Qarabağ – Qaralan bağ

Ayaz Mütəllibov oğlunun vaxtsız ölümü səbəbilə Azərbaycana qayıtdı və Heydər Əliyevin məzarının üzərində baş əyərək, əfv dilədi. Bununla da Azərbaycan mediasının gündəminə çıxdı və onun birinci dərəcəli mövzusuna çevrildi. Biz də adekvat olaraq dərhal birinci prezidentin birinci – “Qarabağ – Qaralan Bağ” kitabını dərc etməyi düşündük. Bu kitab 1994-cü ildə yazılıb və orada Ayaz Mütəllibovun bir çox məsələlərə baxışı öz əksini tapıb. Oxucular üçün maraqlı olacağını düşünürük…

Xüsusilə indiki məqamda Ayaz Mütəllibovun fikirləri önəm daşıyır…

***

Sələflərimdən ikisi həmin vəzifədə üç ildən çox qala bilməmişdi – ağır xəstələnib ölmüşdülər…

 

Birinci hissə

1

1988-ci ilin fevralı

Bakıda fevral və mart aylarında özü ilə qar gətirən güclü şimal küləkləri əsir. Xəzərin saçları ağarır. Bu cür havada az adam tapılar ki, Dəznizkənarı parkda gəzintiyə çıxsın. Mən özümü piyada gəzməyin səbatlı həvəskarları sırasına aid etməsəm də, həmin səhər həmişəki yolumla işə gedirdim. Bu gəzinti xidmət kabinetində uzun-uzadı işləməkdən ötrü lazım olan gümrahlıq verirdi. Hər gün parkda gördüyüm adamlara rast gəlirdim. Onların mehribanlıqla salamlaşmasından hiss edirdim ki, məni öz adamları sayırlar. Sonralar Nazirlər Sovetinin sədri olanda da tez-tez bulvara çıxırdım. Çox vaxt zarafatla deyirdim ki, lazım gələndə “yerə enməyə” çətinlik çəkməyəcəyəm, çünki yerdən heç vaxt ayrılmamışam.

O vaxt, yəni 1988-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri idim. Bu vəzifədə işlədiyim yeddi il mənə çox şey öyrətmişdi. Həmin dövrdə təsərrüfat sahəsində yol verilən bütün nöqsanların təqsirini Dövlət Plan Komitəsinin üstünə yıxmağa çalışırdılar. İstehsala onun öhdəsindən gəlmək mümkün olmayan artım sürəti əldə etmək tapşırılanda təqsirkar biz olurduq. Hərçənd rəqəmlər müəyyən edilərkən mövcud imkanlar nəzərə alınmırdı, Azərbaycan KP MK–dan verilirdi. Nəzərdə tutulanlar yerinə yetirilməyəndə cavabdeh Dövlət Plan Komitəsi olurdu. Heç bir hökumət qərarı bizim iştirakımız olmadan qəbul edilmirdi, lakin xeyli qərar bizim hesablamalarımız nəzərə alınmadan çıxarılırdı. Dövlət Plan Komitəsindən ali hakimiyyət dairələrinin tənqidinə qarşı sipər kimi istifadə edirdilər. Yuxarıda bizə təzyiq göstərirdilər, aşağıdan da təzyiqə məruz qalırdıq – bir sözlə, çəkiclə zindan arasında əzilirdik.

Bu cür gərgin işə dözmək asan deyildi. Mənim sələflərimdən ikisi həmin vəzifədə üç ildən çox qala bilməmişdi – ağır xəstələnib ölmüşdülər. Belə şərait ancaq partiya rəhbərliyi üçün sərfəli idi. Azərbaycan hər il iqtisadiyyatda qazandığı müvəffəqiyyətlərə görə keçici Qırmızı bayraqlara layiq görülürdü – keyfiyyətli malların, xüsusilə ərzaq məhsullarının daim çatışmadığına baxmayaraq. Dostlarım məni təyinat münasibəti ilə təbrik etməklə yanaşı, özümdən muğayət olmağı tapşırırdılar, bilirdilər ki, arzularla gerçəkliyi uzlaşdırmaq yükü adamı üzüb əldən salır. Buna baxmayaraq, mən yeni işə gəldiyimə görə sevinirdim, çətinlikləri dəf etməyi isə əvvəlki iyirmi il ərzində öyrənmişdim – on bir il zavod direktoru, sonra da respublikanın ilk istehsal birliklərindən birinin baş direktoru olmuşdum. Üstəlik, iki ildən çox yerli sənaye naziri işləmişdim. Bu sahə dövlətin bölüşdürdüyü ehtiyat – pul qalığının da qalıqları ilə kifayətlənirdi. Nazirin bütün vaxtı Dövlət Plan Komitəsindən və Dövlət Təchizat Komitəsindən vəsait və fondlar ələ keçirməyə sərf olunurdu – müəyyən edilən planların yerinə yetirilməsi üçün vəsait və fondlar sarıdan daim korluq çəkirdik. Rəislərin kabinetlərində dolaşdığım günlərdə nə qədər əsəb gərginliyinə məruz qaldığım indi də yadımdadır. Özüm Dövlət Plan Komitəsinin sədri, Nazirlər Soveti sədrinin müavini olandan sonra fikirləşirdim: “Yuxarı orqanların hərəkətlərində məni hiddətləndirən qaydalardan əl çəkə biləcəyəmmi? Əmrlərin adi icraçısı olmamağı bacaracağammı?” Elə ilk günlərdən qət etdim: kağız üzərində özündən rəqəmlər uyduran rəsmiyyətçi çinovnik olmayacağam, çünki bu rəqəmlər əslində təsərrüfatçılar üçün süni maneələrə çevrilir.

