QARABAĞ AZADLIQ TƏŞKİLATI TƏQDİM EDİR:

Qəhrəmanlar unudulmur!

9 avqust Milli Qəhrəman Məhəmməd Həsənovun doğum günüdür

Məhəmməd Ələsgər oğlu Həsənov 1959-cu il avqustun 9-da Goranboy rayonu Qarasüleymanlı kəndində anadan olub. O, 1991-ci ildən Goranboy rayonu ərazisində bölük komandiri kimi düşmənə qarşı döyüşlərdə iştirak edib, həmin il dekabrın 9-da Todan kəndi uğrunda döyüşə rəhbərlik edib, onlarla erməni yaraqlısını məhv edərək kəndi düşməndən təmizləyib, sonra Mənəşli, Erkəc, Rus Borisi, Erməni Borisi, Qaraçinar, Talış kəndləri uğrunda qəhrəmanlıqla vuruşub, onun rəhbərlik etdiyi batalyon keçmiş Şaumyan rayonunun erməni quldurlarından təmizlənməsində, Ağdərənin azad edilməsində xüsusi fərqlənib. Ehtiyatda olan polkovnik-leytenant Məhəmməd Həsənov hazırda Goranboy rayonu Veysli kənd orta məktəbində direktor vəzifəsində çalışır.

 

11 avqust Milli Qəhrəman Əli Məmmədovun doğum günüdür

Əli Hüseyn oğlu Məmmədov 1955-ci il avqustun 11-də Naxçıvan şəhərində anadan olub. O, 1992-ci ilin əvvəlində polis zabitikimi döyüş bölgələrində olub, Qarabağın müxtəlif bölgələrində döyüşlərdə qəhrəmanlıqla vuruşub, 1992-ci il sentyabrın 24-dən oktyabrın 1-dək Laçın rayonu ərazisindəki Qızartı yüksəkliyi uğrunda döyüşlərdə fədakarlıq göstərib, yaralıların döyüş meydanından çıxarılması üçün şəraiti təmin edib, son nəfəsinədək vuruşub və qəhrəmanlıqla həlak olub.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakıdakı küçələrdən biri onun adını daşıyır.

 

12 avqust Milli Qəhrəmanlar Fəxrəddin Cəbrayılov və Sərdar Səfərovun doğum günüdür

Fəxrəddin Mövsüm oğlu Cəbrayılov 1958-ci il avqustun 12-də Qərbi Azərbaycanın Gorus şəhərində anadan olub. O, peşəkar zabit kimi 1992-ci ilin oktyabrında əlahiddə motoatıcı batalyonunun komandiri təyin edilib, bir il sonra isə motoatıcı alayın komandiri vəzifəsinə keçib. 1993-cü ilin dekabrında Beyləqan, 1994-cü ilin fevralında Füzuli və Kəlbəcər istiqamətlərində briqada komandiri kimi xüsusi bacarıq və mərdlik nümayiş etdirib. O, hazırda polkovnik rütbəsində Milli Ordu sıralarında xidmətini davam etdirir.

 

 

Sərdar Mədət oğlu Səfərov 1960-cı il avqustun 12-də Kəlbəcər şəhərində anadan olub. O, polis (milis) zabiti kimi cəbhənin müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib, 1991-ci il sentyabrın 25-də Əsgəran rayon ərazisində erməni terror aktının qarşısının alınması ilə bağlı əməliyyatda iştirak edib. Oradan qayıdarkən “Ağa körpüsü” deyilən yerdə erməni yaraqlılarının hücumuna məruz qalıb, döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olub.

Kəlbəcərdə dəfn edilib. Adına Kəlbəcər şəhərində küçə var.

 

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button