QARABAĞ – QARALAN BAĞ!

Ayaz Mütəllibov

Qarabağ müharibəsi İttifaqı dağıtmağa başlamaqdan ötrü qızışdırılmışdı – tapşırdılar ki, vəziyyəti gərginləşdirməyək…

 7-ci yazı

 Baş vermiş hadisənin səbəblərini izah etmək üçün daha bir versiya vardı: Sumqayıt respublika rəhbərliyini gözdən salmalı, onun nüfuzuna zərbə endirməli idi ki, Mərkəz onun respublikanı idarə etməyə, hələ bu nədir, Azərbaycanda lazımi qayda yaratmağa da qadir olmadığına inansın.

Həmin hadisələrin xarici kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasından göstərilən fövqəladə operativliyə indiyədək heyrətlənirəm. Elə ertəsi gün səhər bütün dünya Sumqayıt hadisələri haqqında bar-bar bağırmağa başladılar. Keşlə maşınqayırma zavodunun həmin günlər SSRİ Ali Sovetinin nümayəndə heyətinin tərkibində Fransada olan frezerçi Oqtay Bağırov Sumqayıtda çəkilmiş ətraflı telereportaja orada baxmışdı.

Bu hadisə ittifaqın kütləvi informasiya vasitələrində də, necə deyərlər, hadisə yerindən, şərhsiz-zadsız işıqlandırıldı. Törədilən talanların təfərrüatı, azğınlığın qurbanları təsəvvür edilən kino-foto sənədlər uzun müddət Ermənistanda, Dağlıq Qarabağda antiazərbaycan təbliğatının materialı olacaq.

Cəmiyyətdə respublikanın talançılığı, zorakılığı və adam öldürməyi xoşlayan vəhşilər ölkəsi olması haqqında çox möhkəm rəy yaradılacaq. Çoxları Azərbaycanda baş verən hadisələri belə bir primitiv sadəlövhlüklə qavrayırdı: azərbaycanlılar erməniləri ona görə qırırdılar ki, aralarında qədimlərdən bəri dini zəmində düşmənçilik var – Dağlıq Qarabağ erməniləri müsəlman respublikasında xristianların anklavıdır. Və çoxlarına elə gəlir ki, kimin təqsirkar olduğunu lap yaxşı bilirlər.

Dünya ictimai rəyinə gəlincə, burada vəziyyət ona görə ağır idi ki, Qərb ölkələrinin Azərbaycan haqqında çox az məlumatı vardı. Hətta yüksək rütbəli dövlət xadimlərinin münaqişə barəsində təsəvvürləri çox dumanlı idi. Burada mən ABŞ-ın keçmiş dövlət xadimi Henri Kissincerə aid misal gətirməyə bilmirəm. Onunla 1992-ci ilin yanvarında Davosda ənənəvi sammitdə görüşdüm. Fürsətdən istifadə edərək mənimlə söhbətə vaxt tapmasını xahiş etdim. Dünyanın bu məşhur siyasətçisinin Ermənistan-Azərbaycan qarşıdurması haqqında fikrini öyrənmək çox maraqlı idi. Lütfkarlıqla razılaşdı və biz yarım saat söhbət etdik. Təəccüblə gördüm ki, o da  Azərbaycan haqqında lazımi məlumatı olmadığını deyir. Başa düşürdüm ki, şəxsən özümdən çox ölkəsini nəərdə tutur – bu ölkədə mənim dövlətim haqqında heç nə bilmirdilər.

Doğrudan da respublikanın dünya informasiya mənbələrinə çıxış yolu yox idi, bu yolu heç özü də axtarmırdı. Ermənistana gəlincə, onun müxtəlif ölkələrdə geniş ictimai rəy formalaşdırılmasına fəal təsir göstərməyə qadir olan xarici diasporu vardır. Dağlıq Qarabağ ətrafında başlanmış mübahisədə Azərbaycanın mövqelərinin zəifliyi buradan irəli gəlirdi. Azərbaycan indi də informasiya blokadasındadır və hər şeydən göründüyü kimi, bu mənada o, özünə bəraət qazandırmağa məhkumdur. Təqsiri mən respublikanın rəhbərliyində, öz xalqı haqqında həqiqəti onun hüdudları xaricində yaymaqdansa, ölkə daxilində ehtirasları qızışdırmağı üstün tutan ziyalılarımızda görürəm.

