QARABAĞ AZADLIQ TƏŞKİLATI TƏQDİM EDİR

Qəhrəmanlar unudulmur!

20 iyun Azərbaycanın Milli Qəhrəmanı Vüqar Hüseynovun doğum günüdür

Vüqar Tofiq oğlu Hüseynov 1969-cu il iyunun 20-də Cəbrayıl rayonu Daşkəsən kəndində anadan olub. O, 1990-cı ildə Xüsusi Təyinatlı Milis (polis) Dəstəsinə daxil olub, Xocalı, Goranboy, Çaykənd istiqamətlərində rəşadətlə vuruşub. 1991-ci il iyulun 20-də Goranboy rayonunun Buzluq kəndi uğrunda gedən döyüşdə düşmənin üstün qüvvələrinin dəf edilməsində xüsusi fədakarlıq göstərib və qəhrəmanlıqla həlak olub.

Doğulduğu Daşkəsən kəndində dəfn edilib. Oxuduğu orta məktəb onun adını daşıyır.

24 iyun Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin doğum günüdür

Əlif Lətif oğlu Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində anadan olub. O, 1974-cü ildən Daxili İşlər Nazirliyi orqanlarında işləyib, 1990-cı ildə Xocalı hava limanı daxili işlər bölməsinə rəis təyin edilib, erməni təxribatçılarına qarşı cəsarətlə mübarizə  aparıb, Xocalı aeroportunu ermənilərin nəzarətindən tamamilə çıxarıb, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə səhərə qədər rəhbərlik etdiyi kiçik dəstə ilə erməni-rus qüvvələrinə qarşı rəşadətlə vuruşub, misilsiz qəhrəmanlıqlar göstərib, əsil cəngavər kimi son nəfəsinə qədər döyüşüb və döyüş meydanında şəhid olub.

Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilib, Bakının küçələrindən biri onun adını daşıyır.

19 iyun Azərbaycanın Milli Qəhrəmanı Səfa Axundovun doğum günüdür.

Səfa Fətulla oğlu Axundov 1958-ci il iyunun 19-da Masallı rayonunda anadan olub. O, təyyarəçi zabit kimi keçmiş SSRİ-nin bir çox yerlərində çalışıb, həm də ictimai fəaliyyətlə məşğul olub, Riqada “Azəri” cəmiyyəti, sonra isə “Müsəlman Liqası”nın yaradıcılarından olub, 1989-cu ildə Vətənə qayıdıb, erməni işğalçılarına qarşı döyüş vertolyotunda vuruşub. O, bütün təhlükəli uçuşlarda iştirak edib, daha çox döyüş məntəqələrinə silah-sursat daşıyıb və oradan dinc əhalini çıxarıb. 1992-ci il yanvarın 28-də onun uçduğu vertolyot Şuşaya yaxınlaşarkən vurulub, Səfa və 2 nəfər digər ekipaj üzvü vertolyotu çətinliklə şəhərdən uzaqlaşdırıb, daha çox itkinin qarşısını alıb, özləri də qəhrəmanlıqla həlak olublar. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Cəlilabad şəhərinin mərkəzində büstü qoyulub, rayon mədəniyyət evi və küçələrdən biri onun adını daşıyır.

 

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (433), 26 iyun-2 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button