Qeyd etməliyəm ki, SSRİ Dövlət Plan Komitəsi haqqında yayılmış mənfi fikirlərə baxmayaraq, oraya istedadlı adamlar, səriştəli iqtisadçılar toplaşmışdı. Ölkənin ali iqtisadi qərargahına bir çox illər boyu əvəz olunmadan rəhbərlik etmiş Nikolay Konstantinoviç Baybakov mənim yeni vəzifədə püxtələşməyində xüsusi rol oynamışdır. O, ixtisasça neftçi idi, indi Rusiyanın dolanmasına kömək edən yanacaq-energetika kompleksinin inkişafı üçün çox iş görmüşdü. N.K.Baybakov Azərbaycanda anadan olmuş və uzun müddət burada işləmişdi. Onun valideynlərinin məzarları Azərbaycandadır, hər dəfə respublikaya gələndə onlara baş çəkirdi. Müşayiətçisi mən olurdum. Sadə, yüksək dərəcədə insan kimi yadımda qalıb. Onun köhnə dostu – o zaman Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləyən Ə.C.Ləmbəranski də bizimlə birlikdə olurdu. Ləmbəranski on illər boyu əsaslı tikintiyə rəhbərlik etmişdir, qocalmasına baxmayaraq, bu gün də dincəlmək bilmir, respublikanın qocaman teatrlarından birinin bərpası ilə məşğuldur.

Dənizkənarı parkdan o zaman “Lenin” meydanı adlanan “Azadlıq” meydanına çıxdım. Əzəmətli bir binanın fasadı bu meydana baxır. Şəhərin sakinləri onu “hökumət evi” adlandırırlar, hərçənd, Nazirlər Sovetinin aparatı heç vaxt burada məskən salmayıb. Düzdür, nazirliklərin çoxu oraya yerləşirdi. Qız qalası və ya Şirvanşahlar sarayı İçərişəhərə rövnəq verdiyi kimi, “Hökumət evi”nin arxitekturası da Bakının müasir hissəsinin yaraşığıdır.

Sümüyə işləyən fevral küləyi məni əldən salmışdı. Kabinetimə qalxdım və məni anlaşılmaz narahatlıq bürüdü. Sulu qar pəncərə şüşələrini döyəcləyirdi, buludlar səmanı örtmüşdü, alçaq tavanlı kabinet yarı qaranlıq idi. Başqa nazirlər dəbdəbəli apartamentlərdə qərar tutmuşdular, bu otağı isə mənim sələfim S.Abbasəliyev çox uğursuz seçmişdi, o, əvvəlki kabineti kollegiya iclaslarının keçirildiyi zala çevirmiş, özü isə bura keçmişdi. Otaq işıqlı olmadığına görə daha güclü çeşmək taxmağa məcbur olmuşdu. Mən də son zamanlar yaxşı görə bilmədiyimi hiss etməyə başlamışdım. Həmkarım xeyirxah iş görmüşdü, bunu altını çəkməli olmuşdu: Azərbaycan KP MK-ya göndərilən anonim məktubda o, yeni kabinet ələ keçirməkdən ötrü hər vasitəyə əl atan çinovnik kimi qələmə verilmişdi. Kimsə bu “isti” nümunəni Heydər Əliyevin məruzəsinə salmışdı, fakt ictimaiyyətin müzakirəsinə verilmişdi, sonradan “Pravda” qəzetinin baş məqaləsinə də düşmüşdü. Bu cür əsassız ittihama hansı ürək dözərdi? S.Abbasəliyev infaktdan sonra həyatdan köçmüşdü.