Bir daha Sumqayıt hadisələrinin üzərinə qeyd edim ki, həmin hadisələr zamanı faciənin böyüklüyünə baxmayaraq, iki xalq arasındakı münasibətlərdə qarşılıqlı kömək təzahür edirdi. Qələm sahibləri məhz burada baş sındırmaları və məhz dinc qonşuluğu ifadə edən parlaq faktları ictimaiyyətin şüuruna çatdırmalı idilər. Axı, həmin faktlar göz qabağında idi. Bəziləri haqqında zərərçəkənlərin özləri danışırdılar. Budur, bircə misal. Banditlər erməni ailəsinin yaşadığını dəqiq bilmədikləri bir mənzilə girmiş, amma orada heç kəsi görməmişdilər. Tezliklə öyrənmişdilər ki, ailə üzbəüz qonşu olan azərbaycanlının mənzilində gizlənir. Qapını döyəcləməyə başlamışdılar. Ev sahibi balta götürüb qapını aşmış və demişdi ki, kandardan otağa keçməyə cürət edənin başını əzəcək. Görünür, bu adamın qətiyyətli görkəmi şübhə yeri qoymamışdır ki, o, dediyinə hökmən əməl edəcək. Banditlər çıxıb getmişdilər.

Hakimiyyət orqanları şəhərdə asayiş yaradandan sonra iğtişaşın səbəbkarları ələ keçəndə məlum olmuşdu ki, təsadüfən həmin azərbaycanlının oğlu da tutulub.

Uşağın atası onu xilas etmək istəmiş, amma bacarmamışdır. Lap bu yaxınlarda onun mənzilində gizlənən qonşu ermənilər bundan xəbər tutaraq milis bölməsinə getmiş, yalvarmışdılar ki, uşağı buraxsınlar, çünki onların möhkəm rəyincə, bu cür atanın pis oğlu ola bilməzdi. Azərbaycanlı ailəsinin bütün üzvlərini sevindirmişdilər – istədiklərinə nail olmuşdular. Bu cür misallardan nə qədər desəniz, gətirmək mümkündür.

Ermənilərin təqib edilməsi qabaqcadan planlaşdırılmışdı. O vaxt talan icraçılarının Ermənistandakı Qafan və Sisyan rayonlarından gəlib Sumqayıtdakı qohumlarıgildə yaşayan qaçqınlar olduğundan şübhələnirdilər. Sumqayıtda hələ əllinci illərdə azərbaycanlıların ilk kütləvi mühacirəti zamanı Ermənistandan baş götürüb bura gəlmiş xeyli adam yaşayırdı. Güman edirdilər ki, Ermənistanda bu adamların alçaldılması və incidilməsi onların yadından çıxmamış, talan törətməyə sövq etmişdir. Keçmişin qisasını almağa təhrik edən Qarabağ fitnəkarlığı da ehtirasları coşdurmuşdu.

Bir neçə gündən sonra istintaq briqadasının əldə etdiyi əşyayi-dəlillər üzə çıxarıldı. Törədilən azğınlıqların təsadüfi olmadığı faktı getdikcə daha möhkəm dəlillərlə sübut edilirdi. Belə bir cəhət diqqəti cəlb edirdi ki, ən varlı erməni ailələri talanlar başlamazdan bir az əvvəl Sumqayıtı tərk etmişdilər, şəhərdə qalanların çoxuna xətər yetirilməmişdi. Hiss olunurdu ki, banditlər seçmə üsulu ilə cinayət törətmişlər. Yeri gəlmişkən, sonralar bu nüans daha bir versiyanın yaranmasına əsas vermişdi: guya həlak olan ermənilərin hamısı Stepanakert mitinqlərinin hazırlanması və keçirilməsi üçün pul verməkdən imtina edənlərdir.

