Qarabağ məsələsinin həllinə münasibətdə Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur

11.09.2012

“Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçı siyasəti nəticəsində torpaqlarımız işğal altındadır. Ermənilərin dünyadakı havadarlarının onlara verdikləri dəstəyin nəticəsində bu məsələ hələ ki, öz həllini tapa bilmir. Məsələnin həlli üçün bütün imkanlar, bütün hüquqi baza var. Beynəlxalq təşkilatlar qərarlar, qətnamələr qəbul ediblər. Dünyanın aparıcı ölkələrinin liderləri bəyanatlar veriblər ki, indiki vəziyyət dözülməzdir və vəziyyət dəyişdirilməlidir, status-kvo dəyişdirilməlidir. Ancaq əfsuslar olsun ki, Ermənistan bu çağırışlara biganə qalır və beynəlxalq ictimaiyyət də onlara kifayət qədər güclü təzyiq və təsir göstərmir. Məsələnin həll olunmamasının səbəbi də məhz bundan ibarətdir”. Sentyabrın 9-da Şəkidə 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimdə iştirak edən prezident İlham Əliyev belə deyib.

“Media forum” saytının məlumatına görə, dövlət başçısı qeyd edib ki, məsələnin həllinə münasibətdə Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur: “Biz tutduğumuz yoldan dönməyəcəyik. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. İşğal edilmiş bütün torpaqlardan işğalçılar çıxarılmalıdır və çıxarılacaqdır, Azərbaycan vətəndaşları öz doğma torpağına qayıtmalıdırlar və qayıdacaqlar. Hazırda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarından kənarda yerləşən bölgələrə və Dağlıq Qarabağa, Xankəndiyə, Şuşaya bizim soydaşlarımız qayıdacaqlar. Mən buna əminəm, buna inanıram və mənim inamımı gücləndirən kifayət qədər çox amillər var: beynəlxalq hüquq, Azərbaycanın iqtisadi qüdrəti, bizim hərbi potensialımız və siyasi müstəvidə Azərbaycanın artan çəkisi”.

Prezident İlham Əliyev zabit Ramil Səfərovdan da söz açıb: “NATO-nun baş katibi bir neçə gün bundan əvvəl Bakıda idi və mətbuat konfransında mən məsələnin hüquqi tərəfinə toxundum. Bunu siz bilirsiniz. Azərbaycan dövləti götürdüyü beynəlxalq öhdəliklərə sadiqdir. Biz Ramil Səfərovu Avropa Konvensiyası əsasında Azərbaycana gətirdik və o, Azərbaycan Konstitusiyası əsasında əfv edildi. Mən orada bir sözü də dedim: əsas məsələ ondadır ki, Azərbaycan öz zabitini Vətənə qaytardı.

Baxın, bundan sonra bizə qarşı nə qədər təzyiqlər və ittihamlar başladı. Ermənilər, dünyanın erməni lobbisi hay-küy qaldırdılar. Mən bir neçə ay bundan əvvəl təsadüfən deməmişdim ki, bizim əsas düşmənimiz erməni lobbisidir. Bunlar indi Azərbaycana qarşı nə qədər çirkin kampaniya aparırlar. Onların himayəsində olan rüşvətxor, riyakar, satılmış senatorlar, bəzi beynəlxalq qurumların rəhbərləri, bəzi siyasətçilər indi Azərbaycana əsassız ittihamlar irəli sürürlər. Axı bu ittihamların əsası yoxdur. Hər şey qanun çərçivəsində, Avropanın qəbul etdiyi konvensiyalar çərçivəsində edilib.

Amma görün Avropa Şurasının baş katibi nə deyib. Bu adam ki, bunun vəzifəsi humanizmi təcəssüm etdirməkdir, bunun vəzifəsi insan hüquqlarının qorunmasıdır. Avropa Şurası dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb. Mən bunu yaxşı bilirəm. Çünki üç il Avropa Şurasındakı nümayəndə heyətinə başçılıq etmişəm. Təkidlə təzyiq edirdilər ki, biz cinayətkarları azadlığa buraxaq. Mən xatırlayıram, onların arasında bir cinayətkar var idi ki, Avropa Şurasının təkidi ilə azadlığa buraxıldı. Ondan bir neçə ay sonra yenə cinayət törətdi, bütöv bir ailəni qətlə yetirdi. Deməli, ata, ana və kiçikyaşlı qız uşağını qətlə yetirdi. Həmin bu Avropa Şurası ki, bunun azadlığa çıxmasını tələb edirdi, indi də məni ittiham edir ki, Ramil Səfərovu niyə əfv etmişəm. Həmin o adamın vətənindən olan Breyviq 80-ə yaxın adamı qətlə yetirdi, 21 il iş verdilər. Hər bir ölənə elə bil ki, 3 ay cəza düşür. Elə şey olarmı? Ona görə niyə səsini çıxarmır?

Yaxud da bir ermənipərəst senator var Menendez. Qatı antiazərbaycan, islamafob, ermənipərəst bir adamdır. Onun son əməli ondan ibarətdir ki, Amerikanın Azərbaycandakı əvvəlki səfirinin vaxtının uzadılmasına yol vermədi, onun namizədliyinin qarşısını aldı. İki səbəbə görə. Birinci səbəb, Amerika səfiri qondarma “erməni soyqırımı”nı tanımır. O, heç tanımamalıdır. Çünki Amerika dövləti bunu tanımır. İkinci səbəb ondan ibarət idi ki, bu səfirin xanımı türk mənşəlidir. Axı bu, rasizmdir, bu, islamofobiyadır. Yenə də deyirəm, biz bunları bilməliyik. Amma onu demək istəyirəm ki, bunların heç biri mənim iradəmə, fikirlərimə, hərəkətlərimə təsir edə bilməz və heç vaxt təsir etməyəcək”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button