Qarabağ Qazisi Türkiyə seçicilərinə müraciət etdi: “Ərdoğana səs verin!”-MÜRACİƏT

Zeynal Məmmədov

 

Xural.com-a Azərbaycanın milli azadlıq hərəkatının aparıcı fiqurlarında olan, Dəmir Yolları tətillərinin rəhbəri, Sovet həbsxanarının məhbusu, 1990-1995 ci illər Bakı şəhər sovetinin deputatı, Qarabağ qazisi, Şuşa cəbhəsinin komandan müavini Məmmədov Zeynalabdin Akif oğlunun Türkiyə Cümhuriyyəti vətəndaşlarına müraciəti daxil olub. Müraciətdə deyilir:

“Böyük Türk millətinə, əziz soydaşlarıma müraciət etmək istəyirəm. Mən türk dünyasının ən mürəkkəb yerlərindən birində, indi Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarında, Zəngibasar mahalında, İrəvanda anadan olub böyümüşəm. Rus imperiyasının xüsusi siyasət meydanında, Türk düşmənlərinin at oynatdığı, bu ərazilərin əsil sahiblərinin sıxışdırıldığı, fiziki məhvə məhkum olunduğu bir ərazidə. Mənim yurdum Türkiyənin lap yaxınlığında, Türkiyə ilə Azərbaycanın bitişdiyi yerdə, Türklüyün ürəyində yerləşirdi. Düşmənlər bu torpaqları əlimizdən alır, iki türk ölkəsini, Türkiyə ilə Azərbaycanı bir-birindən ayırmağa, millətimizi parçalamağa, gələcəkdə yarana biləcək Birliyin bəri başdan qarşısını almağa çalışırdılar. Və nail olurdular. Bu təkcə rusların və ermənilərin arzusu deyildi. Dünyanı idarı etmək, ədaləti tamamilə məhv etmək, türklüyü çökdürmək arzusunda olan bütün dünya güclərinin planı və arzusu idi. Türk və İslam dünyasına, əslində bütövlükdə insanlığa qarşı cinayət işlənirdi. Bu ağır illərdə, həmin torpaqlarda biz hər an türk olduğumuzu və buna görə bir toplum olaraq məhvə məhkum olduğumuzu görürdük, ağrı-acıları yaşayırdıq. Lakin ümid bizi heç vaxt tərk etmirdi. Babalarımızdan eşitdiyimiz, bizim üçün çoxdan əfsanələşmiş, fövqəlinsanların toplaşdığı, dünyanın ən güclü və qəhrəman ordusuna sahib, dünyanın ən qüdrətli dövləti olan, bizim Dövlətimiz olan ümid qalamız – Türkiyə var idi. İnanırdıq ki, lap yaxınımızdakı tikanlı məftilləri bir gün Türk Ordusu dağıdıb irəli şığıyacaq, bizim yurdlarımızı düşmənlərdən təmizləyib, öz yurduna və insanına sahib çıxacaq. Sizin üçün ay-ulduzlu bayraq dövlət rəmzi idi. Bizim üçün ümid çırağı. Sizin üçün şəhidlərin qanı idi. Bizim üçün Din, İman, Məkkə, Mədinə, Vətən, Namus, Gələcək və Həyat idi.

Lakin olmadı. 1988-1989-cu illərdə türk yurdları türklərdən tamamilə təmizləndi, ərazimizdə türklüyə düşmən kəsilmiş Ermənistan möhkəmləndi, türksüzləşdi. İmdada yetən olmadı. Düşməni bütün dünya dəstəklədiyi halda, bizim səsimizə sadəcə səs verən belə olmadı. Türk əskəri, Türkiyə gəlmədi. Heç gələ də bilməzdi. Bütün ümidlərimizə baxmayaraq, əslində anlayırdıq. Ata Türkiyəmiz Ana Azərbaycana – Türküstana əl uzada bilməzdi. Çünki bizim xəyallarımızdakı dövlət deyildi. İxtiyarı öz əlində deyildi. Özü hər an təhdid altında idi. İqtisadiyyatı zəif, kəndləri bərbad, ordusu NATO-nun əmrinə müntəzir, hakimiyyətləri tez-tez dəyişən və dişsiz Türkiyə bizi xilas edə bilməzdi. Heç səsini belə çıxara, etiraz belə edə bilməzdi, özü hər an təzyiq və təhdidlər altında çabalayırdı. Sözü də, zoru da, əli də, başı da başqasından asılı və gücsüz duruma salınmış Türkiyə nə Osmanlı, nə də Atatürk Türkiyəsi idi.