Əslində, pul yığılmasına dair vesiya təsdiq edilə bilərdi, lakin o, gərək digər baxımdan araşdırılaydı; axı talanların icraçılarına da pul lazım idi. Talançılarda armatur poladından hazırlanmış metal çubuqlar, soyuq silah, pəncərəni sındırmaq üçün işlətdikləri xeyli çaylaq daşı da vardı.

SSRİ Prokurorluğu və Daxil İşlər Nazirliyi məsul mütəxəssislərinin rəhbərliyi altında işləyən istintaq briqadası Sumqayıt hadisələrini çox diqqətlə araşdırdı. Məhkəmə təqsirkarlar barəsində sərt hökm çıxardı: onların hamısı ciddi cəzalandırıldı, güllələnməyə məhkum edilənlər də oldu.

Lakin indiyədək bir çoxlarının qəlbində istintaqdan, sonra da məhkəmə prosesindən nə isə bir narazılıq hissi qalıb. Çünki bütün diqqət işin cinayət cəhətinə yetirildi. Sumqayıt hadisələrinə siyasi qiymət verilmədi. Hərçənd istintaqın ixtiyarında yəqin ki, kifayət qədər material vardı. Üstəlik, bu hadisələrin öz mahiyyətinə görə dövlətin təhlükəsizliyinə toxunduğu nəzərə alınsaydı, qan axıdılmasında maraqlı olanların respublikada vəziyyətin gərginləşməsinə və iki xalq arasında müharibənin başlanmasına bilavasitə və ya dolayısıyla kömək göstərənlərin hamısını üzə çıxarmaq dövləti mühafizə etməli olan orqanlaın əsas vəzifəsinə çevrilməli idi.

Hələ o vaxt müşahidəçilər hadisələrin əsas səbəblərini əslində, gizlətməyi üstün tutan hüquq-mühafizə orqanlarının hərəkətlərindəki qeyri-ardıcıllığı qeyd etdilər. Üstəlik, bu sözlər ölkədə aşkarlığın hökm sürdüyü bir dövrdə deyilirdi. İttifaqın ictimaiyyəti həmin hadisələrin başlanğıcında kimlərin durduğunu öyrənə bilmədi ki, bilmədi. TAPŞIRDILAR Kİ, VƏZİYYƏTİ GƏRGİNLƏŞDİRMƏYƏK.

İndi şübhə yoxdur ki, o zaman Dağlıq Qarabağda baş verən hadisə lap əvvəldən, necə deyərlər, yerli əhəmiyyətli fövqəladə hadisə xarakteri daşımırdı. Qətiyyən! Hərçənd ölkənin rəhbərləri dünya ictimaiyyətini inandırmağa çalışırdı ki, bu, məhz yerli əhəmiyyətli hadisədir. Bununla əlaqədar olaraq Yuqoslaviyada Qorbaçova DQMV hadisələri haqqında verilən suala olan cavabı yadıma düşür. Cavabdan belə çıxırdı ki, Dağlıq Qarabağdakı mitinqlər yenidənqurmanın və aşkarlığın nəticəsidir, adamlar durğunluq illərində yığılıb qalmış problemlər haqqında açıq-aydın danışmaq imkanı əldə etmişlər və o, bu işdə elə bir qorxulu bir şey görmür.

Bəzən təsəvvür yaranırdı ki, Qarabağ əməlləri nədənsə yeni siyasət müəlliflərinin ürəyincədir, çünki həmin siyasətin həyata keçirilməsində real təsdiqi kimi qələmə verilirdi. Axı, Qorbaçov, əlbəttə, billirdi ki, dünya birliyi SSRİ-dəki demokratik dəyişikliklər haqqında mühakimə yürüdərkən ancaq onun sözlərinə əsaslanmaqla kifayətlənməyəcək, deməli, konkret işlər də lazımdır. Bu da misal – ermənilərin öz iradələrini sərbəst şəkildə və tam demokratik yolla ifadə etdikləri Dağlıq Qarabağ.

