“Qarabağ məhbusları”ndan biri ilə bağlı qərar ləğv olundu

Yayımlandı: 29 İyun 2022 20:23

Vəkil işin Avropa Məhkəməsinə də göndəriləcəyini deyir

İyunun 29-da Ali Məhkəmədə iki il əvvəl – 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Bakıdakı Qarabağa və Milli Orduya dəstək yürüşündən sonra həbs olunan AXCP fəallarından daha dördünün – Ceyhun Novruzov, Telman Seyfullayev, Gündüz Mirzəyev və İsmayıl Həsənovun şikayətinə baxılıb.

Onlar şərti cəza verilməsinə baxmayaraq, barələrindəki hökmlə razı deyillər.

Kassasiya şikayətlərində də ittiham hökmünün ləğv olunması və onlar haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş ediblər.

İyunun 29-da hakim Tahir Kazımovun sədrliyilə keçirilən məhkəmə iclasının nəticəsi olaraq, yalnız Telman Seyfullayevin şikayəti qismən təmin edilib.

Onun haqqındakı hökmün qüvvədə saxlanması haqda qərar ləğv edilib.

İş təkrar araşdırılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb.

Qalan üç nəfərin kassasiya şikayəti isə ümumiyyətlə təmin olunmayıb.

“Qarabağa dəstək” yürüşündən sonra 36 nəfər həbs olunmuşdu ki, onların da 14 nəfəri AXCP üzvləri idi.

Aralarında AXCP rəhbərliyinə daxil olan şəxslər, o cümlədən partiyanın Rəyasət Heyətinin üzvləri – Qarabağ əlili Asif Yusifli, Ayaz Məhərrəmli, Məmməd İbrahim və başqaları var idi.

Onların əksəriyyəti də bundan əvvəl kassasiya şikayəti verib, lakin təmin edilməyib.

Artıq Ali Məhkəmədən “yox” cavabı alan cəbhəçilər Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklər. Çünki Ali Məhkəmə ölkə daxilində son hüquqi müdafiə vasitəsidir.

İsmayıl Həsənov və Gündüz Mirzəyevin vəkili Əsabəli Mustafayev Meydan TV-yə bildirib ki, müvəkkilləri haqqında Ali Məhkəmənin qərarını alandan sonra Avropa Məhkəməsinə şikayət göndəriləcək.

Şərti olaraq, “Qarabağ məhbusları” adlandırılan bu şəxslər haqqında ilkin həbs qərarından şikayətlər xeyli vaxtdır ki, Avropa Məhkəməsinə göndərilib.

“İndi isə işin mahiyyəti üzrə hökmdən şikayət verəcəyik”, – vəkil bildirib.

“Qarabağa və orduya dəstək” yürüşündən sonra həbs edilənlərə qarşı Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (özgə əmlakını zədələmə və ya məhvetmə), 233 (ictimai asayişin pozulması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq) maddələrilə ittiham irəli sürülüb.

Onlar təxminən 5 ay həbsdə saxlanıldıqdan sonra ev dustaqlığına buraxılıb.

Təqsirləndirilən şəxslər, o cümlədən AXCP üzvləri yürüş zamanı Milli Məclisin binasına qanunsuz daxil olma, binaya və oradakı əşyalara ziyan vurma, ərazidə polis avtomobilinin aşırılması və s. əməllərdə ittiham edilib.

Məhkəmə onları təqsirli bilsə də, Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiqini məqsədəuyğun hesab edib.

Bu gün Ali Məhkəmədə işinə baxılan 4 nəfərdən İsmayıl Həsənova 4 il, Ceyhun Novruzova 3 il 9 ay, Telman Seyfullayevə 3 il 6 ay, Gündüz Mirzəyevə isə 3 il 2 ay şərti cəza verilib.

Onların hər birinə 2 il 6 ay sınaq müddəti təyin olunub.

Onlar özlərini təqsirli bilmir, AXCP-yə qarşı növbəti repressiya dalğası çərçivəsində saxta ittihamla həbs edilib, cəzalandırıldıqlarını deyirlər.

“Azadlıqdan şərti məhkum etmələrin məqsədi AXCP funksionerlərinin gələcəkdə – rejimə lazım olanda həbslərini asanlaşdırmaqdır. Bu yolla ölkədə mitinqlərin qarşısını ala biləcəklərini, öz feodal idarəetmələrini sonsuza qədər davam etdirəcəklərini düşünürlər. Bu hesablamaların səhv olduğunu əlbəttə ki, xalqımız rejimə bir gün mütləq sübut edəcək”, – bunu isə AXCP sədri Əli Kərimli partiya fəalları haqqında hökmə münasibət bildirərkən deyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button