Qarabağ Komitəsi 20 aprelə mitinq təyin etdi

Qarabağ Komitəsi bugünkü toplantısına Kəlbəcər şəhidlərinin və 2016-cı il aprel döyüşləri şəhidlərinin xatirəsinə sayğı duruşu ilə başladı.
Aralarında 80-cı illərin sonu 90-cı illərin əvvəllərində milli azadlıq və demokratiya uğrunda xalq hərəkatının tanınmış nümayəndələrindən, VHP-nin sədr müavini Yusif Salmansoy olmaqla 3 nəfər yekdilliklə (ADP üzvü Daşqın Nuriyev və KXCP fəalı Adil Mikayıllı) Komitəyə üzv qəbul edildi.
Daha sonra Qarabağ Komitəsinin üzvü, jurnalist Sevinc Sadıqovaya qarşı Prezident Administrasiyasının qarşısında peşə fəaliyyəti göstərən zaman polis zorakılığı tətbiq edilməsi, bu yaxınlarda əfvlə azadlığa çıxmış “Heykəl məhbusu” Bayram Məmmədovun əsassız ittihamlarla inzibati həbsə məruz qalması, sərbəst toplaşma azadlığına məhdudiyyət aktları pislənildi və şiddətlə qınanıldı. Müzakirələrdə hüquq və azadlıqların əsassız pozulması hallarından düşmənin Qarabağ münaqişəsi ətrafındaa dünya ictimai rəyində öz maraqlarına uyğun manipulyasiya vasitəsi kimi istifadə etdiyinə diqqət cəlb edildi və Komitənin bu məsələlərə rəy bildirməsinin bununla bağlı vacib olduğu qeyd edildi.
Toplantı Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün genişlənməsi, yeni yaranan hərbi-siyasi situasiyanı geniş müzakirə etdi və bu haqda Azərbaycan xalqına və dünya Azərbaycanlılarına müraciət qəbul etdi.
Toplantı 20 aprel tarixinə növbəti Qarabağ mitinqinin keçiriməsi barədə qərar qəbul etdi və bu barədə Bakı şəhər İcra Hakimiyyətinə qanunvericiliyə müvafiq müraciət edilməsini İdarə Heyətinə tapşırdı.

KXCP sədri Mirmahmud Mirəlioğlunun sədrlik etdiyi toplantıda Pənah Hüseyn, İxtiyar Şirin, Əvəz Zeynallı, İlham İsmayıl, Sahil Kərimli, Sahib Musayev, Şakir Abbasov, Yusif Süleymanlı, Elman Abbasov, Ənvər Ağazadə, Nizami Əlibəyli, Elşən Həsənov və digərləri gündəmdə duran müxtəlif məsələlərlə bağlı çıxışlar edib öz münasibətlərini bildirdilər.
Toplantı dövlət himninin oxunması ilə başa çatdı.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button