Münaqişənin başlanğıcında Qorbaçovun yolverilməz ləngliyi, onun nəticələrinin ağır olacağını lazımınca qiymətləndirməməsi, dinc yanaşı yaşamağa dair çağırışlara hədsiz dərəcədə üstünlük verməsi, konkret ərazi iddialarından söhbət gedən yerdə mövcud olmayan kompromislər axtarılmasına meyl göstərməsi, zənnimcə, məhz bununla izah olunur. Üstəlik, SSRİ prezidentinin davranışında heç nə ilə əsaslandırılmayan qürrəllənmə özünü biruzə verirdi: guya istəsə, hər şey düzələr. Yadımdadır, səfərlərindən birində onu dövrəyə almış izdihamdan bir nəfərin “Mixail Sergeyeviç, şüşədən buraxdığınız cindən qorxmursunuz” sualına Qorbaçov “Yox” cavabı vermişdi. Sual verilərkən aşkarlıq nəzərdə tutulmuşdu, amma Qarabağa dair suala da həmin cavab eyni inamla və ya daha dəqiq deyilsə, eyni lovğalıqla səslənərdi. Sonralar onun xarakterindəki bu cəhəti dəfələrlə görürdüm. Mən Dağlıq Qarabağla bağlı problemin ciddilliyinə, təkcə Azərbaycan və Ermənistan xalqları üçün deyil, həm də İttifaq üçün təhlükəli olduğuna onun diqqətini dönə-dönə cəlb edir, cavabında eşidirdim: “Vəziyyəti gərginləşdirməyin”.

Halbuki ictimai rəy obyektiv şəkildə formalaşdırılsaydı, İttifaq mətbuatı materialları məhz bu cür təqdim edilməyə istiqamətlənsəydi, bəzi jurnalistlərin, ictimai xadimlərin fitnəkar çıxışları qadağan olunsaydı, nəhayət, Sumqayıt hadisələrinə vaxtında sərtl və qərəzsiz qiymət verilsəydi, münaqişənin tam müharibəyə çevrilməsinin qarşısı alınardı.

Sumqayıt qırğınına yol verməmək olardımı? Bu sualın cavabını ən əvvəl Dağlıq Qarabağda axtarmaq gərəkdir və ona bu məkrli niyyəti özlərinin xəstə beyinlərində yerləşdirib ərsəyə gətirənlər, həmçinin Ermənistanın özündə, istərsə də Azərbaycanda alovlanan yanğından öz xeyirlərinə istifadə edənlər cavab verməlidirlər. Tam əsasla güman edirəm ki, hadisələrin məhz bu cür gedişi Moskvada bəzilərinin ürəyincə idi, – onlar Dağlıq Qarabağı bəhanə gətirməklə iki respublikanı əvvəlcə SSRİ-də, ölkə dağılandan sonra isə MDB-nin tərkibində saxlamağa çalışırdılar.

İndi əsas etibarilə bu versiyanı eşitməli oluruq: Qarabağ müharibəsi İttifaqı dağılmağa başlamaqdan ötrü qızışdırılmışdı. Görünür, bu fikirlə razılaşa bilərik. Axı, Qarabağ ermənilərinin başladıqları separatçılığa ölkənin digər yerlərində yaşayanların da qoşulacaqlarına şübhə yox idi. Dünya birliyi tərəfindən tanınan və milli azadlıq müharibəsinin meyarı olan hüquq – xalqların öz müqəddəratını təyin etmək hüququ Moskvada da qəbul edilirdi. Yenidənqurmanın əvvəllərində bu barədə müxtəlif səviyyələrdə danışılırdı. Azərbaycanla qonşu olan Gürcüstandakı, Moldoviyadakı və Tacikistandakı hadisələr, Qazaxıstanda vəziyyətin kəskinləşməsi indiki Rusiyada mərkəzdənqaçma meyllərinin güclənməsi həmin danışıqların nəticəsidir. Buna görə cəsarətlə iddia etmək olar ki, Dağlıq Qarabağ kimi Sumqayıt da müxtəlif müxalifət qüvvələrinin gizli niyyətlərinin həyata keçməsinə kömək edirdi.

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button