Lakin bizim ümid və sevgimiz bir an belə səngimiz, zəifləmir, sönmürdü. Canımız Türkiyənin, ruhumuz Türkiyənin özünə dönəcəyi günləri gözləyirdik. Çox şükürlər olsun Rəbbimə ki, arzuladığımız Türkiyənin nəfəsini artıq hiss edirik. Bu ölkə yenidən Türklüyün və İslamın dayağı adını özünə qaytarmağa cəhd edir, iqtisaiyyatı xarici borcların məngənəsindən qurtarıb, ordusu daha da qüdrətlənib, bir güllə belə istehsal etməyə icazəsi olmayan ölkə artıq ən müassir silahları istehsal edir, yüksək texnologiya və qüdrətə sahibdir. Böyük dövlətlərin siyasi və hərbi maraqları arasında çırpınan, vaxtilə daxili düşmənlərlə hətta mübarizə səviyyəsi və qaydaları kənardan diktə edilən Türkiyə, bu gün tam müstəqil hərbi siyasət yürütmək, öz iradəsini diktə etmək, düşmənlərini nəinki daxildə, hətta xaricdə belə məhv etmək gücündə olan, bir sıra xarici dövlətlərdə hərbi bazalara sahib dövlətə çevrilməkdədir. Və bu güc, qüdrət hər gün biraz da artır.

“Dağ yaxından kiçik görsənər” deyirlər. Bəlkə də siz bu qüdrəti tam görə bilmirsiz. Lakin kənardan dağ bütün əzəməti ilə görsənməkdədir. Türkiyə hər bir türkün iftixarına, qürur yerinə çevrilib, tarixdən qazandığı yerini özünə qaytarır. Hətta bütövlükdə İslam dünyası belə yenidən, Osmanlı dövründə olduğu qüdrətə sahib lidər dövlətin doğulduğunu görür və gələcəyə daha böyük ümidlə baxır.

Mübaliğəsiz deyə bilərəm ki, bütün bu dəyişikliklərin səbəbkarı Böyük Türk Milləti olsa da, sükan arxasında xarizmatik, ağıllı, İmanlı və qeyrətli lider – Rəcəb Tayyib Ərdoğan dayanır. Məhz onun hakimiyyətə gəlişi ilə yuxarda sadaladığım uğurlar başladı. Məncə heç kimsə haqlı olduğumu inkar etməz.

Əziz və möhtərəm soydaşlarım!

Türk dünyasının dərdləri çoxdur. Azərbaycan torpaqları parçalanmış haldadır. Bizi hələ qanlı müharibələr gözləyir. İran əsasən türklərdən ibarət bir türk dövləti olmasına baxmayaraq, türklərin sıxışdırıldığı, məhv olmaq təhlükəsi qarşısında olan bir ölkə halındadır. Azərbaycanın bütövlüyü arzu olaraq qalır. Türküstan, mərkəzi Asiya bölünmüş, başqa dövlətlərin təsir və təziqləri altındadır. Şərqi Türküstan ümumiyyətlə məhvə məhkum olunub. Dünyanı islamafobiya bürüyüb, müqəddəs dinimizin adını terror, ölüm və əbədi tənəzzüllə eyniləşdirmək cəhdi davam edir. Türk-İslam dünyasının halı göz qabağındadır.

Bizim hamımızın bir ümidimiz, nicatımız, arzumuz var – Böyük və Qüdrətli Türkiyə. Güclü dövlətləri isə yalnız güclü liderlər qurub, idarə edə bilərlər. Heç şübhəsiz ki, Türk və İslam dünyasında bu gün bir böyük liderimiz var. Həm də bütün dünya liderlərinin içində seçilən biri. Bu lider məncə Rəcəb Tayyib Ərdoğandır.

Əfsus ki, mənim Türkiyədəki seçimlərdə iştirak etmək, səs vermək hüququm yoxdur. Sizin var deyə sizlərə müraciət edirəm. Yadların əks təbliğatına uymayın, başlanmış böyük yolun dayanmasına imkan verməyin. Böyük və Qüdrətli Türkiyəyə, güclü, milli, imanlı liderə – Rəcəb Tayyib Ərdoğana səs verin! Millətimiz böyük millətdir. Əminəm ki ən doğru seçimi edəcək.

Yaşasın böyük Türkiyə!

Yaşasın Bötöv Azərbaycan!

Yaşasın ucsuz-bucaqsız Türk dünyası!

Uca Yaradan yar və yardımçımız olsun!”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button