Qarabağ Komitəsi İlham Əliyev-Nikol Paşinyan görüşü haqda bəyanat verdi: “Narahatıq!”

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın görüşü barədə Qarabağ Komitəsi dünənki növbədənkənar toplantısında bəyanat verib. Xural.com-a daxil olan bəyanatda deyilir:

“Qarabağ Komitəsi sentyabrın 28-də Düşənbə şəhərində MDB dövlət başçılarının sammitində İlham Əliyev və Nikol Paşinyan arasında görüş və bu görüşdə əldə olunmuş razılıqlarla bağlı yayılan məlumatlardan narahatlıq ifadə edir və Azərbaycan rəhbərliyindən tələb edilir ki, bu məsələyə aydınlıq gətirsin.
Belə ki, Ermənistanda bu görüşün nəticələri barədə bəhs edilərkən Paşinyana istinadən bildirilir ki, sərhəddə atəşkəs rejiminin möhkəmləndirilməsi barədə açıqlamalar verilir və bu zaman sərhəd anlayışı altında işğal olunmuş ərazilərdən keçən təmas xətti təqdim edilir. Azərbaycan rəsmilərinin buna reaksiya verməməsi, movqe bildirməməsi təəccüb doğurmaya bilməz.
İlham Əliyev və Nikol Paşinyanın həyətdə, ya liftdə baş tutan görüşü elə bir vaxtda keçirildi ki, işğal olunmuş ərazilərdə erməni silahlı qüvvələrinin irimiqyaslı təlimləri gedir, Azərbaycan səmasında erməni hərbi təyyarələri cövlan edir, Paşinyan BMT tribunasından cəmi bir neçə gün əvvəl Naxçıvana iddia səsləndirir, 1 milyon qaçqın yurdsuz-yuvasız qalmaqda davam edir, ancaq hər gün Kəlbəcər, Cəbrayıl, Qubadlı, Laçın və s. ərazilərimiz xaricdən gətirilən ermənilər tərəfindən məskunlaşdırılır. Azərbaycan xalqı antiterror əməliyyatı, məskunlaşdırma siyasətinə qarşı təsirli tədbirlər görülməsini, Azərbaycan səmasındakı erməni qırıcılarını vurmağı tələb etdiyi bir məqamda İlham Əliyev Paşinyana hansı vədlər verib, hansı razılıqlara gəlib ki, Paşinyan Yerevana qayıtdıqdan sonra “mən bu görüşdən sonra ilk gecədir ki, rahat yatdım” açıqlamasın verir?
Qarabağ Komitəsi hesab edir ki, xalqın BMT nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququna istinad edərək vətən müharibəsinə kökləndiyi bir vaxtda atəşkəs rejiminin davam edəcəyi, mökəmləndiriləcəyi haqqında söz-söhbətlər işğalın əbədiləşdirilməsinə xidmət edir və yolverilməzdir.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button