Qarabağ taktikası: „Bəlkə də qaytardılar?“

Elmir Mirzoyev

Son günlər rəsmi Bakının Qarabağ taktikasini dəyişməsi, yəni bu münaqişənin həlli üçün hərbi yola əl atmaqda maraqlı olmadığı haqda məlumatlar yayılır. Bunu Ukraynanın “Den” qəzetinə müsahibəsində xarici işlər nazirinin müavini Araz Əzimov deyib.  

Hələ cəmi bir neçə ay əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov müsahibəsində prezident Medvedyevin Dağlıq Qarabağ münaqişəsi üzrə müraciətinin məğzini açıqlamışdı, o zaman bu müraciətin əsas məzği, guya tərəflərin artıq razılaşmağının vaxtının çatması ilə bağlı olması idi.

O zaman hətta twitter-də Rusiya XİN kanalının məlumatında Lavrovdan “Cavab gözləyirik” kimi sitat da  gətirilmişdi. Və o zamankı müzakirələrdə ölməz Mirzə Cəlilin eyni adlı, yəni məşhur  „Bəlkə də qaytardılar“ hekayəsi  üslubuna yaxın fikirlər də səsləndirildi. Bu hekayəni yazanda çətin ki, klassikin ağlına gələydi ki, hətta qələmə alındığı zamandan az qala 100 il sonra da bu əsər bu qədər aktual olacaq.

Maraqlıdır ki, elə o zamanlarda erməni hüquq müdafiəçisi Georgi Vanyan Contact.az portalına müsahibəsində bildirmişdi: “…Cəmiyyətdə böyük nüfuza sahib olan komitənin üzvləri (Ermənistanda 1987-ci ildə yaradılmış Qarabağ komitəsi nəzərdə tutulur) bir müddət sonra həbsə alınıb Moskvaya, Lefortovoya göndərildilər. Bu 6 ayı mən KGB-yə ezamiyyət adlandırıram…”

Kifayət qədər cəsarətlə səsləndirilmiş bu həqiqət bir çox unu(t)du(ru)lmuş məqamlara aydınlıq gətirir. İri çaplı sülhməramlı rus məmurlarının uzun illər söylədikləri sözləri bu həqiqətlə tutuşdursaq, maraqlı məxrəc alınar – pişik məharətlə qurduğu tələni özü açıb siçanları azad etmək istəyirsə, bu zaman onlarla siçan-pişik oynadığına əsla şübhə qalmır.

Görəsən, niyə rəhbərlik uzun illər Ermənistana gəldiyi hərbə-zorba taktikasını dəyişmək istəyir? Bəlkə uzun illər çalınmış havanın saxta olduğunun fərqinə varıb?

Əvvəl regiondakı xırda oyunçulardan başlayaq – Ermənistanın indiki rəhbərliyi Qarabağ dalğasında, tökülmüş qanların sayəsində hakimiyyətə gəlmişlərdir, onlarla hər hansı bir sülh danışığının mümkünlüyü istisnadır. Bu adamlar həmən bölgənin təmsilçiləri kimi faktiki tək Azərbaycanın bir hissəsini deyil, bütünlüklə Ermənistanı da işğal etmiş cinayətkar bir zümrədir. Onların ictimai legitimliyinin təminatçısı tökülmüş qanlar və silah qorxusunda saxlanılan hakimiyyətdir.

Azərbaycanda da buna yaxın bir mənzərəni görürük, aydındır ki, hər iki avtoritar rejimə öz qeyri-legitim hakimiyyətlərini saxlamaq üçün xarici düşmən hava-su qədər lazımdır. Ümumiyyətlə, istənilən totalitar/avtoritar rejimə xarici düşmən obrazı mütləq gərəkdir, belə dövlətlərin “mənivi özülü” (psevdo ideologiyası) məhz bunun üzərində qurulur: Şimali Koreya və Kuba da belədir (düşmənləri Amerika), Belorus (abstrakt Qərb) və Özbəkistan da (xəyali islamçılar). Özünü regionun ağası kimi aparan Rusiyada, “Milli Lider” adlandırdıqları (yenə də heç nəyi xatırlatmır sizə?) Putini dəstəkləyən “Xalq Cəbhəsi” yaradılıb. Psevdo-hərbi ritorikanı özündə daşıyan bu qurumun sitesində “Cəbhəyə yazırlar ” linki də var. Artıq çoxdan „seçilmiş“ “Milli Lider”in „seçilməsi“ üçün ölkədəki bütün rəsmi və ictimai təşkilatlar səfərbər olunub, “Отечество в опасности” tipli təbliğatı aparılan bu “Cəbhə”yə vətəndaşların indiyədək dəstə-dəstə “axını” var. Bu planla “Milli Lider” növbəti 2012-də “seçilib” düz 2024-dək ölkəni qəsb etmək istəyən “qərb imperializm”mindən qorumalıdır, hərçənd ki, reallıqda qəsb etdikləri paraları və əziz övladlarını Rusiyada yox, məhz o “imperialistlər”in yaratdığı məkanlarda saxlamağı üstün tuturlar.

Beləliklə, məsələnin durumuna gözucu nəzər belə, problemin həlli üçün iştirakçı cəmiyyətlərdə heç bir ilkin şəraitin, hansısa bir zəminin olmadığına işarə edir. Belə olan halda qarşıdurmada bilavasitə iştirak edən iki tərəf və regionun qeyri-rəsmi ağası hazırkı status-kvonu necə deyişə bilər?

Prosesləri təhlil baxımından başqa qonşumuz Gürcüstana da nəzər salanda daha ilginc mənzərə alınır. Bir neçə ay əvvəl politoloq Mamuka Areşidze gürcü cəmiyyəti üçün tabu olan məsələni – Abxaziyanın tanınması ideyasını dilinə gətirmişdi. Onun fikrincə, bunun qarşılığında oradakı rus qoşunları çıxarılmalı və gürcü qaçqınları geri dönməli idilər. Təbii ki, rəsmi Tiflis və ümumiyyətlə, gürcü cəmiyyəti üçün bu xəyanət kimi qəbul edilmişdi, lakin maraqlısı odur ki, qarşı tərəflər – Rusiya və Suxumi da bu müraciəti böyük narahatlıqla qarşılamışdı. Rusiya üçün bu şərtlər təbii ki, tamamilə qəbuledilməzdi, abxazlar üçünsə bu “növbəti gürcü hiyləsi” idi. Beləliklə, bu adam hər tərəfdən böyük basqılara məruz qaldı, paradoksal nəticədə isə məlum oldu ki, belə bir təklif bütün tərəflər üçün yolverilməzdir – bu isə məsələnin o qədər də sadə olmadığından xəbər verir.

Gürcüstanın bu misalı bizə və qonşularımıza da maraqlı nəticələrə gəlməyə imkan verir. Əgər 2008-ci il müharibəsi bu yolun o qədər də perspektivli (ən azı o zaman üçün) olmadığının nümunəsi idisə, Areşidzenin təklifi də hazırkı vəziyyətdə bu kələfdən real çıxış yolu olmadığını sübut etdi.

Azərbaycanın məlum səbəblərdən məğlubiyyətə düçar olduğu, ermənilərin isə işğala rəğmən, heç bir müsbət nəticə əldə edə bilmədiyi bu qarşıdurmanın bədii ifadəsi Oskar Wilde dili ilə ifadə edilə bilər – həyatda yalnız iki faciə olur: biri arzuladığına nail olmaq, o biri isə olmamaqdır…

“Xural” qəzeti,

il 9, sayı: 063 (473), 18 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button