Qarabağ Komitəsi Mehman Hüseynovla bağlı bəyanat verdi-MƏTN

Bu gün Qarabağ Komitəsinin toplantısı olub və toplantıda Mehman Əliyevin aclıq aksiyasından və digər siyasi məhbuslara qarşı baş verən proseslərdən bəhs edən bəyanat qəbul edilib. Xural.com Qarabağ Komitəsinin mətbuat xidmətindən redaksiyaya daxil olan bəyanatı təqdim edir:

“Qarabağ Komitəsi tanınmış milli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınmış Mehman Hüseynovla bağlı yaranmış vəziyyətdən narahatlıq ifadə edir. Məlumdur ki, Mehman Hüseynov müstəqil fəaliyyət göstərən bloggerdir və cəzaçəkmə müəssisəndə həbsdədir. Mehman Hüseynovun həbsinin onun peşə fəaliyyəti, yüksək vəzifəli məmurların korrupsiya əməlləri haqqında jurnalist təhqiqatları və ifşaedici materiallar dərc etməsi ilə bağlı sifarişli təqib aktı, barəsindəki məhkəmə hökmünün qanunsuz və əsassız olması barədə cəmiyyətdə geniş yayılmış rəy mövcuddur. Son dövrdə siyasi məhbus kimi tanınan şəxslər barədə Mehman Hüseynov nümunəsində olduğu kimi, azad olmalarına az bir müddət qalmış əsaslılığı açıq-aşkar şübhə doğuran ittihamlar əsasında cəzaçəkmə müəssisələrində yeni cinayət işlərinin açılması cəmiyyətin vicdanında divantutma kimi dəyərləndirilir və narazılığa səbəb olur. Vətəndaşlarımıza qarşı bu tipli ədalətsiz və qanunsuz hərəkətlər ictimaiyyətin etirazlarına səbəb olmaya bilməz və Qarabağ Komitəsi bu etirazlarla həmrəydir.
Qarabağ Komitəsi qeyd edir ki, siyasi motivli cəzalar hesab edilərək beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınmışların problemi özü-özlüyündə insan hüquq və azadlıqlarına əməl edilmə baxımından hər bir sivilizasiyalı cəmiyyət üçün dözülməz olmaqla yanaşı, həm də müharibə vəziyyətində olan Azərbaycanın haqlı mübarizəsi, o cümlədən Qarabağın işğaldan azad edilməsi istiqamətində aparılan iş üçün olduqca zərərli təsir göstərir və düşmən tərəfindən geniş şəkildə istifadə olunur. Siyasi məhbus problemi ərazi bütövlüyümüzün bərpası üçün zəruri olan vətənpərvərlik mühitinin möhkəmlənməsi, cəmiyyətin vətən müharibəsinə səfərbər olunması, daxili ziddiyyətlirin zəiflədilməsi, milli birlik və vəhdətin bərqərar olunmasına ciddi maneçilik törədir və bununla milli təhlükəsizliyimizə zərbə vurur.
Deyilənləri nəzərə alaraq Qarabağ Komitəsi ölkə rəhbərliyini siyasi məhbus problemini əsaslı şəkildə həll etməyə və bunun üçün siyasi məhbus kimi tanınmış bütün şəxslərin azad olunmasına çağırır.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button