam müstəqil olmaq istəyirik.

Bəli, təqribən bu cür nitq söylədi, çıxışında həddini aşaraq sözarası SOV.İKP MK Bürosu qərarının lazım olmadığını bildirdi. T.Orucovla bir-birimizə baxdıq. Poqosyanın açıq-saçıq çıxışı, mahiyyət etibarilə danışıqların uğurlu nəticə verəcəyinə ümidi puça çıxarması, hər ikimizi eyni dərəcədə mat qoymuşdu. Orucov öz növbəsində dəqiqləşdirdi ki, problemin heç bir siyasi tərəfi haqqında söhbət belə gedə bilməz, biz konkret işlə əlaqədar gəlmişik – bu barədə də danışmalıyıq. Xatırlatdı ki, bu, bizim nazımız deyil, ölkənin direktiv orqanlaının tapşırığıdır, üstəlik sənədin təqdim olunması üçün müəyyən edilən müddət qurtarmışdır.

Cavabında Poqosyan elə buradaca Qorbaçova zəng vurub möhlətin uzadılması haqqında razılaşmalar təklif etdi, sözarası bildirdi ki, Qorbaçovla bu yaxınlarda danışıb və ümumiyyətlə, onunla az qala hər gün telefonla əlaqə saxlayırlar. Poqosyan bu cür əlaqə saxlaması ilə açıq-aydın qürrələnirdi.

Biz onun xidmətindən nəzakətlə imtina etdik və yenə də hazır sənədin, yaxud varsa, onun digər variantının razılaşdırılması üzərində işləməyi təkid etməyə başladıq. Bu zaman büro üzvləri sanki səksənib oyandılar. Bir-birinin ardınca nitqlər irad olundu. Vilayət partiya komitəsi partiya komissiyasının sədri ayağa qalxdı, nümayişkəranə tərzdə otağa nəzər salaraq dilləndi:

– Deyirlər ki, Dövlət Plan Komitəsinin sədri Mütəllibov buradadır. “Bakinski raboçi” qəzetində bizi təhqir edəndən sonra bilmirəm, necə gəlib bura düşüb. Qəzetdə bizim vilayətin sosial-iqtisadi göstəricilərinin hətta Ermənistan və Azərbaycan göstəricilərindən yüksək olduğunu iddia edir və bütün bunlardan sonra həya eləmədən vilayətə gəlir. Mütəllibov yoldaşa demək istəyirdim ki, qoy bizi savadsız adam yerinə qoymasın. Mən iqtisadçı olmasam da bilirəm ki, adambaşına düşən kapital qoyuluşuna görə muxtar vilayət digər bölgələrdən xeyli geri qalır. Ümumiyyətlə, söhbət heç bundan da getmir. Bizim başqa tələblərimiz var. Orada, mitinqdə adamlar həmin tələblər barədə danışırlar. Vilayət partiya təşkilatının iki min kommunistinin hamısı mitinqdədir. Tələblərimizə əməl olunmasa, bu iki min nəfərin hamısı öz partiya biletindən imtina edəcək.

“Xural” qəzeti, il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button