Qarabağ Komitəsi antiterror əməliyyatının başlanmasını tələb  etdi-ƏSASNAMƏ

Qarabağ Komitəsi “Xural” informasiya portalının, digər internet saytlarının bağlanması, onlara qarşı təzyiq və təhdiqlərin göstərilməsini qətiyyətlə pisləyib, bu addımların Qarabağın azadlığı işinə, Qarabağ naminə informasiya müharibəsinə, saxta erməni təbliğatının ifşa olunması işinə zərbə vurduğunu bildirib, bu antimilli hərəkətlərə son qoyulmasını tələb edib

 

Qarabağ Komitəsinin iclasında əvvəlcə təşkilati məsələlərə baxılıb, Milliyyətçi Hərəkat Partiyasının sədri Valeh Qaramanlı, Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri İlqar Əli, tədqiqatçı alim Nazim Tapdıqoğlu Komitəyə yeni üzv qəbul olunublar.

Sonra Qarabağ Komitəsinin Füzuli və Cəbrayılın işğal günü, Prezidentdən Qarabağın azadlığına dair açıqlamanın verilməsi tələbi, yaxın aylar ərzində aksiyaların keçirilməsi və digər məsələlərlə bağlı qərarlar qəbul edib.

Qarabağ Komitəsi “Xural” informasiya portalının, digər internet saytlarının bağlanması, onlara qarşı təzyiq və təhdiqlərin göstərilməsini qətiyyətlə pisləyib, bu addımların Qarabağın azadlığı işinə, Qarabağ naminə informasiya müharibəsinə, saxta erməni təbliğatının ifşa olunması işinə zərbə vurduğunu bildirib, bu antimilli hərəkətlərə son qoyulmasını tələb edib.

İclasda həmçinin Qarabağ Komitəsinin Əsasnaməsi, müzakirə olunub. Müzakirələrdə Komitə üzvləri Akif Nağı, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Firidun Məmmədov, Vaqif Əlisoy, Əvəz Zeynallı, Şakir Abbas, Təranə Səfərsoy, İlqar Əli, Valeh Qaramanlı, Nazim Tapdıqoğlu və digərləri çıxış edərək Komitənin məram və məqsədlərinə, strukturuna, fəaliyyət prinsiplərinə dair təkliflərini veriblər. Sonda Əsasnamə qəbul olunub. Əsasnamədə göstərilir:

 

Qarabağ Komitəsinin Əsasnaməsi

 

1. Qarabağ Komitəsi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ, onun ətrafındakı 7 rayon və digər ərazilərinin dərhal azad olunması tələbinin davamlı, ardıcıl və fasiləsiz olaraq gündəmdə saxlanılması, torpaqlarımızın işğaldan azad edilməsinə hərtərəfli dəstək verilməsi məqsədilə yaradılır.

2. Qarabağ Komitəsi Azərbaycan hakimiyyətindən torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa olunması üçün Konstitusiyanın onun üzərinə qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində dərhal, təcili və təsirli addımlar atılmasını, o cümlədən, silahlı qüvvələrdən istifadə etməklə özünümüdafiə, antiterror əməliyyatlarının başlanılmasını tələb edir.

3. Qarabağ Komitəsi hakimiyyətin qarşısında “Qarabağı ya azad et, ya get!” şüarını irəli sürür. Komitə Azərbaycan cəmiyyətinin bütün təbəqələrini – ziyalıları, siyasi partiyaları, ictimai təşkilatları, vətəndaş cəmiyyətini, KİV-i, gənclər təşkilatlarını Qarabağ məsələsini ümummilli məsələ kimi cəmiyyətin gündəminə gətirilməsinə nail olmağa, fəallaşmağa çağırır.

4. Qarabağ Komitəsi beynəlxalq təşkilatlardan və aparıcı dövlətlərdən Qarabağın işğalı məsələsi ilə bağlı ədalətli mövqe tutmağı, işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq etməyi, Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasının təmin olunmasını, ərazi bütövlüyünə dəstək verilməsini, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin yerinə yetirilməsini tələb edir.

5. Qarabağ Komitəsi Azərbaycanda fəaliyyət göstərən siyasi, ictimai qurumların təmsilçilərindən, Qarabağ döyüşçüləri, qaçqın və məcburi köçkünlər, ictimai xadimlər, elm adamları və digərlərindən ibarət olmaqla kollektiv və fərdi üzvlük əsasında formalaşdırılır.

6. Qarabağ Komitəsinin cari işləri koordinatorlar qrupu tərəfindən həyata keçirilir. Koordinatorların sayı Qarabağ Komitəsinin ümumi toplantısında müəyyən edilir və seçilir. Koordinatorlar Qarabağ Komitəsinin adından təmsilçilik hüququna malik deyil. Koordinatorlar növbəlilik əsasında Qarabağ Komitəsinin iclaslarına sədrlik edir, protokolu tərtib edir, qərarların icrasına nəzarət edir və digər işləri həyata keçirirlər.

7. Qarabağ Komitəsinə yeni üzvlər koordinatorlar qrupunun təqdimatı əsasında Qarabağ Komitəsinin ümumi toplantısında qəbul olunur. Üzvlükdən çıxarılma da həmin qaydada həyata keçirilir.

8. Qarabağ Komitəsinin və koordinatorlar qrupunun ümumi toplantıları üzvlərin 1/3 hissəsi iştirak etdikdə səlahiyyətli sayılır.

9. Qarabağ Komitəsinin ümumi toplantıları bir qayda olaraq həftədə bir dəfədən az olmayaraq keçirilir. Növbədənkənar toplantılar Qarabağ Komitəsinin koodinatorlar qrupunun qərarı ilə keçirilə bilər.

10. Qarabağ Komitəsinin və koordinatorlar qrupunun qərarları toplantıda iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul olunur.

11. Qarabağ Komitəsi üzvlərin 3/4 səs çoxluğu ilə buraxıla bilər.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button