Stolun böyründə düz sıra ilə düzülmüş telefonlara nəzər salanda narahatlığım daha da artdı. Bəlkə də kimsə telefonların çoxluğundan həzz alır, amma mənim fikrimcə, onların sayı nə qədər az olsa, o qədər yaxşıdır. Həmişə gözləyirsən ki, böyüklərdən kimsə telefonla qan qaraldan sözlər deyəcək. Bir telefon zəngi insanın taleyini alt-üst etməyə və ya yüksəltməyə, hər halda bilaixtiyar səksənməyə məcbur etməyə qadirdir, xüsusilə axşamlar sükut və tənhalıq şəraitində daha yaxşı işləmək imkanı yarananda. Sonralar respublika prezidenti olanda xüsusilə telefonların qəfil zənglərini necə təlaşla qarşılandığını unutmadığıma görə mən lazımi adamlarla onların katibələri, yaxud köməkçiləri vasitəsilə əlaqə yaratmağı üstün tuturdum. Güman edirdim ki, beləliklə, mən tabeliyimdə olanların əsəblərini qorumağa çalışırdım.

Adətən işə qəzetləri nəzərdən keçirməklə başlayırdım – onlardakı ən mühüm məsələlərə diqqət yetirirdim. Həmin illərin mətbuatı ilə tanış olmaq asan idi, çünki rəsmi materiallar hamısında verilirdi. Təbidir ki, qəzetləri başdan-başa oxumağa vaxt çatmırdı. Həmin gün isə qəzetlərə heç əl də vurmamışdım. Bəlkə də narahatlığım anamın səhhəti ilə əlaqədar idi? İki ay olardı ki, xəstəxanada yatırdı. Yaddaşını itirməyə başlamışdı, bəzən yaxın adamlarını da tanımırdı. İlk övladı olduğum üçün anam mənə xüsusi məhəbbət bəsləyirdi və buna görə qardaşımla bacım bütün uşaqlar arasında olduğu kimi məni anama qısqanırdılar. Hamının Kübra xanım adlandırdığı anam mənim dünyam idi, bütün pak və xeyirxah keyfiyyətlərimi ondan əxz etdiyimə əminəm və buna görə də bir övlad kimi ömrümün axırınadək anama minnətdar olacağam. Həkim idi, uzun illər boyu sərasər işləyəndən donra özünü yalnız ailəsinə həsr etmək qərarına gəlmişdi. Necə də arzulayırdı ki, təbiətin xəlvət bir guşəsinə çəkilsin, tükənmək bilməyən ev-iş gücündən, məni əldən salan məsuliyyətindən uzaq yerdə yaşayaq! Xidmət pillələri ilə yüksəlməyim onun ürəyindən deyildi. Dərd-sərini ürəyinə salıb, yaxınlaşan bəlanı qəlbinin dərinliklərində hiss edirdi. Son zamanlar işim çox olduğuna görə tez-tez dəyə bilmirdim, indi isə istər-istəməz faciəyə hazırlaşarkən vicdan əzabı çəkirdim. Bəzən övladlar elə güman edirlər ki, ata-anaları əbədi yaşayacaqlar, onlarla görüşləri tarixə salmaq olar…

Hələlik birlikdə yaşadığım övladlarım haqqında fikirləşərkən bilaixtiyar özümdən soruşuram: “Bəs sonra, ayrı-ayrı yaşayanda necə olacaq? Bizi bir-birimizdən bəlkə də böyük məsafələr ayıranda?” Lakin onların həyatının necə qurulacağından asılı olmayaraq hamısına xoşbəxtlik arzulayıram. Onların xoşbəxtliyi biz valideynlərin xoşbəxtliyi deyilmi?

Xəstəxanaya zəng vurdum. Dəstəyi anamın yanından çəkilməyən atam götürdü: dedi ki, gecə nisbətən sakit  keçib, dəyişiklik olmayıb. Səsindən duyulurdu ki, bərk yorulub: xəstəxana şəraitinə alışmadığı özünü göstərirdi. Əslində, atam evdə də müstəqilliyə alışmamışdı. Külfətin ağırlığı anamın çiyinlərində idi. Təəssüf ki, mətbəxə, bazara və ya mağazaya, öz övladlarına bağlanmış bir çox ərli arvadın, uşaqlı anaların ömrü-günü ağır ev əməyində keçib gedir. Mən statistika hesablarında evdar qadınların əhalinin ictimai-faydalı fəaliyyəti ilə bağlı olmayan zümrəsinə aid edilməsini heç vaxt başa düşə bilməmişəm. Bundan hiddətləndiyimə görə bir dəfə  Dövlət Plan Komitəsinin kollegiya iclasında dedim ki, mən bu cür bölgünü fikirləşib tapan adamla böyük məmnuniyyətlə görüşüb danışardım.

