QARABAĞ AZADLIQ TƏŞKİLATI TƏQDİM EDİR:

Qəhrəmanlar unudulmur!

19 avqust Milli Qəhrəman Hidayət Rüstəmovun doğum günüdür

Hidayət Eldar oğlu Rüstəmov 1970-ci il avqustun 19-da Ağdam rayonu Xıdırlı kəndində anadan olub. O, 1991-ci ildən Ağdam rayonunuda polis (milis) çavuşu kimi çalışıb, döyüşlərdə rəşadət göstərib, həmin il dekabrın 23-də Meşəli kəndinin dinc sakinlərini düşmən hücumundan xilas etmək üçün köməyə gedib, tək başına düşmənin böyük qüvvələrinin qarşısını alıb, istehkam etdiyi evdə son nəfəsinədək vuruşub və qəhrəmancasına həlak olub.

Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

26 avqust Milli Qəhrəman Eldar Məcidovun doğum günüdür

Eldar Tofiq oğlu Məcidov 1965-ci il avqustun 26-da Bakı şəhərində anadan olub. O, 1992-ci ilin martında könüllü olaraq cəbhəyə gedib, döyüş maşınının (PDM) komandiri kimi xidmətə başlayıb, Şuşaətrafı kəndlərin müdafiəsində fədakarlıq göstərib, 1992-ci il mayın 15-də Zarıslı kəndində düşmənə qarşı axıra qədər vuruşub, yoldaşlarını xilas edərkən yaralanıb, xəstəxanaya çatdırılıb, lakin həyatını xilas etmək mümkün olmayıb.

Bakı şəhərində, Şəhidlər Xiyabanında dəfn edilib. Yaşadığı binaya xatirə lövhəsi vurulub.

20 avqust Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür

Fazil Umud oğlu Mehdiyev 1966-ci il avqustun 20-də Laçın rayonu Ələçi kəndində anadan olub, körpə vaxtında ailəsi ilə birlikdə Ağdam rayonuna köçüb. O, 1990-cı ildən Ağdam rayonunda polis (milis) sıralarına daxil olub, Ağdam, Ağdərə və digər istiqamətlərdə rəşadətlə vuruşub, düşmənin xeyli canlı qüvvəsini, texnikasını məhv edib, 1991-ci il sentyabrın 24-də Ağdamın Abdal-Gülablı kəndi yaxınlığındakı döyüşdə faciəli surətdə həlak olub. Ağdamın Qarağacı qəbiristanlığında dəfn edilib.

Bakının Nəsimi rayonunda büstü qoyulub, şəhərin küçələrindən biri onun adını daşıyır.

    16 avqust Milli Qəhrəmanlar Aslan Atakişiyev və İsgəndər Aznaurovun doğum günüdür

Aslan Qabil oğlu Atakişiyev 1953-cü il avqustun 16-da Qubadlı rayonu Muradxanlı kəndində anadan olub. O, 1992-ci ilin yanvarında Milli Ordu sıralarına daxil olub, leytenant rütbəsi alaraq tabor komandirinin müavini təyin edilib, Laçın rayonunun Səfyan, Mazutlu, Türklər, Fərəcan, Suarası və digər kəndlərinin müdafiəsində mərdliklə vuruşub, Susuzluq yüksəkliyi uğrunda döyüşdə (7 avqust 1992-ci il) son nəfəsinə qədər vuruşub, düşmənin əlinə keçməmək üçün axırıncı gülləni öz ürəyinə sıxıb.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

 İsgəndər Söhrab oğlu Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistanın Buxara vilayətində anadan olub, 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycanın Şəmkir rayonu Kür qəsəbəsinə köçüb. O, 1992-ci ilin aprelində könüllü olaraq Milli Ordu sıralarına daxil olub. N saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edilib, baş leytenant kimi Gədəbəy bölgəsində vuruşub, əfsanəvi qəhrəman kimi ad çıxarıb, onun səyi ilə Şınıx istiqamətində düşmən mövqelərinə ağır zərbə vurulub, düşmənin ondan artıq topu sıradan çıxarılıb, Nazdıxanyal döyüşündə əsil qəhrəmanlıq göstərib, şəxsi nümunəsi ilə düşməni geri çəkilməyə məcbur edib, 1993-cü il aprelin 18-də növbəti döyüşlərin birində qəhrəmanlıqla həlak olub.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Onun adına Şınıx qəsəbəsində “İsgəndər Qalası” var, Kür qəsəbəsində 1 saylı orta məktəb onun adını daşıyır, məktəbin girişində büstü qoyulub, 2 saylı məktəbdə isə “Xatirə guşəsi” yaradılıb.

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button