Qarabağ Komitəsi xalqa və dünya azərbaycanlılarına müraciət etdi: “Milli müqavimət hərəkatına başlamağın vaxtıdır!”

Bu gün (artıq dünən – red.) Qarabağ Komitəsi keçirdiyi toplantıda Azərbaycan xalqına və dünya aəzrbaycanlılarına müraciət edib. Xural.com-a daxil olan müraciəti təqdim edirik:

 

“Ermənistanın silahlı təcavüzünun genişlənməsi ilə bağlı Qarabağ Komitəsinin Azərbaycan xalqına və bütün dünya azərbaycanlılarına

Müraciəti

Əziz həmvətənlər və soydaşlar,
Ermənistan rəhbərliyi bir neçə gün əvvəl, 29.03.2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilmiş danışıqlardan dərhal sonra 30.03.2019-cu il tarixində işğal olunmuş ərazilərin genişmiqyaslı və sürətli məskunlaşdırılması, “yeni müharibə”, “yeni ərazilər”, “döyüş əməliyyatlarının düşmən ərazilərinə keçirilməsi” formulaları ilə ifadə edilən doktrinasını rəsmən elan etmişdir.
Qarabağ Komitəsi hesab edir ki, Ermənistan müdafiə nazirliyinin açıqlamalarından sonra AR XİN-in “Müdafiə nazirinin çıxışı kontekstində Ermənistan ali rəhbərliyinin şərhlərini eşitmək istərdik: Nazir bu çıxışını Ermənistan rəhbərliyinin razılığı əsasında edibmi, yoxsa bu, nazirin ən azından danışıqların mahiyyətini və nəticədə qəbul edilmiş birgə bəyanatı şübhə altına alan şəxsi improvizasiyasıdırmı?” kimi şərhlə çıxış etməsi tam bir çaşqınlığın ifadəsi və Azərbaycan dövləti adına rəzalət olmuşdur. Belə ki, bundan dərhal sonra Ermənistanın baş naziri həmin bəyanatların onunla razılaşdırıldığı və müdafiə naziri bu məsələrə dair başqa məzmunda açıqlama verərdisə, onun istefaya göndəriləcəyini bəyan etmişdir.
Ermənistan baş nazirinin aşağılayıcı, həyasız bəyanatından sonra da Azərbaycan XİN “Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin “yeni ərazilər tutmaq üçün yeni müharibə” formulunu təqdim etməsi tamamilə qəbuledilməzdir. Hesab edirik ki, bu kimi addımlar iki ölkə rəhbərləri səviyyəsində baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir… Təkrar edirik ki, bu kimi təxribatlar uzun illər ərzində aparılan danışıqlar prosesini və ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini ciddi sual altına qoyur. Vurğulamaq istərdik ki, belə təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir”, – kimi içi boş açıqlama ilə kifayətlənmişdir.
Qarabağ Komitəsi həmçinin dövlət başçısı İlham Əliyevin bu hadisələrdən sonra effektiv, konkret siyasi mövqe ilə çıxış etmək, təsirli, nəticəli tədbirlər görmək əvəzinə, Vyana görüşünün nəticələrini uğur kimi təqdim etməkdə davam etməsini ən yumşaq şəkildə ifadə olaraq anşılmazlıq və situasiyaya qeyri adekvatlıq hesab edir. Qarabağ Komitəsi hesab edir ki, ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal olunmuş torpaqların azad edilməsi və Ermənistanın təcavüzünün digər nəticələrini aradan qaldırmaq istiqamətində hər nəticəsiz görüşdən sonra belə danışıqların davam etdirilməsinin Azərbaycan tərəfəndən pozitiv dəyərləndirlməsi yol verilməzdir. Belə ki, hər bu cür nəticəsiz danışıqlar mövcud status kvonun saxlanmasına, işğalın əbədiləşdirilməsinə və möhkəmləndirilməsinə xidmət edir və təcavüzkar Ermənistanın yeni-yeni işğal planlarını stumullaşdırmağa həvəsləndirir. Vyana görüşlərindən sonra biz bunu müşahidə edirik. Odur ki,Qarabağ Komitəsi Azərbaycan rəhbərliyinin 29 mart Vyana danışıqlarını “pozitiv və konstruktiv, danışıqlara yeni impuls verən hadisə” kimi təqdim etməsini, habelə yeni müharibə – yeni ərazilər doktrininə münasibətdə nümayiş etdirdiyi mövqeyi təslimçilik kimi dəyərləndirərək pisləyir və qəti etirazını bildirir.
Qarabağ Komitəsi xatırladır ki, Ermənistanın “yeni müharibə – yeni ərazilər” planı elan edildikdən sonra, 01.04.2019- cu il tarixində fövqəladə toplantı keçirərək bunu Azərbaycana qarşı rəsmi müharibə elanı kimi dəyərləndirmiş, Azərbaycan rəhbərliyindən atəşkəs rejiminin möhkəmləndirilməsinin vacibliyi haqqında sənədə imza atmış AR XİN E.Məmmədyarovun istefaya göndərilməsini, təcavüzə qarşı təsirli tədbirlər görülməsini, o cümlədən hərbi səfərbərlik elan ediməsi, konüllü özünümüdafiə dəstələrinin yaradılmağa başlanmasını, ATƏT Minsk qrupu çərçivəsində nəticəsiz danışıqları dayandırmaq barədə müzakirələrə başlamağı, qoşunların təmas xəttində atəşkəs reyiminin bəyan edilən müəyyən müddətdən sonra uzadılmayacağını elan etməyi, ölkənin bütün insan, maddi, hərbi resurslarının düşmən üzərində qələbəyə yönəldilməsini, düşmənə qarşı silahlı qüvvələrdən istifadə olunmaqla antiterror, özünümüdafiə və təcavüzkarı sülhə məcburetmə əməliyyatlarına başlamağı, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma yerlərinə zərbələr endirilməsini, hava məkanımıza icazəsiz daxil olan düşmən təyyarələrinin vurulmasını, bunun üçün zəruri olan milli birliyin və həmrəyliyin yaradılması üçün addımlar atılmasını tələb etmişdi.
Qarabağ Komitəsi ciddi təhdidlə üz-üzə olduğumuzu həyəcanla bildirir və xalqa, hər bir Azərbaycan vətəndaşına, 50 milyonluq soydaşımıza müraciət edir: “Qarabağ uğrunda, işğal olunmuş torpaqlarımız uğrunda, hər birimizin təhlükəsizliyi uğrunda, şərəf və namus uğrunda, dövlətçiliyimiz, müstəqilliyimiz və suverenliyimiz uğrunda hamımızın başı üstündə olan təhlükəyə qarşı, təslimçiliyə qarşı, dost olmayan beynəlxalq güclərin təzyiqinə qarşı, düşmənə qarşı milli müqavimət hərəkatına başlamağın vaxtıdır!”
Hər yer Qarabağ, hər gün Qarabağ! Hər kəs, hər şey Qarabağ üçün! 

03.04.2019 
Qarabağ Komitəsinin ümumi toplantısında qəbul olunmuşdur.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button