Anam kimi həyat yoldaşım da öz xarakterinə görə ömrünü ailəyə qurban verən qadındır (o da həkimdir). Zahirən dərd-qəmdən uzaq, həyatından razı insan təsiri bağışlayır, amma həmişə özünə az baxıb, bütün varlığını tamamilə ailə qayğılarına həsr edib, hətta günləri xoş keçəndə də ər dərdi, uşaq dərdi çəkib, ərə gedənədək xəstə atasına baxıb. Başqa qadınlar arasında öz gözəlliyi ilə seçilib, illər keçib, amma indi də gözəlliyini itirməyib. Mən daim acı xəbərlər gözləyən bu qadına çox borcluyam, üstəlik boynuma alıram ki, onun köməyi olmasaydı, çiyinlərimə düşən yükün öhdəsindən gələ bilməzdim. Tez-tez deyirdi: “Bilirəm ki, çətin işdən yapışmısan, amma mənim işim səninkindən asan deyil. Sən maraqlı işlə məşğulsan, adamlar arasında olursan”. Sonralar prezident olanda arvadımın da müəyyən ictimai vəzifələri yerinə yetirməsi məsələsi ortaya çıxdı. Amma təklifimi qətiyyətlə rədd etdi. Uzun-uzadı mübahisələrdən sonra axır ki, razılaşdı və tezliklə yetim qızlar evinin hamisi oldu. Böyük həvəslə uşaqların yanına gedir, onların tərbiyəçilərinin bütün xahişlərini yerinə yetirirdi. Beləliklə, ev dərd-sərindən azacıq da olsa uzaqlaşırdı.

Atamla söhbətdən sonra sakitləşə bilmirdim. Amma işə başlamalıydım. Müşavirə keçirilməli, orada 1988-ci ilin planlarının müəssisələrə və ərazilərə çatdırılması müzakirə olunmalıydı – fevral ayı üçün adi tədbir idi.

Lazımi sənədləri stolun üstünə düzərək hazırlamağa başladı. Elə bu vaxt daxili rabitə telefonunun boğuq zəngi çalındı.

Müavinlərimdən biri telefonla xəbər verdi ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Stepanakertdə şəhər meydanında böyük izdiham  toplaşıb. Orada mitinq gedir.

Bu məlumatı alan kimi Azərbaycan KP MK-nın nömrəsini yığdım. Ümid edirdim ki, orada əhvalatdan daha yaxşı xəbərdardırlar. İqtisadiyyat şöbəsinin müdiri Z.Səmədzadə də təfərrüatı bilmirdi, amma duydum ki, MK-da təşvişə düşüblər. Həmin günədək ölkənin hər yerində olduğu kimi, respublikada da partiya orqanlarının təşkil etdiklərindən başqa heç bir mitinq keçirilmirdi. Dəstəyi yerinə qoyub qərara gəldim ki, indi müşavirə vaxtı deyil.

Tezliklə öyrəndim ki, bu, etiraz mitinqidir, üstəlik sovet stereotiplərinə qətiyyən uyğun gəlməyən tələblərin irəli sürüldüyü mitinq. Orada vilayətin sosial-iqtisadi inkişafı göstəriciləri ilə əlaqədar şikayət, tam müstəqillik verilməsi haqqında tələb, muxtar vilayətin rəhbərliyindən narazılıq sədaları ucalırdı. Şübhə yeri qalmırdı ki, vəziyyət nəzərdə göründüyündən qat-qat ciddidir.

Ərazi planlarına baxan şöbənin rəisi, qocaman və səriştəli işçi, Böyük Vətən müharibəsi iştirakçısı, əlili, çox mehriban insan olan Məhərrəm Məmmədovu yanıma dəvət edib açıq soruşdum: yəni DQMV-nin iqtisadi inkişaf göstəriciləri o qədər pisdir ki, onlar barədə mitinqdə danışılsın və vilayət Soveti, vilayət plan idarəsi ilə bizim aramızda ciddi ixtilaflar olubmu? Məmmədov cavab verdi ki, heç bir ixtilaf olmayıb, həmişə ümumi dil tapılıb. Düzdür, vilayətin heç də bütün tələbləri müdafiə edilməyib, amma digər bölgələrə də bu cür münasibət bəslənilib: vəsait məhduddur, istər-istəməz nə barədəsə rədd cavabı verməli oluruq. Deyilənlərin hamısı həqiqət təsiri bağışlayırdı, amma buna baxmayaraq, mənim üçün DQMV-nin inkişafı vəziyyətinə dair materiallar hazırlamağı xahiş etdim.

 

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button