Qarabağ separatçı liderlərinin həbs müddəti yenə artırılıb

Qarabağda tanınmayan qurumun keçmiş rəhbərlərinin həbs müddəti artırılıb.

Bununla bağlı bugün, oktyabrın 11-də Azərbaycan Baş Prokurorlugu məlumat yayıb.

Prokurorluq qeyd edir ki, separatçıların “prezidentləri” olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar David Manukyan və digərləri barəsində həbs müddətinin uzadılması ilə bağlı vəsatətlərinə Binəqədi Rayon Məhkəməsində baxılıb.

“Ümumilikdə 14 nəfər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub. Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.”

Amma həbs müddətinin konkret nə qədər artırıldığı qeyd edilimir. Həmin məqamı isə, hələlik, məhkəmə və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Azərbaycan Baş Prokurorluğu bundan əvvəl, bu il mayın 15-də onların həbs müddətinin 5 ay artırıldığını açıqlamışdı. Lakin daha sonra da, iyunun 24-də baş prokuror Kamran Əliyev Xankəndidə “Mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu” mövzusunda keçirilən elmi-praktik konfransda demişdi ki, onların istintaqı başa çatıb.

İstinataqın sonrdan belə uzadılmasının səbəbini də Baş Prokurorluqdan aydınlaşdırmaq cəhdi nəticə verməyib.

Onlar terrorçuluq, qanunsuz silahlı birləşmələr yaratmaq və başqa ağır cinayətlərdə ittiham edilirlər. Onların ayrılıqda ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.

Lakin Ermənistan hökuməti separatçı liderlərin həbsini pisləyib və onların azad olunması üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Üstəlik, Bakı ötən il sentyabrın 19-20-də Qarabağda “lokal antiterror tədbirlər” elan edib. Yerevan bunu “etnik təmizləmə” kimi dəyərləndirib.

Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan Yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Lakin həmin şəxs sonradan Ermənistana getdikdən sonra bu qərardan imtina edildiyini açıqladı.

Həmin vaxt da Qarabağdan Ermənistana əhali köçü olmuşdu.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button